İRANDA ƏNƏNƏVİ SEÇKİ TAKTİKASI VƏ BİZ

1 776 24-12-2019, 16:37 siyaset / gundem

İRANDA ƏNƏNƏVİ SEÇKİ TAKTİKASI VƏ BİZ

Günümüzdə aktual olduğu üçün qonşu İranda dəfələrlə tətbiq edilən seçki taktikası haqda yazmaq istədim.
İranda İslam İnqilabından sonra, İslam Respublikasının təsis edilməsi ilə bağlı 1979-cu il referendumundan 2017-ci il son prezident seçkilərinədək əhali təxminən 35 dəfə sandıq başına (seçki məntəqəsinə) gedib.
Amma seçkidən seçkiyə əhalinin siyasi sistemə inamsızlığını müşahidə edən rejim mənsubları formaca mütəlif, əslimdə analoji metodları ortaya atıblar. Yetər ki, seçicini cari seçkidə iştiraka cəlb edə bilsinlər. Şəxsən mənim də üç dəfə müşahidə etdiyim prezident seçkilərində rejimin əsas hədəfi seçkidə əhalinin kütləvi iştirakının təmin edilməsi və bununla dünyaya “xalq siyasi quruluşa inanır və seçkiyə gəlir” mesajını vermək olmuşdur. Bundan ötrü də ilk növbədə namizədlər arasında kəskin rəqabət mühitini formalaşdırmaq prioritet addım sayılırdı. Baxmayaraq ki, Konstitusiyaya Nəzarət üzrə Nigəhban Şurası mövcud siyasi quruluşa azacıq müxalif olan şəxsin nəinki prezident , hətta yerli seçkilərdə belə iştirakına icazə verməz. Bundan ötrü qanunvericilkk bazası da Nigəhban Şurasına kifayət qədər səlahiyyət və imkan tanımışdır. Məsələn İslami Şura Məclisinə seçkilərdə Nigəhban Şurası namizədlərin əksəriyyətini adətən Seçki Qanununun 28, 29 və 30-cu maddələrinə əsaslanaraq seçkidən kənarlaşdırar. Belə ki, İslami Şura Məclisi Seçkiləri haqda qanunun 28-ci maddəsinə görə namizədlər üçün qəribə şərtlər qoyulur. 28-ci maddənin birinci bəndində namizəd üçün islama etiqad və əməli iltizam( bağlılıq) şərtləri tələb olunur. İkinci bənddə isə müqəddəs qeyd edilən İslam Respublikası quruluşuna da əməli iltizam şərti tələb edilir. Parlament seçkilərində əsas etibarilə “rədde səlahiyyet” olanlar (namizədlikləri ləğv edilənlər) məhz bu maddənin qurbanı olurdular. Özəlliklə Güney Azərbaycan Milli Hərəkatında iştirak edən soydaşlarımız, hətta bircə dəfə milli haqlar xüsusunda çıxış edənlər, milli mədəni tədbirlərdə iştirak edənlər belə bu maddədən öz “nəsiblərini” alıblar. Bəs o zaman yuxarıda qeyd etdiyim və rejim üçün vacib olan kütləvilik və seçki rəqabəti üçün mühit necə formalaşdırılır?
2005-ci il prezident seçkilərində mühafizəkar qanadın əsas namizədi Əhmədinejadın qarşısına əhali arasında prezident-oliqarx kimi antipatik imicə sahib Rəfsəncanini çıxarmaqla seçicidə seçkiyə maraq ( əslində prinsip, bir növ intiqam hissi) oyada bildilər və Əhmədinejadın qələbəsini təmin etdilər. Eyni metod 1997-ci il seçkilərində Xatəmi- Natiq Nuri tandemində də tətbiq edilmiş və birincinin qələbəsilə sonuclanmışdı.
2009-cu il seçkiləri isə 30 illik İslam Respublikasınln tarixində ən dramatik və qanlı sonucla bitən seçki kimi yadda qaldı. Sanksiyaların yeni mərhələsinə qədəm qoyan İslam Respublikası üçün xüsusi legitimlik tələb olunan həmin dönəmdə “beyte rəhbərinin” növbəti gedişi rejim üçün nisbətən baha başa gəldi. İlk dəfə idi ki, Tehranda və başqa şəhərlərdə hakimiyyətin əsas namizədinə rəqib olan Mirhüseyn Musəvi və Kərrubinin olduqca izdihamlı mitinq və yürüşləri keçirildi. Dünya seçkiöncəsi İranda nisbətən demokratik seçki mühitini müşahidə etmənin şokunda idi. Amma seçki heç də seçkiöncəsi vəziyyətə adekvat sonuclanmadı. Seçkidə əksəriyyət tərəfindən keçmiş baş nazir Mirhüseyn Musəvinin qələbə çaldığının iddia edildiyi bir şəraitdə Əhmədinejad qalib elan edildi. Seçki saxtakarlığına qarşı Tehranın İmam Hüseyn Meydanından Azadi Meydanınadək uzanan üç milyonluq etiraz yürüşü isə qanla yatırıldı. 2009-cu il prezident seçkiləri kütləvi həbslər, Musəvi və Kərrubinin illərlı ev dustaqlığı , onlarla qurban və şübhəsiz ki, rejimlə əhali arasındakı nifrət mühitinin daha da şiddətlənməsi ilə sonuclandı.
2013 və 2017-ci il prezident seçkilərində də “islahatçı” Ruhaninin prezident seçilməsi üçün onun qarşısına qatı mühafizəkar namizədləri ( məsələn, Ayətullah Rəisi kimi ) çıxarıb əhalini yenidən səsvermə məntəqələrinə cəzb edə bildilər. Amma əvvəlki illərlə müqayisədə nisbətən sönük səviyyədə...
Kimsəyə sirr deyil ki, İranda demokratiya yoxdur. Parlament də, prezident də Nigəhban Şurasının “filtr”indən keçən namizədlərlə formalaşdırılır. Elə isə rejimin əhalinin səsinə, izdihamlı seçki mühitinə ehtiyacı nədən və hansı zərurətdən qaynaqlanır?
Təsadüfi deyil ki, rəsmi Tehran təkcə seçkilərdə deyil, hər il 12 fevralda İslam İnqilabının ildönümündə yüzminlərlə insanı ölkənin müxtəlif şəhərlərindən Tehrana, Azadi meydanına toplayaraq çoxmilyonluq aksiya keçirər və bununla, əhalinin mövcud siyasi quruluşun yanında olduğunu dünyaya sərgiləyər.
İran İslam Rüspublikasının ənənəvi seçki taktikası da məhz elə bu məntiqə söykənir -seçicinin, illərdir sanksiyalar qarşısında davam gətirmiş,amma artıq zəifləməkdə olan İslam Respublikasının yanında olduğunu, quruluşun seçkisinə, konstitusion əsaslarına inandığını dünyaya nümayiş etdirmək. Çünki buna ehtiyacı var. Çünki dünya üçün legitimlik sorunu yaşayır.
Politoloji yanaşmada hakimiyyətlərin davamlı olması üçün iqtidar maraqları ilə yanaşı, cəmiyyət və beynəlxalq maraqların təmin olunması da müstəsna önəm kəsb edir. İran uzun illərdir ki, beynəlxalq maraqlarla bağlı sorun yaşayıb və yaşamaqdadır. Əhalinin yaşam şəraitinin nisbətən əlverişli olması da son illərədək hakimiyyətin ömrünü uzadan amillər sırasında olub. Artıq nə cəmiyyət maraqları təmin olunur, nə də beynəlxalq maraqlar. Təkcə iqtidar maraqlarının təmin olunması isə yetərli deyil. Və alınan sonuc budur ki, İran dəyişməlidir!

