Babək rayon Nehrəm kənd sakinləri Naxçıvan MR Dövlət Nəqliyyat Xidmətindən şikayətçidirlər.

904 2-12-2021, 16:06 bolge

Babək rayon Nehrəm kənd sakinləri Naxçıvan MR Dövlət Nəqliyyat Xidmətindən şikayətçidirlər.Onlar kəndlə rayon mərkəzi arasında işləyən marşrutların seyrəkliyindən gileylənirlər.

Sakinlər deyir ki, əvvəllər kənddən Naxçıvan şəhərinə gedən marşrut Babək rayonundan keçdiyindən, heç bir problemləri olmayıb. Lakin, nazirlik bu marşrutların istiqamətini dəyişməklə, onların işini müşkülə salıb. Hava limanına işləyən 6 saylı marşurut Babək rayonunun mərkəzinə qədər gəlir. Bu marşurut özlərinə məxsusdur. Daha çox qazansınlar deyə Nehrəmdən Naxçıvana gedən marşurutun istiqamətini dəyişiblər:

"Naxçıvan şəhərinə gedən marşrutlar 15 dəqiqədən bir işləyir. Rayon mərkəzindən keçəndə heç bir problemimiz olmurdu.Bir ilə yaxındır ki, marşrutların istiqaməti dəyişdirilib. İndi avtobuslar Naxçıvana getmək üçün alternativ yoldan istifadə edirlər. Baxmayaraq ki, həmin yolda heç bir yaşayış massivi yoxdur. Nehrəmdən Babəkə işləyən marşrut isə, saata bir işləyir. İndi qalmışıq bu marşrutun ümidinə. Bu isə gec-gec işlədiyindən təlabatı ödəmir".
Sakinlər deyir ki, rayon mərkəzinə getmək üçün, çox vaxt məcbur olub, taksidən istifadə edirlər:

"Kəndimizin 17 minə yaxın əhalisi var. Hər gün onlarla adam yollarda qalır, vaxtları boşuna gedir. Biri vacib sənəd dalınca, biri başqa iş üçün rayon mərkəzinə getmək istəyir. Xeyli sayda kənd sakini isə rayon mərkəzində işləyir. Məcbur olub, taksi ilə gedirik. Bu da büdcəmiz uyğun deyil".
Sakinlər ümid edir ki, şikayətləri işıqlandıqdan sonra problemləri öz həllini tapacaq.

Məsələyə münasibət öyrənmək üçün Naxçıvan MR Dövlət Nəqliyyat Xidmətinin şöbə rəisinin müavini əlaqə saxladıq. O, bir saat sonra təkrar zəng etməyimizi xahiş etsə də, nazirlikdən sonrakı zənglərimizə cavab verən olmadı.

Gündəlik Naxçıvan

XƏBƏR LENTİ