Nağıllar ölkəsi !!!

Nağıllar ölkəsi !!! Ramin Əziz

Bəzən mənə elə gəlir ki, hansısa nağıl qəhrəmanıyam və ya həyatım nağıllardan ibarətdir. İndi təsəvvür edin, mənim kimi nə qədər insan bu gün bu vəziyyətdə həyat yaşayır.
Ölkədə minimum əmək haqqı heç aylıq kommunaları ödəməyə çatmır, Hər ay mənfi saldo ilə növbəti ayın yaxasından yapışırsan ki ,bura gəl qaçma. Təqaüdçülər öləcəyi günü gözləyirlər, dövlətdən maaş alanlar maaşı alanda pulun üstünü düzəldib problemlərini həll etməyə alternativ borc-xərc axtarırlar. Günəmuzd işləyənlər isə bir gün işləyir iki-üç gün isə Allaha yalvarır ki ruzi yetir.Ölkənin real mənzərəsi jalüzün arakəsmələri kimidir.Gah görünür,gah görünmür.
Belə bir vəziyyətdə, sosial partlayışın astanasında olan cəmiyyətə qəsd edib qiymət artımlarını hesabatdan hesabata millətə bəyan etmək nə dərəcədə doğrudur?
Doğurdanmı Ölkə büdcəmiz göstərilən rəqəmlərin kandarından boylanır? Yoxsa profisit pulların büdcədə qaldığı deyildiyi halda qiymət artımları etməklə əhaliyə barmaq silkələyirlər ki, burda mənəm Hacıqabulda Hacıleylək ?
Tarifin hərfi mənasını soruşsan tapıb deyə bilməyəcək qədər savadı aşıb daşan, başı bədəninə ağırlıq edən çiyindən yuxarı kəllələr yığışıb yeyib içməkdən sonra əli yağlı-yağlı qərar yazıb çıxardırlar ki,bəs Avropadan geri qalmamalıyıq. Qiymətlərimizi uyğunlaşdırıb Avropaya biz də belə inteqrasiya edək. Əvvəllər Çarlinin mələkləri kimi gecələr qərar verib camaatı səhər tezdən şehli-şehli məst edirdilərsə, indi qərara gəliblər ki,bəs qərarı elə verək camaat oyaq vaxtı eşidib yerindəcə insult keçirtsin. Camaatımız da acığa düşüb dirəşib birtəhər dişini dodağına sıxıb dözür. Axı, ortada prinsip var, dözə bilmək prinsipi.
Bakı şəhəri Azərbaycanın kiçik modeli kimi hamının gözü önünə sərilib ayaqlarını da aşırıb bir-birinin üstünə.
Ölkənin rayonlarından camaat açılan iş yerlərində işləməkdən təngə gəlib daha az işləyib daha çox pul qazanmaq üçün üz tuturlar Bakımıza.Adam başına bir maşın düşən probkalı Şəhər həm insan əlindən, həm də süni qiymət artımlarından cana-boğaza yığılıb. Əlacı olsa dil açıb ikicə kəlmə söz deyər adamın dəymişi dura-dura kalı tökülər.
Demək, hər gün tikilən bərli-bəzəkli binalarda bir kvadrat metrə görə qiymətlər artan şkala ilə dəyişir, qiymətlər od tutub yanır.Həmin binalardan adambaşına 10-15 mənzil alan, öz tükü üstündə dolanan biznesi men olmuşlarımız bir müddət sonra buraxırlar bu mənzilləri kirayə üçün aborota(dövriyyəyə).
Qiymətləri də elə tənzimləyirlər ki, sanki bir-birləri ilə sözləşib ortaq komissiya yaradıblar. Normal şəraitli bir otaqlı mənzil minimum 350 manatdan başlayır. İndi adama sual verərlər ki 250 manat maaş alan ailə başçısı kirayəni nə ilə və necə ödəsin?
Bunun axırı necə olacaq?
Heçnə, axırı necə olasıdır ki, onu ancaq axıra qalan biləcək.
