Ariyançı İran Pəhləviləri dövrü və Güney Azərbaycan Milli Hərəkatı (2.Yazı)

Ariyançı İran Pəhləviləri dövrü və Güney Azərbaycan Milli Hərəkatı (2.Yazı)AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)


1934-cü ildə İran Məclisinin qəbul ettdiyi növbəti qanun layihəsinə görə, bundan sonra ölkədə başqa dillərdə məktublaşma, işlər, ərizələr qəbul edilməyib baxılmayacaq idi. Bu qanunda həmçinin, məmurun yerli dili (məsələn, Azərbaycan Türk dilini) bilməsinin zəruri olmadığı qeyd edilirdi. “1930-cu illərin əvvəllərində İranda yeridilən assimilyasiya siyasəti haqqında “Peykar” qəzeti yazırdı ki, İranın əhalisi qeyri-fars olan geniş rayonları, xüsusən Azərbaycan, Kürdüstan, Ərəbistan (Xuzistan) bu gün də hər cür hüquqdan məhrumdurlar. Burada yaşayan uşaqlar qeyri-ana dilində olan məktəblərdə oxumağa məcburdular. Həmin rayondan məclisə seçilmiş nümayəndənin mandatı fars dilini bilmirsə, təsdiq edilmir. Bütün dövlət məmurları farslardan təyin olunurlar və onlar bu rayonların əhalisinə qul kimi baxırlar. Onların ərizə və şikayətləri mütləq fars dilində tərtib edilməli və baxılmalıdır. Hüquq- mühafizə orqanları fars dilində tərtib olunmayan ərizələri qəbul etmirlər, bu da milliyyətcə fars olmayan şəxslərin qeyri-qanuni surətdə məhkum olmasına səbəb olur”.
Üstəlik, İran Pəhləvilər dövründə Hüseyn Kazımzadə, Rzazadə Şəfəq, Mahmud Əfşar, Mahmud Qənizadə, Əhməd Kəsrəvi kimi sapı özümüzdən olan “balta”ların aryançılığı təbliğ edərək anti-Azərbaycan konsepsiyalarını nəzəri cəhətdən “əsaslandırmağa” çalışmaları da çox təəssüf doğuran hal idi. Onların müdafiə etdikləri aryançılıq nəzəriyyəsini sonralar yenə də azərbaycanlılardan Mənuçehr Mürtəzəvi, Ə.Karəng, İnayətulla Rza, Hüseynqulu Katibi, İrəc Əfşar və başqa paniranist ideoloqlar dirçəltməyə təşəbbüs göstərmiş, ancaq onlar da heç bir əsaslı sonuc əldə edə bilməmişlər.
Bu dövrdə İran Pəhləvilərinin irqçi, mürtəce siyasətinə qarşı çıxan İran Komminist Partiyası (İKP) olmuşdur. V. Mustafayev yazır ki, İKP özünün ikinci qurultayında (1927) ölkədə milli məsələni ayrıca nəzərdən keçirib bu barədə xüsusi qərar qəbul etmişdi: “Qurultayın sənədlərində İranda müxtəlif millətlərin: ərəb, türkmən, kürd, türk millətlərinin yaşamasından, onların İran feodalları və ingilis imperializmi tərəfindən ikiqat zülmə məruz qalmalarından danışılır, İranda milli azlıqlar məsələsinə böyük əhəmiyyət verilirdi. 2 nömrəli qətnamədə o cümlədən deyilirdi: ”İran kommunist partiyası öz proqramına bütün kommunist partiyalarının milli məsələ barəsində ümumi tələbi vəşüarını, yəni hər bir millətin özünün tam müstəqilliyi, hətta mərkəzi hökümətdən ayrılmaq hüququ şüarını daxil etməli və həmin şüara uyğun hərəkət etməlidir”… İKP-nin II qurultayının materialları fars dilində azərbaycanlıların öz milli hüquqları olan, türk milləti olduğu etiraf olunan ilk sənədlər idi. Həmin fakt azərbaycanlıların milli şüurunun formalaşması və inkişafı tarixi baxımdan olduqca mühüm idi. Bu fakt göstərdi ki, burjua ziyalılarından fərqli olaraq, geniş təbəqələrin nümayəndələri xalqın etnik şüuruna uyğun olaraq azərbaycanlıları türk hesab etməklə kifayətlənməmiş, onları millət kimi tanımışlar. Bu cəhətin əhəmiyyəti onda idi ki, öz mahiyyəti etibarilə millətçi olan Azərbaycan burjuaziyası nəinki milli ideya işleyib hazırlamadı, əksinə o, öz-özünü assimilyasiya uğrunda çıxış edərək milli (o cümlədən Azərbaycan) məsələnin həllindən uzaq olmasını, Azərbaycan millətinin spesifik milli mənafeinin ifadəçisi olmağa hazır olmadığını nümayiş etdirdi”.
