MENBİÇLƏ BAĞLI GİZLİ DANIŞIQLAR:Vaşinqton Türkiyəni incik salmayacaq variantı seçir - TƏHLİL

705 7-02-2018, 08:29 dunya / gundem

MENBİÇLƏ BAĞLI GİZLİ DANIŞIQLAR:Vaşinqton Türkiyəni incik salmayacaq variantı seçir - TƏHLİL
Sərdar TURQUT

“Habertürk”ün Vaşinqton təmsilçisi

ABŞ Müdafiə naziri Ceyms Mettis, “Türk müttəfiqlərimizlə Menbiçi müzakirə edirik. Amma bunların indi açıqlanması uyğun deyil” deyən kimi, Türkiyədə “Görəsən, nədən çəkinirlər?” şübhəsi ortaya çıxıb.

Bunu dəqiq olaraq söyləyə bilərəm ki, Mettis bu mərhələdə ABŞ-ın bəzi tərəddüdlərinin olduğundan deyil, məsələnin bu anda ictimaiyyətə açıqlanmasının doğru olmadığı üçün danışmaq istəmir. Rusiya ilə əldə edilən prinsipial anlaşmaya görə, iki ölkə Suriyanın gələcəyilə bağlı siyasi prosesin başladılmasının zamanının gəldiyi haqqında həmfikirdir.

Vaşinqtondakı qurumlar Menbiçdəki problemin də Moskva ilə əldə edilən bu fikir birliyinin təhlükəyə atılmadan həll edilməsinin daha doğru olacağını düşünürlər. Həmin qurumlar Menbiçdəki yekun həllin Fəratın şərqində sabitliyin necə təmin ediləcəyilə əlaqəli olduğu qənaətindədirlər. Vaşinqton, Fəratın şərqilə bağlı olaraq Moskva ilə bir anlaşmaya nail olunduğunu düşünür. İndi Türkiyə ilə davam etməkdə olan Menbiçlə əlaqədar danışıqların məzmunu bu böyük hədəfin bütün tərəfləri hələlik dəqiqləşmədiyindən, açıqlana bilmir.

Vaşinqtondakı bu qurumlarda prosesi izləyən vəzifəli şəxslər və bu mövzularda məlumatlı olan mütəxəssislər mənə davam edən prosesin əsas nöqtələrini belə anlatdılar.

Üçüncü yol

1. Vaşinqtondakı PYD/YPG dairələri Afrin əməliyyatı başladıqdan sonra keçirdikləri görüşlərdə Amerika qurumlarına “Sizin üçün İŞİD-ə qarşı verdiyimiz bu qədər mübarizədən sonra bizi ortadamı buraxırsınız?” sualını veriblər.

2. ABŞ-ın idarəetmə qurumları arasında aparılan dəyərləndirmədə (interagency review), əgər ABŞ Suriyada YPG güclərini bu mərhələdə ortada buraxarsa, bundan sonra dünyanın heç bir yerində lazım olduğu zaman Amerika üçün döyüşəcək yerli güc tapa bilməmə təhlükəsinin doğacağı nəticəsinə gəliblər.

3. Vaşinqton sadəcə bu səbəblə YPG-yə “Xeyr, sizi ortada buraxmayacağıq” deməklə bərabər, eyni zamanda bunu da söyləyir: “Bunu deyirik, amma bu, sizin üçün müttəfiqimiz Türkiyə ilə bölgədə qarşı-qarşıya gəlmək istəyirik mənasına da gəlmir”.

4. Yəni, ABŞ bu mərhələdə YPG ilə Türkiyəni qarşı-qarşıya olaraq qavrayaraq, hazırlanacaq formullardan yana deyil. Doğrusu, hər dəfəsində “Amerika öncə gəlir” deyən Trampın düşüncəsi budur: “Həm milli təhlükəsizlik, həm də müdafiə strategiyasında Amerikanın müttəfiqləri, yeri gələndə, dəyişə bilər və əgər lazımdırsa, keçmiş müttəfiqlərimizi qarşımıza da ala bilərik”. Kürdlərə bunlar da xatırladıldıqdan sonra ABŞ-ın Rusiya ilə girmiş olduğu qlobal güc rəqabətində NATO üzvü olan müttəfiqi Türkiyəni tamamən itirməyi gözə ala bilməyəcəyi də söylənir.

