Vətəndaşları aldadan şirkət rəhbəri ilə zərərçəkənlər arasında qalmaqal –Məhkəmədə gərginlik

1 065 22-10-2019, 16:20 kriminal

Vətəndaşları aldadan şirkət rəhbəri ilə zərərçəkənlər arasında qalmaqal –Məhkəmədə gərginlikBakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşlara ipoteka ilə ev almağa yardım göstərəcəyi vədi ilə dələduzluq etməkdə təqsirləndirilən Aydın İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Proses hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə sərbəst ifadə vermək təkif edilib. O, hazırkı mərhələdə ifadə vermək istəmədiyini bildirib. Bu, zərərçəkmişlərin narazılığına səbəb olub. Onlar bildiriblər ki, artıq üçüncü dəfədir ifadə verməyən A.İsmayılov prosesi uzatmaqda maraqlıdır.

Daha sonra A.İsmayılov vəsatət verərək vəkilindən imtina etdiyini bildirib. O, hakimin suallarına cavab olaraq bildirib ki, müdafiəçidən imtina maddi vəziyyəti ilə bağlı deyil, vəkilin müdafiəsindən razı deyil. Başqa vəkil istəmədiyini, özünü müdafiə edəcəyini deyən A.İsmayılovun vəkildən imtinası qəbul edilib.

A.İsmayılovun digər vəsatəti məhkəmə protokolları ilə tanış olaraq qeyd vermək barədə olub. Hakim bildirib ki, qanunvericiliyin tələbinə uyğun olaraq protokollarla tanış olmaq və qeydlər vermək hüququ məhkəmə prosesi bitdikdən üç gün sonra həyata keçirilə bilər.

O, çıxış üçün məhkəmədən iki həftə vaxt istəyib. Bu, növbəti dəfə zərərçəkmişlərin narazılığına səbəb olub. Zərərçəkmişlər bildiriblər ki, o, prosesi uzatmaqla onlara daha çox ziyan vurur: “Pulumuzu vermişik bu adama, özümüz isə kirayələrdə sürünürük. Mənim uşağıma dərman almağa da pulum yoxdur”.

Zərərçəkmişlər təqsirləndirilənin ünvanına xoşagəlməz ifadələr işlədiblər.

Hakim tərəfləri sakitləşdirərək növbəti prosesin oktyabrın 31-nə təyin edib.

Qeyd edək ki, A.İsmayılov daha əvvəl də dələduzluğa görə həbs cəzası alıb. 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilən Aydın İsmayılov vaxtından əvvəl, 2017-ci ildə azadlığa çıxıb.

A.İsmayılov sonuncu dəfə həbs edilənə qədər “SN qrup” MMC-nin direktoru olub. İttihama görə, Aydın İsmayılov öz qulluq mövqeyindən istifadə edərək aldatma yolu ilə 2018-ci ilin iyul-avqust aylarında feysbukda elan verməklə ev və torpaq sahəsi almaq istəyən şəxslərə rəhbəri olduğu MMC tərəfindən güzəştli kredit veriləcəyini bildirib.

Həmin elanla əlaqədar ona müraciət edən ayrı-ayrı şəxsləri cəmiyyətin ofisinə dəvət edərək onlara şəxsiyyət vəsiqəsi ilə az miqdarda ödəniş qarşılığında sərfəli faizlə ipoteka krediti verəcəyini yalandan bildirib. Bu yolla həmin şəxsləri aldadaraq bankda yerləşən şəxsi hesabına, ümumilikdə, 97 min manat məbləğində pulun köçürülməsinə nail olub. Lakin verdiyi vədə əməl etməyib.

Təqsirləndirilən Aydın İsmayılov barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) və 308.1 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilir/Report

XƏBƏR LENTİ