Azərbaycana, Azərbaycan iqtidarına gəlincə.

Bu gün bizim hakimiyyət də beynəlxalq müstəvidə hər zamankından daha çox və ciddi sorunlar yaşamaqdadır. Zatən illərdir cəmiyyət maraqları da təmin edilməyib. Ona görə ötən 2019-cu ilin əvvəlindən başlanan “islahat”ların obyekti ( minimum əmək haqlarının artırılması, bank kreditləri ilə bağlı sərəncam, şəhid ailələrinə birdəfəlik yardımın verilməsi və sair) cəmiyyət , narazı kütlə oldusa, ilin sonunda parlamentin buraxılmasının əsas səbəbinin hakimiyyətin beynəlxalq legitimlik probleminin olması ( ya da ondan doğan nigarançılıq) fikri daha real nəzərə çarpır. Və tələb olunan həmin legitimliyin təmin edilməsi üçün fevralın 9-da cənub qonşumuzdakı kimi aktiv seçki və rəqabət mühitinin , seçki prosesində dinamikanın, nəhayət qismən fərqli parlament vitrininin yaradılması önəmlidir. Baxmayaraq ki, sonucu yenə də bizim Nigəhban Şuramız- MSK müəyyən edəcək...

Rüfət Muradlı

XƏBƏR LENTİ