İNSAN PROBLEMİ HAQQINDA-Müstəqil Ağayev

1 531 11-04-2018, 20:12 kose / gundem

İNSAN PROBLEMİ HAQQINDA-Müstəqil Ağayev
İnsan problemi, insanın mahiyyəti məsələsi hələ çox-çox qədimlərdən başlayaraq bu günə kimi dünya alim və filosoflarının diqqətini çəkmiş, onlar bu istiqamətdə xeyli tədqiqat aparmışlar. Təbiəti, onun sirlərini, möcüzələrini öyrənməyə, bilməyə cəhd göstərən ilk insan hələ özü haqqında heç bir məlumata malik deyildi. O, təbii hadisələrin labirintində dolaşıb qalır, ətrafda baş verən yer və səma hadisələrini anlamaqda çətinlik çəkirdi. Lakin dünyanın işinə sonsuz maraq, yaşamaq istəyi, maddi və mənəvi ehtiyac bu sadəlövh insanı təbiətin sirlərini öyrənməyə məcbur edir. İnkişafın müəyyən mərhələsində təbiət haqqında azacıq biliyə yiyələnən insanda artıq özü haqqında müəyyən biliyə, məlumata malik olmaq zərurəti meydana gəlir. Bəşər tarixinin ilk çağlarında ibtidai insanlar insan varlığının mənasını, onun vəzifəsini öz düşüncə tərzlərinə uyğun çox sadə bir şəkildə açmağa çalışmış və bunu yaratdıqları müxtəlif rəvayətlərdə,əfsanələrdə, əsatirlərdə əks etdirə bilmişlər və bütün bunlar ibtidai insanların yaradıcı təxəyyülünün məhsulu idi. İnsan təbiəti və cəmiyyəti öyrənən müxtəlif elmlərin tədqiqat obyektinə çevrilir.Dünyanın sirlərini açmağa, hadisələr arasındakı əlaqələrin xarakterini, mahiyyətini öyrənməyə çalışan insanın özünü öyrənmək zamanın, dövrün tələbinə çevrilir. Hələ bizim eradan əvvəl qədim hind mütəfəkkirlərinin əsərlərinndə insan mənəviyyatının problemləri, onun hissi dünyasının şəhvət və ehtiraslarından azad olması yolları göstərilmişdir. Həmin mütəfəkkirlərin mülahizələrinə görə, insan özünün şəxsi ehtiyaclarından, emosional hisslərindən nə qədərə çox uzaqlaşarsa, bir o qədər mükəmməl varlıq hesab edilə bilər. Müxtəlif elmlər insana müxtəlif mövqedən yanaşır, onun ayrı-ayrı cəhətlərini öyrənir, səciyyəvi xüsusiyyətlərini araşdırır və müəyyən nəticələr əldə edir. Məsələn, tarix, ədəbiyyat, incəsənət, tibb, fizika, biologiya və sair elmlər insanı müxtəlif mövqelərdən, müxtəlif aspektlərdən tədqiqi edir, elmi-nəzəri mülahizə və filirlər irəli sürürlər. Fəlsəfə isə insanı bütün bu elm sahələrindən tamamilə fərqli bir istiqamətdə, başqa bir aspektdə öyrənir: insan nədir, mahiyyəti nədən ibarətdir, dünyada, cəmiyyətdə necə yer tutur, onun vəzifəsi nədir, insan dünyanı dərk edə bilərmi, dünyanı dəyişdirmək mümkündürmü və sair, və i.a. İnsanın mahiyyəti məsəlsəinə münasibətdə qədim Çin mütəfəkkirləri arasında da müxtəliflik özünü göstərir Bu məsələyə müxtəlif konsepsiyalar ayrı-ayrı mövqelərdən yanaşmişlar. Məsələn, Konfutsi fəlsəfəsinin başlıca təlimi təbiətin və səmanın inkişafını təmin edən , ali mənəvi qüvvənin “səma” konsepsiyası olmasına baxmayaraq, öz fəlsəfəsinin mərkəzinə i n s a n ı yerləşdirmişdir. Qədim Şərq fəlsəfəsinin insan haqqındakı mülahizələrinin mühüm cəhətlərindən birini insanın cəmiyyətə və ictimai həyata dərin ehtiramı və humanist münasibəti təşkil edir. Qədim Şərq fəlsəfi fikrində başlıca olaraq insanın daxili aləminə nəzər salınır və onda bir-birini rədd edən ziddiyyətli fikir və hisslərin mövcud olduğu göstərilir. Həm də burada insan anlayışı bilavasitə onun tərbiyəsi ilə bağlı götürülür.
Qədim Hind, Çin və yunan filosofları insanı kösmosun (dünyanın-M.A.)bir hissəsi, “kiçik dünya”, kainatın əksi və simvolu kimi qəbul edirdilər.Sokrat insanın əsas vəzifəsini təkcə təbiəti və cəmiyyəti deyil, həm də öz təbiətini, özünün mənəvi mahiyyətini, öz-özünü başa düşməsində görürdü. Protaqor isə “insan bütün şeylərin ölçüsüdür”- deyirdi. Nə qədər ki, bəşəriyyət mövcuddur, insan problemi də mövcud olacaq və bu problemin həlli də mümükün olmayacaqdır. İnsan bütün elmlərin mərkəzində durur. Çünki dünya haqqında, kainat haqqında elmləri yaradan da, tədqiq edən də, nəticə etibarilə tədqiqatın subyekti də, obyekti də insan özü və onun fəaliyyətidir. İnsan bəzi xüsusiyyətləri ilə bütün varlıqlardan seçilir Bu xüsusiyyətlərdən başlıcası nitq və şüurdur, Bunlar ancaq insana məxsusdur. İnsan bütün varlıqların, bütün yaranmışların ən şərəflisidir. İslam dininə görə, Allah bütün cansız və canlı aləmi yaratdıqdan sonra insanı yaratmış və bütün dünyanı onun ixtiyarına vermişdir. İnsan həm daxili, həm də xarici cəhətdən bütün varlıqlardan daha gözəl,daha qüvvətli, daha bacarıqlıdır. Qurani-Kərimdə də yazılıbdır;” Biz insanı ən gözəl biçimdə yaratdıq “ (95, 4) İctimai şüurun formalarından biri olan fəlsəfənin meydana gəldiyi ilk dövrlərdən insana bir varlıq kimi idealist və materialist mövqelərdən yanaşılmış, o, müxtəlif cür dəyərləndirilmiş, gah alçaldılmış, gah da yüksəldilmişdir. İnsan haqqındakı baxışlar da , fikir və mülahizələr də sosial-iqtisadi formasiyalardan asılı olaraq dəyişmişdir. Sinifli cəmiyyətdə insana münasibət sinfi xarakter daşımışdır. İstər quldarlıq, istər feodalizm, istərsə də kapitalizm quruluşu şəraitində insanlar iki qrupa :qul və quldar, nökər və ağaya bölünmüşlər. Birincilər həmişə alçaldılmış, təhqir edilmiş, hər şeydən məhrum, aciz, bacarıqsız, düşüncəsiz, yalnız heyvan kimi işləməyə yarayan heyvan kimi qələmə verilmişdir. İkincilər isə həmişə təriflənmiş, yüksək imtiyaza malik olmuş, cəmiyyətdə hakim mövqe tutmuş , zəka, təfəkkür sahibi, mədəniyyət, ləyaqət rəmzi kimi “tanınmışlar”. Filosoflar da insana özlərinin mənsub olduqları sinfin mənafeyi nöqteyi-nəzərindən yanaşmış, insan bəzən cəmiyyətdən ayrı, heç bir şeylə əlaqəsi olmayan bir fərd, bioloji bir varlıq kimi təqdim edilmiş, onun cəmiyyətdəki mövqeyi, yeri, mühüm rolu təhrif edilmişdir. Bəzən də insan bütün yaranmışların əşrəfi, ən qiymətli, dünyanı dəyişdirmək qüdrətinə malik bir varlıq, sosial münasibətlərin məcmusu kimi şərh edilmişdir. İnsan təbiətin bir parçası, cəmiyyətin əsasıdır. İctimai inkişad yalnız insanın elmi və fiziki fəaliyyətinin nəticəsində mümkündür. Dünyanı dərk edə-edə, onun sirlərini öyrənə-öyrənə, həyat təcrübəsini artıra-artıra formalaşan, təkmilləşən insan təbiəti də dəyişdirir, cəmiyyətin də inkişaf istiqamətini müəyyənləşdirir. Cəmiyyətin, sosial həyatın tərəqqisi də , tənəzzülü də insan fəaliyyətinə əsaslanır. Eyni zamanda, insanın cəmiyyət üçün yararlı və yararsız olmasının özü də sosial-siyasi quruluşdan, mövcud dövlət sisteminin xarakterindən, mahiyyətindən asılıdır. İnsan həm də elə bir dəyişkən, mütəhərrik varlıqdır ki, o, daima təkmilləşməyə, kamilləşməyə qabildir. İnsan mövzusu öz aktuallığına görə həyatda birinci sırada durur. Ona görə də elm, sosial-siyasi və dövlət xadimləri, ədiblər,şairlər, filosoflar müxtəlif sənət sahibləri, şair-mütəfəkkirlər həmişə insan mövzusuna müraciət etmiş, onun daim təkmilləşməsini, özünüdərk səviyyəsinə çatmasını, cəmiyyət üçün ən gərəkli, lazımlı bir şəxsiyyət kimi yetişməsini, ədalətli, iradəli, fədakar olmasını arzulamışlar.
Azərbaycan demokratik fikrinin nümayəndələri də öz yaradıcılıqlarında insan probleminə toxunmuşlar. Lakin problemə yanaşma mövqeləri arasında müəyyən fərqlər mövcuddur. Həmin fərqlər bundan ibarətdir ki, əksər filosof və tədqiqatçılar insan problemindən danışarkən, daha çox onun mənşəyinə, yaradılışına, Allah və insan münasibətlərinə, insana sosial, bioloji və mənəvi amillərin məcmusu kimi yanaşmaya daha çox diqqət yetirdikləri halda, demokratik fikrin nümayəndələri əsasən insanın mənəvi-əxlaqi keyfiyyətləri, onun azadlığı, bərabərliyi, hüquq və vəzifələri haqqında öz fikir və mülahizələrini irəli sürür, mövcud quruluşa, sosial-siyasi mühitə etiraz edir və cəmiyyətdə hökm sürəm ədalətsizliyin, zülm və istismarın, hüquqsuzluğun aradan qaldırılmasının yollarını tapmağa səy göstərirlər. Azərbaycan demokratik fikrinin nümayəndələri M.Ə.Sabir, Abbas Səhhət, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Abdulla Şaiq və Məhəmməd Hadi haqqında çox yazılmış, çox deyilmişdir. Bunların yaradıcılığı bədii və fəlsəfi aspektdə tədqiqi edilsə dı, insan probleminin qoyuluşu haqqında həmin sənətkarların fikirləri araşdırılmamış, tədqiqat obyektinə çevrilməmişdir. Buna görə də bu haqda yazmağı özümüzə borc bildik.

Müstəqil Ağayev
AMEA Fəlsəfə İnstitutu, Azərbaycan fəlsəfə tarixi şöbəsinin aparıcı elmi işçisi,
f.ü.f.d., Qabaqcıl Maarif Xadimi

Xeberdar.net

XƏBƏR LENTİ