Elman Pənahov: "Bu qanun daha çox problemlərin yaranması ilə müşaiyət olunacaq"

1 608 1-07-2024, 21:52 kose / cemiyyet / gundem

Elman Pənahov: "Bu qanun daha çox problemlərin yaranması ilə müşaiyət olunacaq"
Milli Məclis qohum evliliyini qadağan edən qanun layihəsi qəbul edib. Rəhmətlik Sabirin dediyi kimi: “Əcnəbi seyrə balonlarla çıxır, biz hələ avtomobil minməyiriz”. Ölkədə təhsil, səhiyyə, vətəndaşların sosial durumu və rifahı o qədər yüksək həddədir ki, deputatlarımız özlərini məşğul etməyə iş tapmadıqları üçün qohum evliliyini qadağan etməklə məşğuldurlar.
Sözümüzü ordan başlayaq ki, qohum evliliyindən doğulan uşaqların xəstə doğulması riskinin böyük olması, yüngülcə desək şişirdilib. Alimlərin apardığı araşdırmalar nəticəsində genetik qüsurlu xəstə uşaqların qohum evliliyindən doğulma faizi tədqiq edilib. Bostonda Massaçusets Universitinin professoru Dian Pol və Danidində (Yeni Zellandiya) Otaqo Universitetinin professoru Hamiş Spenser tərəfindən aparılan tədqiqatlar nəticəsində məlum olub ki, kuzen evlilikdən doğulan uşaqların xəstə doğulma ehtimalı adi ailələrlə müqasiyədə cəmi 2 faiz çoxdur. Uşaqların ölü doğulması isə 4,4 faiz çoxdur. Risk yoxdur deyə bilmərik amma çox kiçikdir. İş orasındadır ki, 40 yaşından yuxarı qadınların dünyaya gətirdiyi uşaqların da xəstə yaxud ölü doğulması riski eynilə bu faiz nisbətindədir. Amma heç kim 40 yaşından yuxarı qadınlara ailə qurmağı, uşaq dünyaya gətirməyi qadağan etmir, qohum evliliyini qadağan edir. Nə isə dəyişirmi? Əlbəttə yox. Bu qanun daha çox problemlərin yaranması ilə müşaiyət olunacaq. Bir ağıllı kişi demişdi ki, əsas cavablar yox, suallardır. Buna görə də bir neçə sual qoymaq istəyirəm:
1. Qanun rəsmi nikahı qadağan etsə də, vətəndaş nikahına heç bir müdaxiləsi ola bilməyəcək. Yəni xalası qızını almaq istəyən onsuz da alacaq, toy da çalacaq, uşaq da doğacaq. Amma bir gün bu cütlük ayrılmaq istəsə, qanun bu qadını necə qoruyacaq? Əmlak bölgüsü kimi məsələr necə həll ediləcək? Bir pencəklə küçəyə atılan qadının taleyi necə olacaq?
2. Kuzenlər minəcək təyyarəyə uçacaq İngiltərəyə. Evlənəcək orda, sənədi tərcümə təsdiq və apostil edib dönəcək geri. Onların sənədini dövlət tanımalı olacaq. Onda bu qanunun mənası nədir?
3. Vətəndaş nikahından doğulan uşaqların gələcək həyatları bürokratik əngəllərlə dolu olacaq. Bunun məsuliyyətini kim daşımalıdır?
4. Ölkədə övladlıq olduğunu bilməyən bir çox vətəndaşlar var. Bu qanunsa bioloji kuzenlərə şamil olunur. O zaman bir-birini sevən (sevməyi heç bir qanun kiməsə qadağan edə bilməz) iki gəncin evlənmə məsələsi necə olacaq? Qanun heç kimə travma yaşatmadan, insanların illərlə saxladığı övladlıq məsələlərini aşkara çıxarmadan bu məsələni tənzimləyə bilirmi?

Ümumiyyətlə dünyada tarix boyu qohum evlilikləri normal bir hal olub və buna misal olaraq kuzeni ilə evlənmiş İohann Sebastian Baxı, Xalası qızı Emmu Vudjvud ilə ailə qurmuş Çarls Darvini, hətta 13 yaşlı kuzeni Virdciniya Klemm ilə ailə qurmuş Edqar Allan Ponu göstərə bilərik.
Bütün yuxarıda yazılanları nəzərə alaraq, Milli Məclis üzvlərinə demək istəyirəm ki, imkan varsa, qanun qəbul etməzdən öncə azacıq düşünüb araşdırın.

Elman Pənahov

XƏBƏR LENTİ