Söz adamı, yol adamı, sədaqətli dost

589 11-02-2023, 09:13 siyaset / cemiyyet / gundem

Söz adamı, yol adamı, sədaqətli dost
Hər bir insanın qəlbində onun xalqının minatür portreti vardır.
Freytaq

Sözə sığınanların ruhu, insana münasibəti də söz kimi təmiz olur. Özlərindən də sözləritək mənən zövq alırsan. Ruhun təzələnir. Ağrıları qismən də olsa unudursan. Özünü fərqli aləmdə hiss edirsən. Yaşamaq təkcə günlə, ayla, illə yaşamaq deyil. Bunlar təqvim yaşamıdır. Yaşamaq xoşbəxtlik kimi anın yaşamıdır.
Başqa zamanın, mühitin adamları ilə birlikdə olanda düşüncən, həyata baxışın dəyişir.
Göy üzü aram-aram
ulduzları qoparır.
Qolun boynuna salıb
bulud ayı aparır.
Yuxumu itirmişəm
bu darıxan gecədə.
Əlin qoynuna qoyub
mürgü vurur küçə də.
Bu sükutlu gecədə
o sevdiyin mahnını
sənin təki oxudum
əyilib ürəyimə.
Sözü müqəddəs sayan, sözə dəyər verən, zamanı dəyərləndirənlərlə birlikdə olmaq böyük xoşbəxlikdir. Başqa bir ovqata köklənirsən. Dəfələrlə qarşılaşdığına onların baxışını dinlədikcə, baxışın dəyişir. Gördüklərinə, duyğuqlarına təzədən, ayrı bir baxış bucağından baxırsan. Baxmalı olursan. Artıq hər şey sənə fərqli görünməyə başlayır.
İnsanlığı və yaradıcılığı ilə bizi sevindirəndir Rəfail Tağızadə!
Sаkit bir otаq istəyirəm...
Çаyı dа özüm süzəm
ürəyim istəyəndə.
Dəyib-dolаşmаyаlаr
heç olmаsа bu günlük –
deyən, lakin hər zaman fikri uzaqlarda – Vətən adlı doğma dağ kəndinin bir komasında isti sobanın yanında balaca pəncərədən boylanan qışın soyuğunu unutduran Rəfail Tağızadənin düşüncəsinə yoldaşlıq edərək onunla hər gün Qarabağa getmək olar.
Qəlbi, ruhu Qarabağla döyünən Rəfail Tağızadənin hamımız üçün olan ümumi dünyamızın içində öz dünyası var. Onun dünyası QARABAĞdır!
Ağrısına daha çox ağrıyan, sevincinə lap çox sevinən, şeir, poema və esselərinin ən çoxunu sevdiyi Qarabağa həsr edən Qarabağ sevdalısıdır Rəfail Tağızadə!
Səngərdən doğma Qarabağa baxıb, izi itmiş yolları baxışları ilə təmizləyərək dağıdılan evlərin gömülmüş, mamır basmış daşlarından qışın oğlan çağında hamımız üçün xəyali evlər qurur. Vətəni vətən etmək, “Bura bizimkidir!” - demək üçün.
Səngərin üstündən doğma yurda uçub keçən quşlara paxıllığı tutan zabit Rəfail Tağızadənin yaşadıqlarını ağrını yaşamış zabit olaraq yaxşı anlayıram:
Səngərin о üzü mənim... bilmirəm,
çıхıb qаyıdırаm, keçə bilmirəm.
Getmək istədiyim yer göz önündə,
gedib о yerlərə çıха bilmirəm.
Qаrşımı аtəşkəs, kəsənlər kəsib,
аyаğım istəyin yоlunu kəsib.
Ölüb neçə kərə girirəm yerə,
əsgərlər səngərdən qаzıb çıхаrır.
Rəfail müəllimin hər yazısında Torpaq itkisinin, Vətən həsrətinin ağrısını duymaq mümkündür.
Onun Qarabağa gedən hər kəsdən umduğu, həsrətində olduğu Vətən torpağı olub.
Baxışımı göndərim
yoluna həmdəm kimi.
İçimdə qıvrılıram
ruhsuz bir sərsəm kimi.
Kol-kos basmış yollarda
quruyub iz yarpağım.
Yolçu, ordan quş göndər,
dimdiyində torpağım.
Yel üzümə tutulan
tor qapını açdımı?
Uşaqlığım dururmu?
Baş götürüb qaçdımı?
Daşıdılar qalmadı
torpağımı, daşımı.
Qoymağa yer qalıbmı,
ayağımı, başımı?
Rəfail Tağızadənin torpaq sevgisinin poetik ifadəsi də fərqlidir:
Heç nəyi
bir udum su,
bir damla göz yaşı həsrətindən
cadarlanan torpaq qədər sevmədim.
Kol dibində boynun bükən
bənövşəni belə.
Ətrindən məst olduğum
qızılgülü belə.
Hətta səni belə...
Nə yaxşı ki, Rəfail müəllimin həsrət, ağrı dolu şeirləri sonda sevincə kökləndi. Ağrılarını unutduran Ordumuzun qələbəsinə bir vətəndaş, qarabağlı, keçmiş zabit və şair kimi sevindi:
Zaman bu zamanmış, məqam bu məqam,
Sabaha ümidli, dünənə yadam,
Sənin hər uğruna sevinnəm, şadam.
Həsrət torpağımda toy-busat qurdum,
Mənim məğrur ordum, qəhrəman ordum!
Hər döyüş millətin tarix yazısı,
Qurtuluş yazısı, taleh yazısı,
Ağrını unudan fateh yazısı.
Müqəddəs torpaqdan xaini qovdun.
Mənim məğrur ordum, qəhrəman ordum!
Rəfail Tağızadə ilə təkcə birlikdə olanda deyil, hətta onun adı çəkiləndə ona olan münasibətə sevinirsən. Bu tədbirlərdə də belədir, adi həyatda da.
Döyüşdə olduğum zaman Azərbaycan Radiuosunun efirindən Xalq artisti, sevimli sənətkarımız Eldost Bayramın ifasında Rəfail Tağızadənin “Əsgərə məktub”una qulaq asarkən əsgərlərimin üzündəki sevinci görəndə müəllifin əziz dostum olduğuna çox sevindim və qürur duydum.
Onun Qarabağla bağlı şeir və esseləri əsasında Azərbaycan Radiuosunda və İctimai Radiuoda hazırlanan kompozisiyalar dinləyicilərin böyük rəğbətini qazanıb.
İtkini, ağrıları hər zaman içində daşıyan Rəfail Tağızadənin “Kimsəsiz evlər” şeirini oxuyanda təkcə qarabağlılar deyil, dünyanın harasında yaşamasından asılı olmayaraq istənilən insanın gözü önündə gördüyü, tanıdığı bir ev canlanır.
İlahi, bu evdə kim qalacaq, kim?
Bu evin yükünü kim qaldıracaq?
Çəkib öz içinə dərd havasını,
bu sönmüş ocağı kim yandıracaq?
Üşüyən sobada dərdli kösövlər,
qırılan, yarımçıq ömür kimidi.
Qaralmış divarı bağrına basan,
kövrək xatirələr kömür kimidi.
Sahibin axtaran bir qara xəyal
qulaq kəsilibdi yel sorağına.
Dikib gözlərini qəriblər kimi
bağlı qapıların lal dodağına.
Yiyəsiz evlər də adam kimidi,
bir ev də beləcə yetim qalacaq.
İsti nəfəslərə möhtac evlərin,
bağlı qapıların torlar alacaq.
İlahi, bu evdə kim qalacaq, kim,
sükutda boğulan zaman içində.
Dərdi özü boyda nəm çəkən evlər,
intizar içində, güman içində
* * *
Birinin kim olduğunu bilmək istəsəniz, kimləri, nələri sevdiyinə, hansı mənəvi dəyərlərə sahib olduğuna diqqət yetirin.
Mövlana
Zamanın yaşatdığı insanlardan fərqli olaraq, zamanı yaşadan insanlarda var. Zamanı yaşadanlar yaradıcı insanlardır.