Ən yüksək maaş 550-600 manatdırsa orta təbəqə üçün,ailədə dörd nəfərdirlərsə 350manat maaşı kirayəyə verdikdə bəs yerdə qalanlar da kommunal ödənişlərə gedəcəksə, yaxşı ərzaq, geyim, xeyir-şər, yol pulu, qəfil yaranacaq sağlamlıq xərcləri, bunlar necə olacaq?
Bu suala cavab tapmaq üçün Yapon alimi də gətirsən gözünü döyüb cavab verə bilməyəcək.
Yaxşı, bəs biz qara camaat çıxış yolu kimi hansı alternativlərdən istifadə edək?
Oğurluq edək? Yox olmaz. Polis əmilər tutar. Özəl biznes açaq? O da alınmaz, çörək almağa pul tapmayan adam bu zəmanədə biznesi necə qursun. Bəlkə narkotacir olaq? Yox, bu da olmaz. Çünki camaatımız bu barədə düşüncə sarıdan bütün millətlərdən öndədir. Çox pul qazanmaq mümkün olsa da heç kim bu yola əl atmaz. Bəs neyləyək?
Bu suala cavabı heç kim özünə sərf edən tərəfdən cavab tapa bilmir. Beyin quruyub çıxış yolu düşünmək olmur. Quruyan beyin yalnız nəyi fikirləşər sizcə ?
İntiharı...
Düz tapdım?
Bəli. Amma bu da əsla çıxış yolu deyil. Canını özün qurtara bilərsən belə yaşayışdan, bəs ailəndə səndən asılı olub hər axşam çörək gözləyənlər?
Ona görə də hər şey zəncirvari bir-birini elə tarazlayır ki,məcburən dözməyə məhkumsan.Qətiyyən səsini çıxarıb haqqını istəmə, amma döz.
Obyektinin, evinin sayını bilməyən harın əmilər isə hər gün canlı musiqi ilə restoranlarda kabinet bağlatdırmaqla rahat-rahat haqqımızı yesin, biz isə baxıb bayırdan içəri həsəd aparıb udqunaq.
Buna da şükür. Şükür deməkdən Şükürlər də bezib əlimizdən.
Tv kanalizasiya xətlərimiz hər gün gözəgəlimli kadrlarla gözümüzə kül üfürsün, bizlərə alman,franasız nağılları danışsın. Biz isə manatımızın pesoya nisbətdə daha bahalı olması ilə fəxr edək.Gürcüstanda baş verən proseslərə ekspertlik edib, neftin qiymətinin qalxmasına sevinib çəpik çalaq.
Deməli, bu qədər problemləri həll etmək üçün ya canından keçməlisən ya da kimlərinsə haqqını yeməlisən.
Ya da ki qoşulub avtobus müxalifətinə dolanışığın yolunu tapmalısan.
Məmur-məmur oyununun görək sonu necə bitəcək deyib, bir az sosial şəbəkələrdə hay-küy salaq sonra da boş vaxtlarımızda İran - İsrail dava-davası oynayaq günümüz keçsin. Bəzi parlament nümayəndələrimiz də biz Xalqa baxıb ürəklə səy-səy fikirlər söyləsin. Nədi-nədi ki, bu deputatdır. Nə desə düzdü.
Biri desin uşaqpuluna ehtiyac yoxdur, digəri desin işdən sonra kartof, soğan əkin.
Ən axırıncı “vıpuska” da dünəndə-sırağa gündə desin ki, kişi evdə qadınına maaş versin.
Qadına maaşı kişilərə verdirməkdə məqsədiniz nədir? Qabaqdan gəlmişlik etmək istəyirsiniz ki, sonra dünyaya haray salasınız Azərbaycanda neçə min iş yeri açılıb?
Bir sözlə bilin ki, əziz deputatlar, məmurlar və yuxarılar biz nə qədər lazımdırsa dözəcəyik. Yetər ki, yeni nağıllar danışmaqla qulaqlarımızı yara etməyin.
Qarın sözlə deyil, çörəklə doyur.
Nağılın sonunda deyildiyi kimi, göydən üç dənə nə isə düşdü, üçü də mənim gözümə girdi.
The End !!!


Nağıllar ölkəsi !!!

  • 11-12-2021, 17:41
  • 986


Oxşar mövzular
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI