Azərbaycanın bu il neftdən qazanacağı məbləğ: Fantastik rəqəm... - Ekspert danışır

Azərbaycanın bu il neftdən qazanacağı məbləğ: Fantastik rəqəm... - Ekspert danışırAvropa İttifaqına (Aİ) üzv olan ölkələrin liderləri ilin sonuna qədər Rusiyadan neft idxalının 90 faizini qadağan edəcək 6-cı sanksiyalar paketi ilə bağlı razılığa gəliblər. Avropa Komissiyasının rəhbəri Fon der Leyen gələcəkdə Rusiyadan tədarük olunan neftin 10 faizi məsələsini də yenidən nəzərdən keçirəcəklərini bildirib.

O, Aİ-nin Rusiyadan neft idxalının üçdə ikisinin dəniz, üçdə birinin isə boru kəməri vasitəsilə həyata keçirildiyini qeyd edib. Leyen öz “Twitter” səhifəsində yazıb:

“Mən Avropa Şurasında Rusiyaya qarşı Neft Sanksiyaları üzrə razılaşmanı alqışlayıram. Bu, ilin sonuna kimi Avropa ittifaqı Rusiyadan neft idxalını 90% azaldacaq”.

Avropa İttifaqına (Aİ) üzv olan ölkələrin liderləri ilin sonuna qədər Rusiyadan neft idxalının 90 faizini qadağan edəcək 6-cı sanksiyalar paketi ilə bağlı razılığa gəldikləri barədə xəbərdən sonra “Brent” neftinin qiyməti 123 dolları keçib. Bakı vaxtı ilə saat 08:40-da “Brent” nefti 3,2% bahalaşma ilə 123,20 dollardan ticarət olunub. Neftin bahalaşmasına səbəb olan başqa bir məsələ Çinin epidemiya tədbirlərini yumşaltmasıdır.

İyunun 1-dən Şanxayda karantin tədbirlərinin ləğv ediləcəyi açıqlanıb. Şanxayda taksilər də daxil olmaqla şəxsi nəqliyyat vasitələrinin hərəkətini bərpa etməyə və insanların aşağı riskli ərazilərə girib-çıxmasına icazə veriləcək.

Qeyd edək ki, Azərbaycan da neft ixracatçısıdır. Dünya bazarında "Azeri Light" (CIF) markalı neft də bahalaşmaqda davam edir. Bu günə olan məlumata görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,89 dollar və ya 0,7% artaraq, 126,8 dollar təşkil edib.

Avropa İttifaqının Rusiyadan neft idxalına qoyduğu qadağa neftimiz üçün yeni bazarlar açacaqmı və "Azeri Light" (CIF) markalı neftin qiyməti nə qədər bahalaşacaq? Dia.az-ın məlumatına görə, iqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirdi ki, bizim neftin qiyməti ayrıca hesablanmır:

“Dünya bazarlarında neftin qiyməti birjalarda müəyyənləşir. Azərbaycan neftinin qiyməti “Brend” markalı neftin qiyməti ilə müəyyənləşir ki, dünənki qərardan sonra bu neftin qiyməti 120 dolları keçdi. Azərbaycan neftinin qiyməti də bu həftə ərzində 125 dollara qədər qalxacaq. Ancaq bu bahalaşmanın davam etmə perspektivləri də var. Yəni Rusiya-Ukrayna müharibəsi davam etdikcə, neftə olan tələbat artdıqca və Rusiya neftinin bazara çıxması ilə bağlı problemlər olduqca, neftin qiyməti yüksələ bilər. Çox güman ki, yaxın həftələrdə yeni rekord qiymətləri də görəcəyik. Müharibə ilə yanaşı, nə qədər ki, sanksiya rejimi var, qiymət artımının davamlı şəkildə getməsi kifayət qədər real görünür. Ona görə də Azərbaycan neftinin qiymətində artım olacaq və bu isə ölkəmizə əlavə dividentlər, gəlir gətirəcək. Bu ilin əvvəlində Azərbaycan icmal büdcədə nəzərdə tutulan neft gəlirlərindən ən azı iki dəfə çox gəlir əldə edəcək ki, bu da təqribən 11-12 milyard dollara bərabərdir. Yəni Azərbaycanın bu il neftdən əldə etdiyi gəlirlər 10 milyard dollardan çox olacaq”.

Ekspert deyir ki, Azərbaycan neftinin həcmi o qədər də böyük deyil:

“Onsuz da bizim neftin alıcısı var. Əsas alıcılar isə İtaliya və İsraildir. Yəni əlavə həcmləri böyük olmayan hasilatımız var deyə onun digər ölkələrə satılması o qədər də real görünmür. Çünki Azərbaycan xaricə gündəlik 500 min barel neft satır ki, onun da alıcısı var. Kifayət qədər Azərbaycan neftinə tələbat var. Əlavə bazarlara çıxmaq üçün əlavə hasilata ehtiyac var. Neft hasilatı isə gündəlik cəmi 700-710 min barel civarındadır ki, bu da başqa bazarlara çıxmaq imkanlarını məhdudlaşdırır”.

Xeberdar.net

Azərbaycanın bu il neftdən qazanacağı məbləğ: Fantastik rəqəm... - Ekspert danışır

  • 31-05-2022, 12:18
  • 1 319


Oxşar mövzular
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI