"Bütün dünyanı və bəşəriyyəti yalnız və yalnız elm xilas edəcək"- XƏYAL BƏŞİROV-MÜNASİBƏT

1 339 30-08-2020, 21:18 cemiyyet

"Bütün dünyanı və bəşəriyyəti yalnız və yalnız elm xilas edəcək"- XƏYAL BƏŞİROV-MÜNASİBƏT
Siyasi şərhçi Xəyal Bəşirov pandemiya dövrünə münasibət bildirib. Bu barədə öz Feysbuk səhifəsində məlumat paylaşıb. O bildirib ki, Mənə koronavirusla bağlı tez-tez müqayisələr apardığımı deyirlər. Əslində düşünürəm ki, bu zərurətdən doğur. Çünki bəşəriyyət və dünya uzun zamandır ki, onun düzəninin bu qədər əhəmiyyətli dərəcədə dəyişilməsinə səbəb ola biləcək belə bir qlobal hadisə ilə üzləşməmişdi.
Düşünürəm ki, bu pandemiya insanların sağlamlığına vurduğu və hələ bundan sonra da vura biləcəyi zərərlərdən daha çox, dünyada mövcud nizamı, uzun illər ərzində oturuşmuş qaydaları sıradan çıxarması ilə yaddaşlarda qalacaqdır. Buna görə də şübhəsiz ki, bundan sonra tam şəkildə əvvəlki normal həyatımıza qayıtmağımız mümkünsüz olacaqdır.
Bu fikirləri yazmaqda əsas məqsədim, koronavirus pandemiyasının dünyaya çatdırdığı bəzi əhəmiyyətli reallıqlarla bağlı subyektiv fikirlərimi izah etməkdir. Müşahidələrimiz göstərir ki, pandemiya bir daha bütün dünyaya və o cümlədən də, bizim cəmiyyətimizə elmin, təhsilin və savadın hər şeydən öndə olmalı olduğunu hayqıraraq təlqin etdi.
Cəmiyyət, insanlıq və dünya elmsiz məhvə məhkumdur! Canlı olaraq şahidlik edirik ki, hələ də cavabını tapa bilmədiyimiz bu bəla, bizi təkcə sağlamlığımızı və sevdiklərimizi əlimizdən almaqla təhdid etmir. Eyni zamanda o, bizləri min illik adət ən-ənələrimizdən, tariximizdən, mədəniyyətimizdən, maddi və qeyri-maddi dəyərlərimizdən, hətta dini inanclarımızdan və sadalana biləcək çox şeylərimizdən məhrum etməkdədir. Pandemiyanın yaratdığı vəziyyətdə insanlar xəstələrini ziyarət edə, sevdiklərinə istədiyi vaxt baş çəkə, toylarını və şənliklərini keçirə, itirdikləri doğma insanları ənənəvi şəkildə son mənzilə yola sala, dini inancları ilə bağlı ayinlərə lazımi şəkildə əməl edə və hətta qazandıqları maddi nemətlərdən belə istədikləri şəkildə istifadə edə bilmirlər. Ən acınacaqlısı budur ki, artıq bir neçə aylar keçməsinə baxmayaraq, bu pandemiya ilə bağlı sual hələ də cavabsızdır. Bütün dünya və insanlıq hələ ki, cavabı tapılmayan bu pandemiyanın qarşısını alacaq vaksini və ya onun əslində deyildiyi qədər təhlükəli olmadığını kəşf edəcək və ümumiyyətlə onunla bağlı bütün qaranlıq məqamları işıqlandıracaq mütəxəssisin intizarındadır. Dünyanı xilas edəcək o şəxs, yalnız və yalnız elmin və təhsilin uğuru nəticəsində meydana çıxacaq!
Ancaq çox təəssüflər olsun ki, bizim bu istiqamətdə fəaliyyət göstərməli olan elm və təhsil müəssələrimiz, aidiyyatı qurumlarımız isə bu gün ən yaxşı halda oturub memuar yazacaq yaşda olan yaşlı nəslin nümayəndələrindən ibarətdir. Akademiklərimizin, professorlarımızın və alimlərimizin çoxu pandemiya ilə “mübarizə”də dünyada ən cahil insanların etdiyindən daha pis şəkildə mübarizə metodu sərgiləməkdədirlər. Zənnimcə ölkəmizdə ən böyük inqilabi dəyişikliklərə məruz qalmalı və əsasən də gəncləşdirilməli olan sahələrdən biri və bəlkə də birincisi elm sahəsi olmalıdır. Bunu həm pandemiya şəraiti və həm də son zamanlar cəmiyyətimizdə baş verənlərin doğurduğu nəticələr deməkdədir. Nəticələr onu diktə edir ki, bizim cəmiyyətimizdə də, elm və təhsil bütün sahələrdən daim öndə olmalı və həmişə prioritet təşkil etməlidir. Düşünürəm ki, ölkədə ayrı-ayrı fərdlərdən, ailələrdən tutmuş dövlətə qədər, bütün səviyyələrdə ən çox maliyyə elmə və təhsilə ayrılmalı, ən böyük səylər o istiqamətdə göstərilməlidir! Çünki elmsiz cəmiyyətlər, xalqlar və dövlətlər məhvə məhkumdur!
Bütün dünyanı və bəşəriyyəti yalnız və yalnız elm xilas edəcək

Mirzə li
XEBERDAR.NET

XƏBƏR LENTİ