V.Mustafayev yazır ki, İKP-nin millətlərin öz müqəddəratını təyin etmə hüququ uğrunda və dövlətin assimilyasiya siyasətinə qarşı çıxmasına baxmayaraq, o özü yazılı sahədə ideoloji mübarizəni fars dilində apararaq dillərin bərabərlik prinsipini gözləmirdi, bu daİranda mütərəqqi, demokratik quruluşun bərqərar olması uğrunda mübarizə aparan İKP-nin sosial bazasını məhdudlaşdırırdı: “Başqa sözlə, İKP uğrunda mubarizə apardığı prinsipləri əməldə həyata keçirmirdi. Əgər azərbaycanlılar İKP-nin tərkibində millətlərin (o cümlədən Azərbaycan millətinin) öz müqəddəratını təyin etmək hüququ uğrunda prinsip etibarilə çıxış edirdilərsə, Azərbaycan ziyalılarının, orta təbəqələrin, xırda burjuaziyanın bir sıra nümayəndələri real milli zülm siyasətinə qarşı çıxaraq öz etirazlarını bu və ya digər şəkildə nümayiş etdirirdilər. Başqa sözlə həmin təbəqələrin nümayəndələri azərbaycanlıların milli hüquqlarını indi və burada həyata keçirməyə çalışırdılar. Buna görə də Azərbaycanda milli hərəkat xırda burjua xarakteri daşıyırdı”.
Aryançı Pəhləvilərin almanpərəst dövrü və Güney Azərbaycan. İkinci Dünya müharibəsi ərəfəsində və müharibə illərində Pəhləvilərin türkləri ucdantutma məhvetmə və farslaşdırma siyasəti bir qədər dəyişdirildi. Çox güman ki, bunan əsas səbəb Azərbaycan türklərinin farslaşdırma siyasətinə, aryanizmə qarşı ciddi müqavimət göstərməsi idi. Başqa sözlə, türkləri, o cümlədən Azərbaycan türklərini sərt siyasətlə, yəni zor tətbiq etmə üsulu ilə farslaşdıra bilməyəcəklərini anlayan Pəhləvilər nisbətən yumşaq güc siyasətinə üz tutası oldular. Bu məqsədlə 1938-ci ildə “Pərvəreşi-Əfkar” (Fikirlərin Yayılması Qurumu) təşkilatı yaradıldı ki, burada da əsas məqsəd elm və təhsil yolu ilə aryançılığı Azərbaycan türklərinin şüuruna yeritmək idi. N.Nəsibli yazır: “Məşrutə dönəmindən qalma “İran milləti” anlayışına yeni rənglər qatıldı. Əski İran tarixinin, özəlliklə Sasani dönəminin ideallaş¬dırılması rəsmi tarixçiliyin özünü təşkil etdi. Məktəblərdə tədris edilən və mətbuat yayın orqanlarında müdafiə edilən “Ariya irsi”, insanlığın ən qiymətli tarixi dəyəri olaraq təqdim edilirdi”.
Bizcə, Pəhləvilər xüsusilə də, Almaniyaya ilə yaxınlaş¬dıqdan sonra Azərbaycan türklərini zorla farslaşdırıb fars milləti adlandırmaqdan bir qədər geri çəkilib, almanların da məsləhətləri ortaq “iranlı”, “İran milləti” kimliyi yaratmaq işinə daha çox girişdilər. Bu anlamda Azərbaycan xalqını farslara qohum xalq elan etmək məqsədilə Pəhləvilər “Persia” adını arxa plana keçirərək “İran”-“Aryan” adını önə çəkdilər. Bu o demək idi ki, Pəhləvi ideoloqları artıq Azərbaycan türklərinin farsdan dönmə siyasətini nisbətən yumşaldıb, onlara daha çox “azəri” damğasını vurmaqla, farslarla azərilərin iran/aryan mənşəli olması təbliğatını gücləndirdilər. Başqa sözlə, 1935-ci ilə qədər Azərbaycan türklərini farsdan dön¬mə deyib zorla farslaşdıranlar, bu dəfə Azərbaycan türklərini “azəri” adı altında farslara qohum xalq elan etməklə özlərinə bağlamağa başladılar. Onların nəzərində farslarla “azəri”ləri birləşdirən də İran mədəniyyəti, İran dövləti, fars dili, bir sözlə ortaq Ariyan irqi idi. Əkrəm Rəhimliyə görə, hakimiyyətə gələn gündən fars şovinizmini təbliğ edən Rza Pəhləvinin sonralar ingilislərdən çox almanlarla yaxınlaşmasında “aryançılıq” nəzəriyyəsi mühüm rol oynamışdı: “Bu məfkurədə farsların ali irqə – “ariya” irqinə mənsubluğu və bu irqin alman irqi ilə qohumluğunun “sübuta” yetirilməsinə cəhd edilirdi”.
