“Molla”-Ariyançı İran dövrü və Güney Azərbaycan Milli Hərəkatı (3. Yazı)

1 134 25-08-2021, 14:02 siyaset / cemiyyet / gundem

“Molla”-Ariyançı İran dövrü və Güney Azərbaycan Milli Hərəkatı (3. Yazı)AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)

Bütün hallarda “İslam inqilabı”ndan (1979) sonra “Azərbaycan” adlı bir neçə mədəni cəmiyyətlərin yaranması, milli dildə qəzet-jurnalların nəşri yeni ümid işıqları oldu. “İslam inqilabı” dövründə türk dilli mətbuatın nəşrinə və yayılmasına imkan yaranmış, beləliklə “17 yanvar 1979-cu ildə Təbrizdə Türk və fars dillərində “Ulduz” adlı qəzetin ilk nömrəsi çapdan çıxmış və bu qəzet ana dilində ilk olaraq Məhəmməd Rza Pəhləvi diktaturasının devrildiyini xalqa xəbər vermişdi”.
“İslam inqilabı”ndan sonra yaranan “Varlıq” dərgisi isə öz adını Azərbaycan Türk xalqının var olmasından, yəni “biz varıq” şüarından almışdı. Başqa sözlə, dərginin qurucusu Cavad Heyətin təbrincə desək, Pəhləvilər dövründə türk kimliyinin, türk dilinin, türk varlığının inkar olumasına qarşı olaraq jurnal Həmid Nitqinin tövsiyəsi ilə “Varlıq” adını almışdır. Eyni zamanda, bu dərgi İ.Qaspıralının “Dildə, fikirdə və işdə” birlik ideyasını həyata keçirməyə çalışırdı.
Ümumiyyətlə, inqilabın ilk illərində, 1979-1981-ci illərdə Təbriz, Tehran, Ərdəbil, Urmiya, Zəncan və Sərabda, sonrakı illərdə isə Astara, Miyana, Əhər, Xoy, Maku, Şəbüstər, Muğan və başqa şəhərlərdə gündəlik, həftəlik, aylıq və ildə 3 dəfə nəşr olunan qəzet, jurnal və məcmuələr çap edilərək yayılmışdı. Bu mətbuat orqanlarında İran və Güney Azərbaycan xalqının sosial-iqtisadi problemləri ilə yanaşı Azərbaycan Türklərinin tarixi, mədəniyyəti, dili və ədəbiyyatı ilə bağlı yazıları, həmçinin Güney və Quzey Azərbaycanın şair və yazıçılarının əsərlərindən parçalar dərc edilmişdi. 1979-1981-ci illərdə dərc edilən “Azadlıq”, “Azərbaycan”, “Azərbaycanın səsi”, “Araz”, “Azərbaycan əncüməni”, “Dədə Qorqud”, “Koroğlu”, “Çənlibel”, “Günəş”, “Xalq sözü”, “Qardaşlıq”, “Odlar yurdu”, “Yoldaş”, “Ülkər”, “Gənclik”, “Varlıq” kimi qəzet, jurnal və məcmuələr daha xarakterikdir.
Bu qəzet-jurnallar arasında milli ruhuyla daha çox önə çıxan “Yoldaş”, “Dədə Qorqud”, “Varlıq” və digər mətbuat orqanları əsasən Azərbaycan türklərinin milli kimliyini, türk dilini müdafi etmiş, türklərin aryanlardan, ya da farslardan öncə bu torpaqlarda yaşamasını sübut etməyə çalışmışlar. H.Nitqi, C.Heyət, M.Zehtabi və başqaları paniranizm, aryançılıq ideologiyasına qarşı mübarizə aparmış, Azərbaycan türklüyünün, türklüyün müdafiəsi uğrunda əllərindən gələni ortaya qoymağa çalışmışlar.
Xüsusilə də, dr. Cavad Heyətin rəhbəri olduğu “Varlıq” dərgisi Türk varlığını Fars irqçiliyinin hücumlarından qorumaq üçün mücadilə etmişdir. P.Məmmədli yazır: ““Varlıq” dərgisinin yarandığı illərdə milli varlığının yaşamaq və məhv olmaq dilemması ilə qarşılaşan bir xalqın ana dilində sözə, fikrə böyük ehtiyacı vardı. “Varlıq” Güney Azərbaycan mədəni mühitindəki bu boşluğu doldurmaq üçün yarandı”. “Varlıq” dərgisinin əsas yazarları Həmid Nitqi, Cavad Heyət, Məhəmmədəli Fərzanə, Qulamhüseyn Beqdeli, Həmid Məmmədzadə, Əli Kəmali, Səməd Sərdarniya, İsmayıl Hadi, Həsən Məcidzadə-Savalan, Kərim Məşrutəçi və başqaları burada əsas diqqəti Türk varlığını qoruyub saxlamağa, inkilşaf etdirməyə və Türk birliyinə yönəltmişdir. P.Məmmədli yazır: ““Varlıq” təkcə Şimal və Cənub arasında birlik körpüsü olmayıb bütün Türk dünyasının keçmişi, indisi və gələcəyi haqqında mötəbər elmi, ədəbi yazılar verməklə Türk xalqlarının birliyinə xidmət edir. Qədim türklər, orta türklər, İslam dövrü və sonrakı dövrdə Türk dövlətləri və mədəniyyəti haqqında silsilə tədqiqatlar öz soy-kökü dərk etməkdə hər bir türkə yardımçıdır”.
“İslam inqilabı”ndan sonrakı ilk illərdə milli mətbu orqanlarla yanaşı, bir sıra milli təşkilatlar da yarandı. Məsələn, 1979-cu ilin martında Təbrizdə Həbib Sahirin başçılığı ilə Azərbaycan Mədəniyyət Ocağı yarandı. Yəhya Şeydanın liderliyində isə Azərbaycan Maarif Yığıncağı təsis edildi. 1979-cu ilin aprelində isə Tehranda Azərbaycan Yazarlar və Şairlər Cəmiyyəti quruldu. “Yoldaş” qəzetinin baş redaktoru Hüseyn Düzgün, Salamulla Cavid, Məhmmədəli Fərzanə və başqaları bu təşkilatın ayarnmasında mühüm rol oynadılar. Tehrandakı milli mədəniyyələ bağlı təşkilatlardan biri də Azərbaycan Məsələlərini Araşdıran Qrup idi. Bu cəmiyyətlərdə millətləşmə, “millət olma” məsələləri müzakirə edilmiş, bu yolda ana dili probleminin həlli vacib hesab edilmişdir. Türk ziyalıları inanırdılar ki, Türk dili tezliklə İran adlanan ölkənin rəsmi dillərindən biri olacaq və öz haqq etdiyi yerini alacaqdır. Eyni zamanda bu təşkilatlarda Quzey Azərbaycan türkcəsi ilə Güney Azərbaycan türkcəsi arasındakı oxşar və fərqliliklər, Türk dilinin yad dillərdən təmizlənməsi, Türk mədəniyyəti ilə bağlı qurumların yaranması və digər məsələlər də müzakirə obyekti olmuşdur.
“İslam iniqlabı”nın üstündən bir neçə il keçdikdən sonra başlayan İran-İraq müharibəsi (1980-1988) daha çox Azərbaycan milli hərəkatına zərbə vurmuşdur. Çünki bu müharibədən sui-istifadə edən Xomeyinçilər, İran İslam rejimi Azərbaycan türklərinin milli haqlarını boğdular. Hətta, konstitusiyanın 15-ci maddəsində öz əksini tapmasına baxmayaraq ana dilində tədrisə imkan vermədilər. eyni zamanda, Xomeyni iqtidarı öz hakimiyyətini möhkəmləndirən kimi ilk zərbəni Azərbaycan türklərinə, onların siyasi təşkilat və cəmiyyətlərinə və mətbuatına vurdu. “Varlıq” dərgisi istisna olmaqla yuxarıda göstərilən bütün mətbu orqanlar qapadıldı. N.Nəsibli yazır: ““İran hamımızın vətənidir” sözünü sıx sıx təkrarlamaqla birlikdə, “Varlıq” dərgisi Bütöv Azərbaycan fikrinə də yabançı qalmamışdır.Quzey Azərbaycanın əski İranın bir parçası olduğunu iddia edən məqalələr, bizcə, dərginin davamlılığını qorumaq məqsədi ilə yayınlanmışdır; eyni zamanda tarix və dil mövzularına yer verən bu cür məqalələr Bütöv Azərbaycan idealını gündəmdə tutmaq arzusundan doğmuşdur. Quzey Azərbaycanın Azərbaycan adlandırlmasının “bir yanlış” olduğunu və onun yerinə Aran kəliməsinin istifadə olunmasını önə sürən əsilsiz yazılara “Varlıq” yazarlarının, özəlliklə Dr. Cavad Heyətin sərt formalı elmi məqalələri ilə cavab verilmişdir”.
Güney Azərbaycan milli oyanış hərəkatının yenidən dirçəlişi SSRİ-nin dağılması və Quzey Azərbaycanın müstəqil¬liyini bərpa etməsi (1991) ilə başlamışdır. Xüsuslə də, Quzey Azərbaycanda Əbülfəz Elçibəyin bir illik hakimiyyəti (1992-1993) dönəmində Güney Azərbaycan türkləri ilə bağlı irəli sürdüyü şüarlar Azərbaycan Milli hərəkatının dirilişində mühüm rol oynamışdır. Azərbaycan Mlli hərəkatının dirilişini özü üçün təhlükə hesab edən İran İslam rejimi bir tərəfdən Quzey Azərbaycanın güclənməməsi üçün Dağlıq Qarabağ problemi ilə bağlı Ermənistana hər cür yardımlar etdi, digər tərəfdən Doğu Azərbaycanla Batı Azərbaycanın adlarını dəyişdirmək cəhdlərində bulundu; onların əraziləri daha da kiçildilməyə başlandı. Xüsusilə də, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İran İslam rejiminin ikili oyunlar oynaması, ziddiyyətli mövqe tutması diqqətçəkicidir. Eynulla Mədətli yazır: “Ermənilərin Azərbaycan torpaqlarına təcavüzün ilk günlərindən İran hökuməti Dağlıq Qarabağ münaqişəsinə münasibətdə ziddiyyətli mövqe nümayiş etdirmişdir. İran sözdə özünü sülhün və ədalətin tərəfdarı kimi göstərərək, münaqişənin həllində öz vasitəçiıliyini təklif etsə də, qeyd edildiyi kimi, təcavüzkarla təcavüzə məruz qalan ölkə arasında heç bir fərq qoymayaraq işğalçı Ermənistana qarşı hər hansı əməli tədbir görməmişdir. Əksinə, İran Ermənistanla öz münasibətlərini, xüsusən də hərbi-strateji əlaqələrini möhkəmləndirmək, bu ölkədən yeri gələndə həm Azərbaycana qarşı istifadə edir, həm də Ermənistanı Türkiyə-Azərbaycan-Mərkəzi Asiyanın Türk dövlətləri arasında regional bufer ölkə kimi dəstəkləyir, beləliklə türk əsilli xalqların birliyinə və əlaqələrinə mane olmağa çalışır”. E.Mədətli onu da doğru yazır ki, Azərbaycan xalqının yaddaşında İran İslam rejiminin vasitəçiliyi ilə Tehranda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı üçtərəfli danışıqlar getdiyi bir zamanda, yəni 1992-ci ilin mayın 8-də Şuşa şəhərinin ermənilər tərəfindən işğal edilməsi də mənfi bir hal kimi həkk olunmuşdur.
Məşhur Azərbaycanşünas alim, Kembric Universitetinin professoru Tadeuş Svyatoçovski «Araz» dərgisinə verdiyi müsahibəsində göstərir ki: «Güney Azərbaycanın istiqlaliyyəti labüddür, qarşısı alınmaz prosesdir. Bu Azərbaycan xalqının tarixi hüququdur. ABŞ kimi dünya siyasətində aparıcı mövqe tutan bir ölkənin belə qlobal məsələyə biganə qalması qeyri-mümkündür Güney Azərbaycanın istiqlaliyyəti bir qədər sonra baş verəcək. Çünki istər Quzeydə, istərsə də Güneydə imperiyalar öz işini görüb. Bütün psixoloji, tarixi və kulturoloji sədd və manelərin aradan qalxması üçün müəyyən zaman keçməlidir».
“İslam iniqlabı”ndan sonra Azərbaycan Türk xalqının İran İslam rejiminə qarşı dirəniş addımlarından biri də, 1992-ci ildən başlayaraq davamlı olaraq hər il keçirlən Babək Qurultayları, yəni Bəzz qalasına yürüşlər olmuşdur. Bəzz qalasına yürüşlərin 1990-cı illərin sonu, 2000-ci illərin başlarında daha güclü bir hala gəlməsi, artıq onların sayının bir milyonu ötməsi rəsmi Tehranı ciddi şəkildə narahat etmişdi. Bu baxımdan hərəkətə keçən Mola-Fars rejimi bütün güc vasitələrinə, o cümlədən həbslərə, təqiblərə və sairə əl ataraq Babək Qurultayının qarşısını almağa çalışmış, xeyli dərəcədə də buna nail olmağı bacarmışdı.
Ancaq 2006-cı ilin may-xordad hadisələri Azərbaycan Milli hərəkatın 21-ci əsrdə ən yüksək bir dağlası olmuşdur. Belə ki, Fars-mola rejiminin faşist qruplarının “İran” qəzetində və telekanallarında Azərbaycan türklərininin milli kimliyini və dilini tez-tez aşağıla¬ması may üsyanlarına səbəb olmuşdur. Nəsibli yazır: “İki həftə boyunca davam edən nümayişlər qolluq gücləri ilə çatışmalar ortamında keçdi. Təbriz və Tehran tələbələrindən sonra Əhər, Parsabad, Ərədbil, Xoy, Mərənd, Zəncan, Soyuqbulaq (Mahabad), Sulduz, Urmiya və digər şəhərlərdəki qanlı çatışmalarda 50-dən çox aksiyaçı öldürüldü, yüzlərlə insan yaralandı, minlərlə nümayişçi həbs edildi. İranın yüksək dini rəhbəri Ayətullah Xamenei bu olayların ortaya çıxmasını ənənəvi bəhanə – Qərbin təxribatları ilə izah etməyə çalışdı və “Azərbaycanın bu təxribatlara uymayacağı, düşmənə gərəkli cavabı verəcəyini” açıqladı”.

XƏBƏR LENTİ