5. Rəhbərlikdə “üçüncü yol” adlandırılan bir həll arayışı da var. Rusiya ilə Suriyanın bütövlüyünü pozmadan, Şimali Suriyada güclü mərkəzi hökumətə əlavə edilmiş bir muxtar kürd bölgəsinin ola biləcəyi fikri olaraq, müzakirə edilir. Vaşinqtonda Rusiyanın bu fikrə dəstək verdiyi də söylənir.

6. Vaşinqtonda bu model “Şimali İraq modeli” adlandırılır və muxtar bölgədə YPG-nin tam hakimiyyəti əlinə almaması üçün RF, ABŞ və Türkiyənin birlikdə işləyəcəyi bir mexanizm üzərində çalışılır.

7. Vaşinqton, Suriyada siyasi proses başladıqdan, ölkənin yenidən qurulması mərhələsi gəldikdən sonra bunun Türkiyənin aktiv iştirakı olmadan ediləməyəcəyini görür. Bununla əlaqəli olaraq, yenə Şimali İraq modeli xatırladılır.

Noyabr ayında səpilən toxumlar

Rusiya ilə ABŞ arasında Şimali Suriya haqqında prinsip anlaşmasının toxumlarının ilk dəfə ötən noyabr ayında atıldığı söylənilir. Noyabr ayında Putinlə Tramp bir saat davam edən telefon danışığında əsasən Şimali Suriyadakı vəziyyəti müzakirə etmişlər. Putin, bütövlüyü qorunan Suriya daxilində qalan “muxtar Suriya” (“Şimali Suriya muxtariyyatı” nəzərdə tutulur – tərc.) formulunun təməllərini o danışıq zamanı atmışdı. Əslində, kürdlərə müstəqil dövlət vermək fikri ilə yola çıxan ABŞ bölgədəki həqiqətlər və Rusiya ilə Türkiyənin varlığı qarşısında bunun real bir hədəf olmadığını gördü və rusların bu formuluna töhfə vermənin daha realist yanaşma olacağına qərar verdi. Vaşinqtonda düşünürlər ki, bu formul uzun müddətdə Türkiyəni incik salmayacaq, kürdləri də ortada buraxmaq mənasına gəlməyəcək.

Moskvanın bu formulu Vitali Naumkin tərəfindən irəli sürüldü. Naumkin, Rusiyanın və dünyanın öndə gələn Orta Şərq mütəxəssisi olub, kürdləri də çox yaxından tanıyan bir şəxsdir. Putinin ona böyük hörməti vardır. O, Putinin Orta Şərq üzrə xüsusi təmsilçisi olan Mixail Boqdanovun da müəllimidir.

Keçən noyabr ayının 30-da Vaşinqtonda dərin dövlət üçün xüsusi bir iclas keçirildi. Corctaun Universitetində ölkənin xarici siyasət elitasının təhsil aldığı yer olan Xarici Xidmət Məktəbinin (School for Foreign Service) Avrasiya, Rusiya və Şərqi Avropa tədqiqatları mərkəzi sadəcə xüsusi dəvətlilərin iştirak edə biləcəyi bir axşam yeməyinə xüsusi natiq olaraq Vitali Naumkini dəvət etdi.

Nitqinin başlığı “Rusiya ilə Suriyanın gələcəyi” idi və Naumkin, əslində, Vaşinqtona Rusiyanın formulunu anlatmaq üçün gəlirdi. Putin o çıxışdan öncə Trampı məlumatlandırmaq və onun orada anladılacaq olanları özündən eşitməsi üçün həmin bir saatlıq telefon danışığını apardı. Tramp da bundan sonra prezident Ərdoğanı telefonla arayaraq, “Bundan belə YPG-yə silah verilməyəcək” dedi.

Lakin Naumkin o axşam yeməyində iştirak etməyi son anda ləğv etdi və bunun səbəbinin formulun hələ ki, Türkiyəyə tam olaraq anladılmaması olduğu söylənilir.

Indi Menbiçlə bağlı olaraq aparılan gizli danışıqlarda bu çatışmazlığın aradan qaldırılmasına başlandığına və bunun bölgədə böyük sülhü gətirəcək bir anlayışa yol açacağına ümid edilir.

Tərcümə Strateq.az-ındır

XƏBƏR LENTİ