Prezidentliyə namizədlərə pul verilməməsinə etirazlar var

757 7-02-2018, 09:01 gundem

Prezidentliyə namizədlərə pul verilməməsinə etirazlar var
Fərəc Quliyev: “İki aydan sonrakı seçkilərə necə maliyyə əldə etsinlər?”; Fazil Mustafa: “Maliyyə mütləq ayrılmalıdır”

Fevralın 5-də ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə aprelin 11- ə təyin edilən prezident seçkisi ətrafında gedən müzakirələr qızışır. Proseslərlə bağlı bir sıra müəmmalar var ki, onlardan biri namizədliyini verib qeydə alınan şəxslərə maliyyə vəsaitinin verilib-verilməyəcəyi, verilərsə, hansı miqdarda olacağı ilə bağlıdır.

Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov namizədlərə vəsaitlərin ayrılmadığını bildirdi: “Qeydə alınan namizədlərə maliyyə ayrılmır. Səhv etmirəmsə, 2010-cu ilin parlament seçkilərindən öncə Seçki Məcəlləsinə dəyişiklik edildi. Bu dəyişikliklərdən çıxış edərək, deyə bilərik ki, nə prezident, nə də parlament seçkilərində namizədlərə vəsait ödənilmir. Bu maliyyənin nə üçün ayrılmaması ilə bağlı aidiyyəti orqanlardan soruşmaq lazımdır. Bu, qanunla tənzimlənən bir məsələdir. Mərkəzi Seçki Komissiyası bu məsələlərə müdaxilə edə, münasibət belə bildirə bilməz”.
Prezidentliyə namizədlərə pul verilməməsinə etirazlar var
Son seçkilərdə prezidentliyə namizəd olan Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev maliyyənin ayrılmamasından gileyləndi: “Son seçkilərdə vəsait ayrılmadı. Sadəcə olaraq, təbliğat üçün bizə vaxt vermişdilər. Düşünürəm ki, seçki kampaniyasının maliyyələşdirilməsi üçün mütləq tədbir görülməlidir. İndi həm vaxt azdır, həm də partiyaların maliyyə imkanları çox aşağıdır. Büdcə baxımından partiyalar qəfil yaxalanıb. Məsələn, seçkilər 6 ay sonra olacaqdısa, dövlət tərəfindən maliyyələşdirilən parlament partiyaları maliyyə baxımından buna hazırlaşacaqdılarsa, indi bu imkanlar yoxdur. Partiyaların başqa işləri də var. Bu baxımdan iki aydan sonrakı seçkilərə necə maliyyə əldə etsinlər? Qənaətetmə imkanlarımız da tükənib. Ona görə də namizədlərin hökumət tərəfindən maliyyələşdirilməsi çox vacib bir məsələdir. Mən seçkinin vaxtını dəyişdirməyin əleyhinə deyiləm. Sadəcə, fikirlərimi maliyyə sıxıntıları baxımından deyirəm, lakin namizədlərin maliyyələşdirilməsini də vacib sayıram”.
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa da namizədlərə maliyyə vəsaitinin ayrılmasını vacib sayır: “Düşünürəm ki, maliyyə mütləq ayrılmalıdır. Çünki müəyyən mənada Türkiyə və başqa ölkələrdəki kimi ən azı, minimum tələbat nəzərə alınmalıdır. Çünki seçkiyə qatılan şəxslərin yalnız ianə hesabına bunları etməsi doğru deyil. Seçki müəyyən mənada dövlətin həm də simasıdır, dövlətin seçkilərə nə qədər önəm verdiyinin göstəricisidir. Qanunvericilikdən bunun çıxarılmasının mənfi və müsbət tərəflərini müzakirə etmək doğru deyil. Amma ən azından ianələrin toplanma mexanizmi sadələşdirilməlidir ki, namizədlər seçki proseslərində daha sərbəst iştirak edib, fikirlərini ifadə edə bilsinlər, proqramlarını açıqlasınlar. Amma düşünürəm ki, seçkilərdə az namizədin iştirak etməsində bu başlıca səbəb deyil. Çünki seçki elədir ki, burada daha çox maliyyə imkanları olan yaxud cəmiyyət tərəfindən maddi cəhətdən dəstəklənən insanlar iştirak edirlər. Əgər tərəfdarın varsa- bunlar iş və başqa sahələrin adamları ola bilər-sənin seçilməyində onlar maraqlıdırlarsa, bu istiqamətdə dəstək verəcəklər”.

“Yeni Müsavat”

XƏBƏR LENTİ