Fərman prezidentin, büdcə dövlətin, yem(ək) dövlət məmurlarının - Maliyyə qurumları dövlətin ayırdığı vəsaiti təyinatı üzrə xərcləmir

190 14-01-2023, 09:54 cemiyyet

Fərman prezidentin, büdcə dövlətin, yem(ək) dövlət məmurlarının - Maliyyə qurumları dövlətin ayırdığı vəsaiti təyinatı üzrə xərcləmirYazıya giriş vermədən , birbaşa faktlara keçək. Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2001-ci il tarixli 613 saylı “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı əlil olanlara (12.11.2022 tarixli 1878 saylı fərmanla “müdafiəsində əlilliyi müəyyən edilmiş şəxslərə”) 130 min manat ( 05.01.2021 tarixli 1244 saylı fərmanla 26 manat ) aylıq müavinət ayrılması qərara alınıb. Ölkədə ən yüksək hüquqi qüvvəyə malik olan qanunun – Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə görə, prezident fərmanlarının icrası məcburi olduğu halda, hələ də ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı dövlətin ayırdığı vəsaiti təyinatı üzrə verməkdən imtina edir. Fərmanın hələ də qüvvədə olduğunu Ədliyyə Nazirliyinin hüquqi aktların vahid elektron bazası , yuxarıda mötərizədə göstərdiyimiz “kosmetik” dəyişikliklər tarixi doğrulasa da, icrasından imtina edilməsi , hətta məhkəmə hakimiyyətinin sosial təminat hüququnu rüşvətlə mümkün saymaması ölkədə hüquq , məhkəmə sisteminin hansı aşağı qatda olmasını ortaya qoyur. Nə Maliyyə Nazirliyi, nə Hesablama Palatası , nə də hüquq mühafizə orqanları bu açıq-aşkar hüquq dələduzluğuna hüquqi qiymət verilməsini təmin edir. Əksinə, “sosial yönümlü” büdcədən hərə öz yem(ək) payını yeməklə büdcə gəlirlərinin bölünməsinə “nəzarət edir”. (?)
Prezidentin 29 dekabr 2000-ci il tarixli 597 saylı “ Əlil olmuş və digər kateqoriyalardan olan bir qrup aztəminatlı vətəndaşlara dövlət yardımının artırılması haqqında” sərəncamı ilə 1-ci dərəcəli Qarabağ əlillərinə ayrılan 70 min manat, 2-ci dərəcəlilərə 60 min manat, 3-cü dərəcəlilərə 50 min manatın verilməsi də təmin olunmur . Bunu da maliyyə qurumları məhkəmə hakimiyyəti ilə ortaq yeyir. Bu ortaqlığın pay bölgüsü “sosial -kommersiya sirri” olduğundan hələ də nə onlarla min manatların nə indeksasiyası yada düşür, nə də təyinatı üzrə verilməsi. Ünlü milli filmdə deyildiyi kimi, buna da “bir quş”!
“Əmək pensiyaları haqqında” qanunun 19-cu maddəsinə görə, 1-ci dərəcəli Qarabağ əlillərin pensiyalarına 110 manat, 2-ci dərəcəlilərə 77 manat, 3-cü dərəcəlilərə 55 manat əlavə nəzərdə tutulsa da, maddənin qüvvədə olduğu 2019-cu ilə kimi nəinki verildi, heç yada düşmədi; maliyyə qurumları öz aralarında necə böldüsə, adı Qarabağ əlillərinin oldu, dadı dövlət məmurlarının. Onu da vurğulayaq ki, sözügedən maddədə Böyük (?) Vətən (??) Müharibəsi (???) əlillərinə Qarabağ əlillərinə nisbətdə 40 -100 faiz artıq ayrılan uyğun olaraq 154, 121 və 110 manatlıq əlavənin verilməsinin kəsilməsindən söhbət belə getmədi. Həmin maddənin 19.1.4 maddəsinə əsasən, 1-ci dərəcəli əlillərə qulluğa görə nəzərdə tutulan 11 manatlıq aylıq müavinət də 2006-cı ildən 2019-cu ilin aprelinə kimi verilməyib. 2019-cu ilin aprelindən həmin müavinət 50 manatlıq Prezident təqaüdü kimi 1-ci dərəcəli əlilə qulluq edən şəxsə təyin edilib və 2023-cü ilin yanvarın 1-dən 100 manata qaldırılıb. İndicə Prezident bu barədə fərman imzalayıb. Di gəl, yenə də 13 il 3 ay qüvvədə olan normativ hüquqi aktın 1-ci dərəcəli əlillərə tətbiq edilməsi barədə müraciətlərə “quş qoyulur”.
Prezidentin 23.12.2021 tarixli fərmanı ilə vəzifə maaşına müəyyən edilmiş 20 faizlik əlavənin də “Əmək pensiyaları haqqında” qanunun , artıq birdəfəlik ləğv edilərək “quş qoyulmuş” 29.2 maddəsinə əsasən , Qarabağ qazilərinin, şəhid ailələrinin pensiyalarına hesablanması gerçəkləşməyib . Yenə də fərman prezidentin, büdcə dövlətin, yem(ək) dövlət məmurlarının.
NK-nın 08.01.2013 tarixli 2 saylı qərarı ilə hərbçilərin ərzaq payı norması ikiqat artırılsa da, 10 ildir bu artım hərbi pensiyalarda görsənmir. Hökumət “quşlaya- quşlaya” gedir . Konstitusiyaya “quş qoymaq”la isə sosial təminat, pensiya təminatı yox, məmurların yem(ək) təminatı gerçəkləşər.
Məğrur Bədəlsoy
Teref.az

XƏBƏR LENTİ