Erməni cinayətkarları təhvil verdik, əvəzində..?

470 10-09-2022, 10:33 dunya

Erməni cinayətkarları təhvil verdik, əvəzində..?Ermənistanın üç istiqamətdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi gözlənir

Xəbər verildiyi kimi, Ali Məhkəmədə Qarabağdakı terrorçu silahlı birləşmələrin tərkibində olmuş 5 Ermənistan vətəndaşı barəsində kasasiya şikayəti üzrə məhkəmə prosesləri keçirilib. Ali Məhkəmənin qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli qərarı məhkumlara aid hissədə dəyişdirilib. Həmin şəxslərə 1 il 8 ay 25 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onların həbs cəzası bitmiş sayılıb və dərhal cəzaçəkmə müəssisəsindən azad edilib. Bakı Apelyasiya Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli qərarının qalan hissəsi dəyişdirilmədən saxlanılıb. Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə həmin 5 Ermənistan vətəndaşı 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayaraq bildirib ki, Azərbaycan Respublikası humanizm prinsiplərini rəhbər tutaraq, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə 31 avqust 2022-ci il tarixdə Brüsseldə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə aparılmış müzakirələrin nəticəsində əldə edilmiş ikitərəfli razılaşmaya əsasən, sentyabrın 8-də aşağıda adları qeyd olunan 5 nəfər Ermənistan hərbçisini azad etmiş və Azərbaycan-Ermənistan dövlət sərhədində qarşı tərəfə təhvil verib. Beləliklə, İlham Əliyevlə Nikol Paşinyanın Brüsseldə əldə etdikləri razılaşmalardan biri icra olundu.

Azad edilən erməni cinayətkarlar aşağıdakılardır:

- Aqramanyan Martin Muşeqoviç - 23.05.1997-ci il təvəllüdlü, Ermənistan Respublikasının vətəndaşı;

- Gevorkyan Aşot Artakoviç - 30.06.1997-ci il təvəllüdlü, Ermənistan Respublikasının vətəndaşı;

- Qriqoryan Feliks Arşakoviç - 23.12.1996-cı il təvəllüdlü, Ermənistan Respublikasının vətəndaşı;

- Manukyan Varazdat Amuşavan - 07.07.1990-cı il təvəllüdlü, Ermənistan Respublikasının vətəndaşı;

- Hovsepyan Edik Tiqrani - 02.08.1999-cu il təvəllüdlü, Ermənistan Respublikasının vətəndaşı.

Qeyd edək ki, bundan əvvəl də Azərbaycanda saxlanan erməni hərbçiləri ölkələrinə təhvil verilib. Qarşılığında isə minalanmış ərazilərin xəritələri alınıb. Sonradan rəsmi şəkildə etiraf edilib ki, bu xəritələr dəqiq deyil. Yaxud 25-30 faiz dəqiqdir. Maraqlıdır, Ermənistan bu dəfə erməni hərbçilərin qaytarılması qarşılığında nəsə vəd edibmi?

Hazırkı statistikalara görə, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsində 3 min 890 nəfər Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3 min 171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri yaşlı insanlar olub. Hazırkı şəraitdə itkinlərin taleyinin müəyyən edilməsinə real maneə, şübhəsiz ki, Ermənistan tərəfidir. Belə ki, rəsmi İrəvan itkin düşmüş azərbaycanlılar haqda məlumatları təqdim etmədiyi kimi, onların nəşinin harada olduğunu da demir. İşğaldan azad edilmiş ərazilərdə çoxsaylı minaların olması da rəsmi Bakının axtarış işlərini gec aparmasına səbəb olur. Rəsmi İrəvan hər nə qədər itkin düşmüş Azərbaycan vətəndaşları ilə bağlı onlarda məlumatların olmadığını desə də, aydındır ki, məlumatlar məqsədli şəklildə gizlədilir. Məsələ ondadır ki, ermənilər Birinci Qarabağ müharibəsi zamanı əsir götürdükləri azərbaycanlıları məcburi şəkildə işlədib, cinsi istismara məruz qoyub, insan alverinə cəlb edib, orqanlarını qeyri-qanuni satıb, onlar vəfat etdiyi zaman isə dilə gətirilməyəcək şəkildə dəfn edib. Bütün bunların hamısı isə insan haqları və beynəlxalq hüquqa ziddir. Ermənistan tərəfi bu gün bu faktların ortaya çıxmasını istəmir və buna görə də həmin şəxslərlə bağlı məlumatları gizlədir. Azərbaycan erməni hərbçiləri geri verirsə, İrəvanda qarşılıqlı humanitar addım olaraq itkinlərlə bağlı məlumat verməyə borcludur.
Erməni cinayətkarları təhvil verdik, əvəzində..?
Anar Əliyev

