ABŞ meymunçiçəyinə qarşı vaksin istehsalı üçün 11 milyon dollar ayıracaq

342 30-08-2022, 14:26 dunya

ABŞ meymunçiçəyinə qarşı vaksin istehsalı üçün 11 milyon dollar ayıracaqBirləşmiş Ştatlar təbii çiçək və meymunçiçəyi xəstəliyinin qarşısını alan vaksin istehsalı üçün 11 milyon dollar ayıracaq.

AZƏRTAC ABŞ Səhiyyə və Sosial Xidmətlər Nazirliyinin press-relizinə istinadla xəbər verir ki, Miçiqan ştatının Qrand-Rapids şəhərində yerləşən “Grand River Aseptic Manufacturing” (“GRAM”) şirkəti “Jynneos” vaksin istehsalı və istehsal xəttinin idarə edilməsi üçün işçilər götürülməsi üçün vəsait alacaq.

“Jynneos” vaksini Danimarkanın “Bavarian Nordic” şirkəti tərəfindən yaradılıb. “Bavarian Nordic” bu ayın əvvəlində vaksinin Birləşmiş Ştatlarda təkmilləşdirilməsi və qablaşdırılması barədə “GRAM” ilə saziş bağlayıb. Gözlənildiyinə görə, “GRAM” zavodunda istehsal cari ilin sonunda başlanacaq. Bu, belə işlər üçün adi qrafiki təqribən 9 ay qabaqlamaq deməkdir.

Birləşmiş Ştatlar Danimarkada 5,5 milyon flakon vaksin sifariş edib. Sazişin şərtlərinə görə, “Bavarian Nordic” şirkəti 2,5 milyon flakon vaksin istehsal etməyə imkan verən texnologiyanın GRAM-a verilməsinə razılaşıb.

Xəstəliklərə nəzarət və onların profilaktikası mərkəzlərinin məlumatına görə, Birləşmiş Ştatlarda meymunçiçəyinə yoluxma ilə bağlı 17.432 fakt qeydə alınıb. Ölüm halları olmayıb. Bütün dünyada 47 mindən çox insanda bu xəstəliyə diaqnoz qoyulub.

İlk dəfə 1970-ci illərdə Konqo Demokratik Respublikasında aşkar edilmiş meymunçiçəyi xəstəliyi cari ilin may ayında Böyük Britaniyada qeydə alınıb və o vaxtdan dünyanın bir sıra ölkələrində, o cümlədən Amerikanın 50 ştatının hamısında təsdiqlənib.

XƏBƏR LENTİ