Aydın Qasımlı da yazır ki, Rza şah Azərbaycan Türklərinə qarşı yönəl¬miş fars şovinist siyasətində o dövrdəki alman farsizminin irqçilik və ariçilik nəzəriyyələrindən bəhrələnmişdi: “Azərbaycan Türklərinə qarşı planlı şəkildə və daha qəddarcasına həyata keçirilən bu siyasət mahiyyətcə Azərbaycanın bir ölkə kimi tamlığına və Azərbaycan Türklərinin milli bütövlük şüuruna qarşı yönəlmişdi. Bu məqsədlə Rza şah ölkədə faşist yönlü təşkilatlar yaratmış, silahlı qüvvələr daxilində, sarayda, nazirlik¬lərdə, hərbi sənaye müəssisələrində, texniki-peşə məktəblərində, ali təhsil müəssisələrində faşist ruhlu mütəxəssislər yerləşdirmiş, hətta ölkədə faşist çevrilişi hazırlamış, ölkənin dörd bir yerinə faşist agentləri səpələmişdi”.
Bizcə, “Persia” və “İran” anlayışlarının türklər arasında ziddiyyətlərə yol açmasının nəticəsi olaraq Azərbaycan türklərinin əksəriyyəti bundan çıxış yolu kimi Arian-Fars kimlikli “İran”a qarşı, Türk-Turan kimlikli “Azərbaycan”ı ortaya qoydular. Yəni 1925-ci ildə Türk Qacarlar dövlətini itirməyimizin nəticəsi olaraq ortaya çıxan ariyan-fars kimlikli “İran”a qarşı təskinliyimizi, daha sonra da xilasımızı Türk ruhlu “Azərbaycan”da axtarmağa başla¬dıq. Çünki Türk ulusu olaraq şüurlarmızı qarışdıran Fars-Arian “İran”ından qurtulmaq üçün hələlik, böyük “Turan” deyil, onun mərkəzi olan Azərbaycan qurtuluş yolumuz kimi görünməkdə idi. Bu anlamda 1925-ci ilə qədər mövcud olan Türk dövlətlərinə “Turan” çərçivəsində deyil, onun əsas mərkəzi olan Azərbaycan yönündən yanaşmağa məcbur olduq. Faktiki olaraq Türk ruhlu Azərbaycanın kiçik bir hissəsi Sovet Rusiyasının, böyük hissəsi isə İran Pəhləvilərinin nəzarəti altında olduğu üçün də, 1925-ci ilə qədərki Türk dövlətlərini ya “İran”, ya da “Azərbaycan” dövlətləri şəklində görməyə məcbur edildik. Üstəlik, Azərbaycanın böyük hissəsi 1925-ci ildən sonrakı Pəhləvilər “İran”ın nəzarəti altında olduğu üçün, 1925-ci ilə qədər burada hökm sürmüş Türk dövlətlərini “İran” dövlətləri şəklində şüurlarmıza yeridilməsi ilə əsasən, razlaşmağa məcbur edildik. Belə ki, guya, Midiyanın süqutundan sonra (e.ə. 550-ci il) “İran”ın təqribən 2500 illik şahlıq dövrü olub ki, onun da əsasını farslar qoyublar. Sadəcə Türk Qəznəli¬lərdən başlayaraq həmin “İran”ı min ildir Türk dövlətləri idarə ediblər ki, elə onlar da “İran müstəbidləri”dir. Çünki bu uydurmalara görə, bu Türk dövlətləri (Səfəvilər, Əfşarlar, Qacarlar və b.) də “İran”, “iranlıq”, “İran mədəniyyəti”, “fars dili”nə xidmət edərək Azərbaycana, Azərbaycan xalqına düşmən olublar. Bütün bu uydurmalar da yalnız Quzey Azərbaycan deyil, Güney Azərbaycandakı ədəbiyyat, tarix, fəlsəfə kitablarında geniş şəkildə təsvir olunmuşdur.

Ariyançı İran Pəhləviləri dövrü və Güney Azərbaycan Milli Hərəkatı (2.Yazı)

  • 6-07-2021, 12:24
  • 414


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Ağdam rayon İcra Hakimyyətinin başçısı şəhidin qardaşını işdən çıxardı
  2. Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB
  3. MTN GENERALININ RÜŞVƏT ALDIĞI ŞƏXSLƏRİN ADLARI AÇIQLANDI - Siyahı
  4. Prokurorluq Gəncədəki ölüm hadisəsi ilə bağlı məlumat yayıb
  5. “Azərişıq”in əməkdaşını cərəyan vurub öldürdü
  6. İrəvanda Türkiyə bayrağı gəzdirənlər iranlı çıxdı?..- Ermənistan polisi...
  7. Araik Xocalı ərazisində sement zavodu acdı... YENİLƏNİB-FOTOLAR+VİDEO
  8. Sumqayıtda üçüncü dəfə evdən gedən gənc ana iki ay sonra Bakıda tapılıb
  9. Sabah Bakıda hava küləkli olacaq - Dağlıq rayonlara yağış yağacaq
  10. Sabunçunu daha kimlər TALAYIR... - İTTİHAM
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI