"Xocalı soyqırımı Güney Azərbaycanda necə anılır?"

1 102 25-02-2018, 13:19 siyaset / gundem

"Xocalı soyqırımı Güney Azərbaycanda necə anılır?"
26 il öncə Xocalıda baş verənlər Güney Azərbaycandan necə görünür. Soydaşlarımızın bu qandonduran hadisəyə münasibəti necədir? İran reallığında Xocalı faciəsinin anılması necə həyata keçirilir?
Redaksiyamızın bu və başqa suallarını Təbrizli mədəni fəal Qüdrətullah Yusufi cavablandırıb. Müsahibəni oxucularımıza təqdim edirik.

-Bir soydaş kimi Xocalı soyqırımı deyərkən siz nə düşünürsüz?

-Azərbaycan millətinin qayğısını çəkənlərə salam olsun.
Öncəliklə nəzərinizə çatdırım ki, Xocalı Azərbaycanın Güneyi ya Quzeyi fərq etməz, tariximizin unudulmayan , erməni daşnakları tərəfindən törədilənqanlı səhifəsidir. Bu faciənin baş verməsində Rusiya, İran, eləcə də qərbdə insan haqları iddiası edən ölkələr suçludurlar. Xocalı şəhidləri bizim üçün heç zaman unudulmayan əzizlərimizdir.

-Güney Azərbaycanda Xocalı soyqırımı günü qeyd olunurmu?

"Xocalı soyqırımı Güney Azərbaycanda necə anılır?"

- Biz artıq 15 ildən çoxdur ki, müxtəlif maneələrə baxmayaraq Xocalı faciəsi günündə müxtəlif aksiyalar keçiririk. Çalışırıq ki, bu faciəni millətimizə unutdurmayaq. 1384-cü günəş ilində, yəni 2005-ci ildə Təbrizdə Erməni xəlifəliyinin qarşısında böyük etiraz aksiyası keçirmişdik. Sonra Əhərdə və başqa şəhərlərdə Xocalının ildönümündə geniş aksiyalarımız olub. Bundan sonra hər il Xocalı soyqırımının ildönümündə artıq Güney Azərbaycanda bu faciə qurbanları anılmaqdadır. Eləcə də sosial şəbəkələrdə də bu yöndə aktiv fəaliyyətlərimiz olur.

-Bu faciənin İranda yaşayan digər xalqlar necə dəyərləndirir?

- Təəsüflər olsun ki, İranda yaşayan türklər xaric digər xalqlar, o cümlədən lor, bəluç, mazəni, ərəb, kürd, fars bu faciə haqda elə də ciddi məlumata malik deyillər. Panfarsist dairələr bu faciəni iranda yayılmasına imkan verməyiblər. Qonşu ölkə olsaq da buna imkan verilməyib.

-Millətimizə qarşı 20-ci əsrdə həyata keçən soyqırımlar haqda nə deyə bilərsiz? O cümlədən ciloluq haqda.

- Məncə istər Xocalı faciəsi olsun, istərsə də Ciloluq bunlar Xaç Yürüşlərinin davamı sayılmalıdır. Ciloluq haqda təəsüf ki, az deyilib. Bu soyqırımı Urmiya ətrafında erməni və onların müttəfiqləri törətdilər . Ciloluqda ermənilərin etdiyi vəhşiliyi bizlər heç zaman unutmayıblar. Əslində türklər İslamın kəskin qılıncı olduğu üçün əsas hədəf də biz olmuşuq. Hər zaman xristianların islama qarşı səlib müharibəsi məhz türklərə qarşı baş vermişdir. Bizi soyqırıma məruz qoymuşlar. Təəsüflər olsun ki, dünya həmişə bizə qarşı bu soyqırımlara sükutla yanaşmışdır.

-Bəs sizcə biz öz haqlı mövqeyimizi dünyaya necə çatdırmalıyıq?

- Son illərdə Türk dövlətlərinin sayının artması ilə artıq öz sorunlarımızı özümüz çözməli olduğumuz gerçəyi ortaya çıxmışdır. Bu gün mövcud olan yeddi müstəqil Türk dövləti bu faciələrimizlə bağlı müəyyən araşdırmaların aparılması, onların öyrənilməsi üçün ardıcıl işlər görməlidir. Sonra görülən işlər dünya ictimaiyyətinə çatdırılmalıdır. Ümumiyyətlə bu olayların araşdırlması üçün fərd olaraq da hər kəs öz öhdəsinə düşəni görməlidir. Özəlliklə İnsan haqları sahəsinə fəaliyyət göstərənlər bu yöndə çox çalışa bilərlər. Bunu da əlavə edim ki, Bu gün Güney Azərbaycanda ağır təzyiqlər altında milli mübarizə davam edir. Güneydə bir növ səssiz təbiət soyqırımı gedir. Amma haqq mübarizəsi davam edir. Zindanlar belə milli mübarizənin qarşısını ala bilmir. Düşünürəm ki, milli məsələlərimizin həllinədək bizim də mübarizəmiz davam edəcək.

Xeberdar.net

XƏBƏR LENTİ