Politoloq Anar Əliyev “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Vətən müharibəsi bitdikdən sonra müxtəlif formatlı görüşlərdə üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirib: “31 avqustda Azərbaycan və Ermənistan liderlərinin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən görüşdə də üzərinə götürüdüyü öhdəliklərlə bağlı çox ciddi addımlar atmaqdadır. Bu istiqamətdə atılan addımlardan biri humanist xarakterli addım kimi məhkəmə qərarı ilə həbs olunmuş beş erməni cinayətkarın həbs müddətinin azaldılması və onların azadlığa buraxılaraq Ermənistana təhvil verilməsidir. Bu, bir daha onu göstərir ki, bölgədə sülh əldə olunmasına xidmət edəcək iki tərəf arasında münasibətlərin tənzimlənməsində ən başlıca tələb oluna şərt siyasi iradə nümayiş etdirməsidir. Azərbaycan tərəfi atdığı bu addımla bir daha Cənubi Qafqazdakı kövrək sülhün möhkəmləndirilməsi və bölgəmizin davamlı sülh bölgəsinə çevrilməsi istiqamətində dönməz güclü siyasi iradəyə sahib olduğunu nümayiş etdirdi. Bundan sonra Azərbaycan tərəfinin atacağı addımlar artıq Ermənistan tərəfinin Azərbaycanın göstərdiyi davranışa münasibətinə adekvat olacaq. Yəni bundan sonra Ermənistan hansı addımı atacaqsa Azərbaycan tərəfi sırf o addımlara adekvat davranış nümayiş etdirəcək və etdirməlidir. Bu, addımlar nədən ibarətdir və nədən ibarət ola bilər? Hesab edirəm ki, Ermənistan tərəfi artıq qısa müddət ərzində xarici işlər nazirləri səviyyəsində sülh sazişi mətninin hazırlanması ilə bağlı real addımlar atmalı və bu istiqamətdə tez bir zamanda görüşün keçirilməsinə nail olunmalıdır. İkinci istiqamət hesab edirəm ki, nəqliyyat-iqtisadi əlaqələrin qurulması və bu istiqamətdə işçi qrupun fəaliyyətinin daha da gücləndirilməsi olmalıdır. Azərbaycan indiyə qədər bu istiqamətdə də kifayət qədər addımlar atıb. Növbəti addım Ermənistan tərəfindən atılmalıdır. Üçüncü mühüm istiqamət Zəngəzur dəhlizi ilə bağlı, eləcə də delimtasiya komissiyalarının fəaliyyəti ilə bağlı məsələdir ki, Ermənistan bu istiqamətlərdə üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir”.

Politoloq qeyd etdi ki, artıq ABŞ Dövlət Departamenti, Avropa İttifaqı və Avropa Şurası eyni vaxtda Azərbaycan tərəfindən 5 erməni terroristinin Ermənistana təhvil verilməsini alqışlayıb: “Bu fakt onu göstərir ki, böyük güclər Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi ilə bağlı real addımların atılmasında maraqlıdırlar. Xüsusilə də açıq şəkildə münasibətlərin pozulmasına rəvac verə biləcək addımlarda maraqlı olmadıqlarını nümayiş etdirirlər. Hesab edirəm ki, bu proses həm Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi prosesinin Rusiyanın nəzarətindən, Rusiyanın idarəçliyindən çıxarılması ilə bağlı praktiki addımların atılmasına və əməli nəticələrin əldə olunmasına istiqamətlənmi davranışlardır. Baş verənlər onu göstərir ki, Azərbaycan tərəfində Brüssel formatı çərçivəsində irəliləyişlərin əldə olunmasına inam kifayət qədər qədərdir. Əsas dəstək kimi də Ermənistana edilə biləcək beynəlxalq təzyiqləri görür. Qərb səmimi şəkildə davranacaqsa, erməni diaspor təşkilatlarının maraqlarından çıxış etməyəcəksə, qaranlıq dairələrin Cənubi Qafqazda maraqlarını kənara ata biləcəksə, qısa müddət ərzində Ermənistana təzyiq etməlidirlər və onu üzərinə götürdüyü öhdəlikləri əməl etməyə məcbur etməlidirlər. Biz bu çağırışları və onun nəticələrini görməyəcəyiksə, Azərbaycan özü Ermənistanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur edəcək”.

XƏBƏR LENTİ