Telefonlar uşaqlarımızı dəyişir
Son bir neçə ildə mobil telefon nəinki orta, eləcə də ibtidai siniflərin dəhlizlərini, hətta sinif otaqlarını "işğal edib". Mobil telefonlar valideynlər üçün haradasa sığorta vasitəsinə çevrilsə də, məktəblilər və gənclər üçün narkotik rolunu oynamağa başlayıb...
Mobil telefon yeniyetmələrin nəyinə lazımdır?
İlk öncə yeniyetmə dedikdə kimi nəzərdə tutduğumuzu müəyyən etməliyik. Əgər biz yeniyetmə dedikdə orta məktəbin aşağı sinif şagirdlərini nəzərdə tuturuqsa (sirr deyil ki, artıq bəzi valideynlər orta məktəbin birinci sinfinə gedən övladlarına da mobil telefon alırlar), onda bu zaman telefon valideyn üçün daha çox sığorta vasitəsinə çevrilir. Valideyn güman edir ki, istənilən zaman övladına zəng edə, onun harada olduğunu və nə iş gördüyünü öyrənə bilər. Uşaqlar isə mobil telefondan oyunlar və dostları ilə əlaqə kimi istifadə edirlər. Onların daha çox istifadə etdiyi isə SMS və kameralardır.
Bu əyləncə vasitəsi (telefon - red.) intuitiv şəkildə başqaları ilə əlaqəni hiss etmək üçün istifadə olunur (məsələn, internetə daxil olmaq). Bu, uşaqda tək olmadığı hissi yaradır, dərs günündən sonra evdə tək olanda stressdən yayınmağa kömək edir.
Mütəxəssislər qeyd edirlər ki, televiziya da "dayə" rolunu oynayır. Amma mobil telefonun kommunikasiya və interaktivlik qabiliyyətini heç bir digər müasir vasitə üstələyə bilmir.
Telefonlar uşaqlarımızı dəyişir
Mobil telefonların insanların davranışını, hətta xasiyyətini belə dəyişdiyi çoxsaylı tədqiqatlar nəticəsində sübuta yetirilib. Bu hal uşaqlarda özünü daha qabarıq biruzə verir. Bu zaman dəyişiklik sırf telefon funksiyaları ilə deyil, ümumiyyətlə yeni texnologiyaların (internet, şəbəkə oyunları və s.) tətbiqi ilə bağlıdır. Söhbət düşüncə prinsipi, bizi əhatə edən insanları və cəmiyyəti qavramağımız, təhsil, tərbiyə, şəxsiyyətin formalaşmasından gedir. Bu siyahını istənilən qədər uzatmaq da mümkündür.
Məsələn, oyun, sensor və mühərrik aspekti (bu zaman ancaq görmə, eşitmə qabiliyyəti və barmaqlar tələb olunur) ciddi səy göstərmədən və deduktiv düşüncə üsulu tələb olunmadan informasiyanı tez bir zamanda əldə etməyə imkan yaradır. Bütün bunların nəticəsi isə özünü tez bir zamanda sinifdə göstərir: səy göstərmək lazım gələn zaman uşaqlar tez bir zamanda təslim olurlar, bilik və təcrübə arasında əlaqə yaratmaqda çətinlik çəkirlər, fikirləri dağınıq olur, diqqəti cəmləyə bilmirlər, abstrakt biliklərə (yəni gündəlik həyatla bağlı olmayan biliklərə) maraq olmur və s.
Mobil telefon övladınızı özünə qapadır
Bəziləri üçün mobil telefon özünü ifadə etmək vasitəsidir. Onlar bu əşya olmadan özlərini daxilən boş, atılmış hiss edirlər. Eləcə də, sinif otağında mobil telefonlardan istifadəyə qadağa qoyulması uşaqlarda "məhrumiyyət" hissi yarada bilər. Belə bir "məhrumiyyət" hissinin yaratdığı iztirab elə böyük ola bilər ki, məktəblinin özünə qapanması və ətraf mühitdən təcrid olması baş verə bilər. Bununla yanaşı, bir çox hallarda onlar özləri etiraf edirlər ki, onlar əllərində mobil telefon olan zaman rasional qərar qəbul etməyi (məsələn, dərsdə SMS-ə cavab vermək deyil, müəllimə qulaq asmağı) öyrənməlidirlər və bu, heç də həmişə alınmır. Həm də ki, uşaqları rasional qərar qəbul etməyə heç kim öyrətmir.
Valideynlərin "telefonlu övlad" arzusu
Tədqiqatlar göstərib ki, uşağa mobil telefonun alınması təşəbbüsü 61 faiz halda uşağın özündən deyil, valideyndən gəlir. Bəs telefon həqiqətən uşağa lazımdır?.
Sözsüz ki, uşağının mobil telefonu olması valideyn üçün çox vacibdir! Çünki bu zaman onda uşağına nəzarət etdiyi, onun yanında olduğu təəssüratı yaranır. Amma mobil telefon uşağın böyüməsinə də mane ola bilər. Çünki böyümək təkcə boyun və çəkinin artması demək deyil. Uşağın böyüməsi ilk növbədə müxtəlif həyat şəraitlərində müstəqil qərar qəbul etmək bacarığıdır. Əgər istənilən an, hətta ən xırda problem yarananda belə valideynə zəng etmək imkanı varsa, uşaq müstəqil böyüyə bilmir və asılı vəziyyətə düşür. Beləliklə, mobil telefon infantilliyə gətirib çıxara bilər.
Eyni zamanda, mobil telefon gənclər üçün kifayət qədər faydalı ola bilər. Sözsüz ki, yeniyetmə dövründə telefondan həddən ziyadə istifadə etməmək şərtilə. Bu dövrdə mobil telefonun xeyri onunla izah edilir ki, yeniyetmə dostları və həmyaşıdları ilə əlaqə qurmalıdır. Eyni zamanda, uşağın valideynləri ilə fiziki əlaqəsinin getdikcə minimuma enməsi qaçılmazdır. Bu zaman mobil telefon həmin uçurumun yarandığı zaman həyat təcrübəsi toplamağa kömək edən vasitəyə çevriləcək. Sia.az