Tanınmış ictimai-siyasi xadim, deputatlığa keçmiş namizəd Səxavət Əlisoy Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə müraciət edib.
Xeberdar.net məlumat verir ki, Səxavət Əlisoy öncə, Fuad Nəcəflini bu vəzifəyə təyin edilməsi münasibəti ilə təbrik edib, obyektiv və ədalətli fəaliyyəti ilə ölkə başçısının etimadını doğruldacağına inandığını bildirib.
S. Əlisoy müraciətində daha sonra illər əvvəl Naxçıvanda üzləşdiyi dəhşətli hadisədən bəhs edib:
“Cənab, səlahiyyətli nümayəndə! Xatırladıram ki, 2010-cu ilin 7 Noyabr parlament seçkilərində 2 saylı Şərur Seçki Dairəsindən deputatlığa namizəd kimi iştirak etmişəm. Obyektivlik naminə qeyd etmək istəyirəm ki, seçki prosesində namizəd olaraq şəxsimə qarşı heç bir təzyiq və qeyri-etik hərəkətlər təzahür etmədi.
Lakin seçkidən sonra - 2010-cu il noyabr ayının 7-də parlament seçkilərində vəkilim olmuş kiçik qardaşım Sabit Əlisoy qondarma ittihamlarla Şərur Rayon Polis Şöbəsinə aparıldı, məhkəmənin qərarı olmadan 7 gün şöbədə saxlanıldı və orada işgəncələrə məruz qaldı. Yalnız hüquq müdafiəçilərinin və ATƏT-in Bakı ofisinin müdaxiləsindən sonra azadlığa buraxıldı”.
S. Əlisoy yazır ki, 2010-cu il dekabr ayının 10-da (Beynəlxalq İnsan haqlarının müdafiəsi günündə) Şərur Rayon Polis Şöbəsinin rəisi Məmməd Hüseynov, İbadullah polis bölməsinin rəisi Əhməd Təhməzov 20-dən artıq polis əməkdaşı və Püsyan kənd icra nümayəndəsinin müavini Amil Əbilovun müşaiyəti ilə doğulduğu evi mühasirəyə alıb, evin bir hissəsində fəaliyyət göstərən və qardaşı Çapay Əlisoya məxsus dükanı buldozerlə
dağıdıblar.
S. Əlisoy qeyd edib ki, bu hərəkətə etiraz edən Ç. Əlisoy huşunu itirənədək rəis M. Hüseynov tərəfindən döyülüb: “Səs-küyə gələn 60 yaşlı bacım, iki əmim qızı və bacım oğlu rəis Məmməd Hüseynov və bölmə rəisi Əhməd Təhməzov tərəfindən vəhşicəsinə döyülüb. Sonra polis rəisləri kəndin mollası olan bacımın həyat yoldaşını yas mərasimdən Amil Əbilov vasitəsilə gətizdirərək, məscidin həyətində döyüblər. Ən sonda qardaşım Çapay Əlisoya məxsus dükandakı malları gətirdikləri yük maşınına yükləyib aparıblar.
Xəsarət almış 6 nəfər ailə üzvümə görə təcili tibbi yardım çağrılıb. Həkim xəsarət alanlara ilkin tibbi yardım göstərib, qardaşım və əmim qızının vəziyyəti ağır olduğu üçün Şərur rayon mərkəzi xəstəxanasına hospitalizasiya etmək istəyib, amma polis rəisinin zəngindən sonra hospitalizasiyadan imtina edilib.
Polis rəisinin göstərişi ilə xəsarət alanların 20 gün ərzində yaşayış yerini tərk etməməsi üçün evin yaxınlığında kənd icra nümayəndəsi Amil Əbilovun və digər könüllülərin iştirakı ilə polis postu qoyulub. Qohumların, jurnalistlərin, hüquq müdafiəçilərinin evə gəlib xəsarət alanlara baş çəkməsinə, onlara dərman aparmalarına icazə verilməyib.
Polis rəislərinin törətdikləri vəhşiliklə əlaqədar Muxtar Respublikanın və Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının rəhbərlərinə etdiyim müraciətlərə heç bir cavab verilmədi.
Sonra ATƏT-in Bakı Ofisinin rəhbəri və ABŞ səfirinin siyasi müşaviri bu olayla ilgili Naxçıvana getdilər, MR rəhbəri və xəsarət almış ailə üzvlərimlə görüşdülər. Yalnız bundan sonra ailə üzvlərimin müalicəsi mümkün oldu. İki qardaşım Azərbaycanı tərk etmək məcburiyyətində qaldı”.
S. Əlisoy yazır ki, qüruru zədələnmiş bir ailə olaraq 12 ildir ədalətin bərqərar olacağı günü gözləyirlər:
“Mən, dövlətimizə, dövlətçiliyimizə sayğı əlaməti olaraq, ailəmizə qarşı törədilmiş bu cinayətin cəzasının Avropa Məhkəməsində deyil, Azərbaycanda verilməsini istədim. Ailəmizin üzləşdiyi bu vəhşiliyin obyektiv araşdırılması, cinayəti törədənlərin aşkar olunaraq məsuliyyətə cəlb edilmələri üçün göstəriş vermənizi ailəmiz adından Sizdən xahiş edirəm.
Cənab səlahiyyətli nümayəndə, xahiş edirəm ki, baş verənlər barədə Sizi təfərrüatlı məlumatlandırmaq üçün məni qəbul edəsiniz”.
Xeberdar.net