“Sən kişi deyilsən!”

882 12-04-2018, 13:54 kose / cemiyyet / gundem

“Sən kişi deyilsən!”
Seymur Verdizadə

Efirdə həyat yoldaşını axtaran kişilərin sayı getdikcə artır. Demək olar ki, telekanalların əksəriyyətində bu mövzu prioritet təşkil edir. Boylu-buxunlu, yekəpər kişilərin əllərinə dəsmal alıb, onları tərk edən həyat yoldaşları üçün göz yaşı axıtdığının tez-tez şahidi oluruq...

Bu mənzərə mənə yad deyil. Etiraf edim ki, bir jurnalist kimi populyarlaşmağımda “Səni axtarıram” verilişinin rolu az olmayıb. Amma o verilişlə bu verilişləri müqayisə etmək mümkün deyil. Bizim missiyamız cəmiyyəti maarifləndirmək, insanların gözünü açmaq idi. Akademik Arif Haşımov, xalq artisti Habil Əliyev, Arif Babayev, əməkdar müəllim Rəşid Mahmudov, general Mirağa Cəfərquliyev kimi adlı-sanlı, təcrübəli insanlar bu verilişlərdə tez-tez iştirak edir, gənclərə düzgün yol göstərirdilər. Ekspertlərin arasında ən gənc mən idim. Hansı ki, o vaxt mətbuatda 15 illik təcrübəm vardı, jurnalistlərin etik kodeksini yaxşıca mənimsəmişdim. Üstəlik, aparıcı heç kimə qeyri-etik davranmağa imkan vermirdi. Hansısa ehtiyatsız söz, təhqiramiz ifadə montaj zamanı qayçılanır, heç bir qonağın heysiyyatına toxunmağa imkan verilmirdi.

İnsan taleyi həmişə maraqlıdır. Hətta ən quru adamlar da öz talelərilə bağlı maraqlı epizodlar danışa bilərlər. Buna görə də analoji verilişlər daha geniş tamaşaçı auditoriyası toplaya bilirlər. Mən sosial problemlərin müzakirə olunmasının əleyhinə deyiləm. Amma mikrofonu danışmağa haqqı olan adamlara vermək lazımdır. Təəssüf ki, prodüserin cibinə beş-on manat qoyan hər kəs tamaşaçıya ağıl öyrətməyə çalışır. Bir dəfə həyat yoldaşının köynəyini ütüləməyən qadınlar efirdə 40 ilin arvadlarına “dərs keçirlər”. Uşağını pinti dayələrin ümidinə qoyan analar telekanallarda övlad sevgisindən dəm vururlar. Həyat yoldaşının, uşaqlarının üzünü bir dəfə güldürməyən bəzi kişilər nağara boyda qarınlarını irəli verib, zəhmətkeş atalara, qayğıkeş babalara yol göstərirlər. Heç kim inciməsin: bu adamlara meydan verənlər elə onların tayıdır.

...Altıncı sinif şagirdi olan qızım sabahkı dərslərinə hazırlaşdığı üçün televizorun səsini bir qədər qısıb, kömək üçün studiyaya üz tutan kişinin həyat hekayəsini dinləyirəm. Amma rəhmətlik Zəriş nənəmin nehrəsini xatırladan vəkil ona sözünü tamamlamağa imkan vermir: “Arvad düz eləyib evdən qaçıb. Sən kişi deyilsən!”

Qulaqlarıma inana bilmirəm. Televizorun səsini bir az artırıram. Bu vaxt sifətindən ifritəlik yağan müğənni mikrofonu ələ keçirir: “Alə, sən nə gündəsən? Bu sir-sifətlə ikinci dəfə evlənmək istəyirsən?”

Uşağın fikri dərsdən yayınır. Qızım gəlib yanımda dayanır. Boşboğaz psixoloq mikrofonsuz danışır: “Kişilərin hamısı belədir. Əllərinə pul düşən kimi qudururlar”.

Vəkillə müğənni onunla həmrəylik nümayiş etdirirlər. Bu vaxt aparıcı özünü ortaya atıb, açıq sinəsini cırmağa başlayır. Dörd nəfər eyni vaxtda danışdığı üçün ağız deyəni qulaq eşitmir. Kömək üçün studiyaya üz tutan adam barmaqları ilə qulaqlarını tıxayır...

Xədicənin balaca, toppuş əllərini çiyinlərimdə hiss edirəm. Qeyri-ixtiyari olaraq, ona tərəf çevrilirəm. Qorxa-qorxa deyir: “Ata, belə verilişlərə getmə”.

Xədicə mənim ağıllı balamdır. Onu incitmək olmaz. Odur ki, dərhal cavab verirəm: “Getmirəm, qızım! Görürsən ki, yanındayam...”

Uşağın dodaqlarına təbəssüm qonur. Mənim də qəlbim qürur hissi ilə dolur...

P.S.Bəzən mənə elə gəlir ki, bu verilişləri aparıcılar deyil, qaraçılar idarə edirlər...

XƏBƏR LENTİ