“Keçmiş “elita” məndən intiqam almağa çalışır” – Paşinyan

585 22-12-2020, 15:18 dunya

“Keçmiş “elita” məndən intiqam almağa çalışır” – PaşinyanErmənistanın Baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində ölkədəki siyasi vəziyyətlə bağlı fikirlərini paylaşıb.

“2018-ci il inqilabı nəticəsində hakimiyyətdən məhrum olmuş“elita” intiqam almağa çalışır. Burda söhbət təkcə siyasi elitadan deyil, 2018-ci ilədək imtiyazları olan, sonradan bunlardan məhrum edilənlərdən gedir”, – o vurğulayıb.

Baş nazirin sözlərinə görə, 2018-ci il inqilabından sonra hakimiyyətdə olduğunu hesab edən xalq bu statusu itirmək istəmir.

“Özü də indi, hakimiyyətin xarici təhlükəsizliyə fokuslandığı bir vaxtda bəziləri belə bir məntiqi işə salıblar ki, ‘mitinqə gəlməsən, işdən çıxarılacaqsan’”, – Paşinyan yazıb.

O, hakimiyyətə 2018-ci ildə küçə etirazları nəticəsində gəlib. 10 il prezident postunda olmuş Serj Sarkisyan yeni təyin olunduğu baş nazir vəzifəsində bir neçə gün qala bilib, istefaya məcbur olub. Paşinyan yazır ki, əsl qarşıdurma hökumətlə müxalifət arasında deyil, 2018-ci ildə imtiyazlardan məhrum olmuş“elita” ilə xalq arasında gedir.

“Ancaq istənilən halda həlledici söz xalqa məxsusdur, çünki xalq sözünü deyərsə, ‘elita’ heç nə eləyə bilməz. Əlbəttə, mən əlimdən gələni edəcəyəm ki, adamlar öz sözlərini demək imkanını əldən buraxmasınlar. Ancaq hazırda bizim üçün prioritet Ermənistanın və Qarabağın xarici təhlükəsizliyini təmin etməkdir. Bu hərəkətlər zamanı xarici təhlükəsizlik heç bir halda sual altına düşməməlidir”,– Paşinyan deyib.

Xatırladaq ki, bu gün Paşinyanın istefasını tələb edən 16 müxalifət partiyası itaətsizlik aksiyaları keçirir. Onlar dekabrın 22-ni mübarizənin ən həlledici günü elan edib, ümummilli tətilə çağırıblar. Bu gün müxalifət qüvvələrinin Yerevandakı Respublika meydanında mitinqi də gözlənir./“AzPolitika.info”

XƏBƏR LENTİ