Rəfail müəllim insanlarla bərabər təbiəti – onun dənizini, Ayını, gecələrini – Tanrının yaratdığı hər şeyi, ilin fəsillərini də sevir.
Payızda ağacın tökülən rəngarəng yarpaqları kimi sözdən bir payız tablosu yaradır. Onun payıza sevgisi bambaşqadır:
Soyunub əynini təzə gəlintək,
töküb paltarını ayaqlarına,
gecə yağışında yuyunub, təmiz,
əlində xınası qurumamış qız...
Mən səni sevirəm, sevirəm payız.
Rəfail Tağızadə yata bilmədiyi narahat, darıxan gecələri səhərə əllərinin içində daşıyır:
Bu darıxan gecədə
nə dənizin dalğası,
nə də ki bir kölgə var
üzümə toxunası.
Bu gecə qonaq Ay yox
mənimlə söhbətləşə,
bu lal-dinməz gecədə
dərdlərimiz dərdləşə.
Bu darıxan gecəni
qaranlığın qoynunda
səhərə daşıyıram
əllərimin içində.
Rəfail Tağızadə ilə hərdən Şopenin musiqini – nöktürnlərini dinləyə-dinləyə Varşavanın küçələrini gəzirik. “Şopenin ürəyi” poemasında dediyi kimi:
Musiqiçi dostum
bir nöktürn çal.
Məni məndən qopar,
məni məndən al.
Bu qarışıq dünyada özünə qurduğu, yaratdığı sükutda arzuları ilə bərabər narahatlığını da vərəqə köçürür.
Taleyin boz fəsli dəyişmir hələ,
bu ömür baharla sevişmir hələ,
gecədə Ay da yox, gündüz də belə,
gün keçir, ay ötür, könül nigaran.
Günahlar atılır zamanın üstə,
ömürlər əriyir gümanın üstə,
yaxşılar savaşır yamanın üstə,
gün keçir, ay ötür, könül nigaran.
Əllərdən qaçanlar gözlərdən qaçır,
kar qulaq haqq olan sözlərdən qaçır,
yorulan yollar da izlərdən qaçır,
gün keçir, ay ötür, könül nigaran.
Tabladıq dərdlərə dözənə qədər,
xərcləndik günləri üzənə qədər,
yaşadıq, bu ömrü çözənə qədər,
gün keçir, ay ötür, könül nigaran.
Biz çox vaxt yanımızda, bizimlə birlikdə olanların dəyər vermirik. Onlara o vaxt diqqət yetirib təzədən baxmalı oluruq ki, kənardan kimsə onların haqqında danışsın, müsbət fikir söyləsin. Ondan sonra ona dəyər verməyə başlayırıq. Birlikdə olduğumuza, tanıdığımıza sevinirik.
Biz zamanında insanlara qiymət versəydik şair Cabir Novruz: “Zamanında qiymət verin insanlara...” deməzdi.
Rəfail Tağızadə hara gedirsə, orda doğmalıq yaradır. O, fərqli sosial qrupların və kollektivlərin rəğbətini və sevgisini qazanan çox nadir insanlardandır. Rəfail Tağızadəyə aid bir məclisdə iştirak etmək kifayətdir ki, fərqli peşə və dünya görüşlü insanların bir arada olmasının şahidi olasan. Bu birləşdirici qabiliyyət onun xüsusi keyfiyyətidir. Rəfail Tağızadənin dostları, sirdaşları və silahdaşları arasında alimi də var, şairi də, hərbiçisi də, siyasətçisi də. Hər biri də dəyərli, böyük hörmət və ehtiram sahibləri...
Rəfail Tağızadə etibarlı insan, sədaqətli dostdur. Onun yol yoldaşlığı da bambaşqadır. Tale elə gətirdi ki, bu işıqlı adamı mən bu gün də çiyin-çiyinə sıralarında ümidlə və qürurla birgə addımladığımız Ümid Partiyasında gördüm, tanıdım və şəxsiyyətinə qarşı böyük hörmət və ehtiramım yarandı. Ölkəmizin müxtəlif bölgələrində keçrilən partiyamızın yerli təşkilatlarının konfranslarına, məclislərinə və müşavirələrinə partiya rəhbərliyi adından çox zaman birgə qatıldıq. Əksər vaxtlarda qatar və avtobuslarla etdiyimiz bu yolçuluqda Rəfail Tağızadənin başqa bir keyfiyyəti ilə də tanış oldum. Yol yoldaşlığı. İnsanı tanımaq üçün məşhur bir deyimdə deyilən: “Qardaşın necə adamdır? Yol yoldaşı olmamışam”a cavab olaraq deyim ki, Rəfail Tağızadə ilə yol yoldaşlı olmaq istirahətə getmək kimidir. Yol nə qədər uzundursa, zaman da bir o qədər maraqlı və mənalı olur. Onun hər söhbəti bir hekayədir. Yolçuluğun nə zaman başlayıb, nə zaman bitdiyini bilmirsən. Amma bildiyin bir şey olur, heç nə məhşur türk seriallarındakı kimi yarımçıq qalmır, əksinə inanırsan ki, Rəfail Tağızadə ilə növbəti yolçuluqda yeni bir həyat hekayəsini dinləyəcəksən.
İnsanı tanımaq üçün onun keçdiyi yola nəzər salmaq kifayətdir. Çünki onu tanıdan keçdiyi yoludur. Bir də özündən sonra qalanlar...
Tağızadə Rəfail Alı oğlu
Şair, publisist, esseist
11 fevral 1958-ci ildə Ağdamda doğulub.
Azərbaycan Politexnik İnstitutunda (indiki Texniki Universitet) təhsil alıb.
Müxtəlif vəzifələrdə çalışıb.
Azərbaycan Milli Ordusunda zabit kimi ön cəbhədə qulluq etməklə bərabər, həm
də Milli Ordunun yaradılmasında iştirak edib. Ordu Birləşməsi Komandanlığı
tərəfindən “Şah İsmayıl Xətai” və başqa Fəxri fərmanlarla, gecə döyüşünün
təşkilinə görə qol saatı və müxtəlif hədiyyələrlə təltif olunub.
Ümid Partiyası Ali Məclisinin sədridir.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
“Qapı”(2004) və “Qarabağ rüzgarları” (2009), “Gecə xəyalları” (2013), “Su
üzərində bahar” (2019) kitablarının müəllifidir.
Dünya şöhrətli alim Rafiq Əliyev haqqında “Su kimi sakit və güclü” kitabını tərtib edəni və redaktorudur.
“Şəhid qardaşlar” və “Qarabağ – Həsrətdən Zəfərə” kitabları nəşrə hazırlanır.
Çağdaş dünya ədəbiyyatını, xüsusi ilə polyak şairlərinin şeirlərini dilimizə tərcümə
edir.
“Qəfil görüş” çağdaş polyak şeir antologiyası kitabının həmmüəllifidir.
Polyak şairlərinin şeirlərini tərcümə edərək “Şairlər eyni dildə danışırlar” kitabını hazırlayıb.
Çoxlu sayda kitabların redaktorudur.
Azərbaycan və İctimai Radiolarda Qarabağla bağlı esse və publisistik yazılarından
ibarət kompozisiyalar hazırlanıb.
Rəsul Rza mükafatı laureatıdır (2006). (“Qarabağ Qazisi haqqında
ballada” poemasına görə).
Prezident mükafatçısıdır (2011).
“Şopenin ürəyi” poemasına və dahi bəstəkar Frederik Şopenin 200 illik yubileyi
ilə əlaqədar Şopenin Azərbaycanda təbliğinə görə Polşanın Mədəniyyət və Mədəni İrs naziri tərəfindən xüsusi Diploma layiq görülüb.
Ədəbiyyat üzrə Nobel Mükafatçısı Çeslov Miloşun Polşada keçirilən 100 illik tədbirində Azərbaycanı təmsil edib.
“Mədəniyyətlərin Dialoqu və İnteqrasiyası” İB-nin sədridir.
“Ədəbi ovqat” dərgisinin təsisçisidir.
Şeirləri ingilis, polyak, italyan, alman, fransız, rus, özbək dillərinə və Anadolu
türkcəsinə çevrilib.
Taleh Əliyev

XƏBƏR LENTİ