Dağıstandakı həbslərin Azərbaycan uzantısı... mümkünmü?

663 5-03-2018, 11:19 dunya / gundem

Dağıstandakı həbslərin Azərbaycan uzantısı... mümkünmü?Politoloqdan maraqlı şərh: “Qayda-qanun yaratmaq lazımdırsa, bunu Rusiyanın hər yerində etmək lazımdır...”
Dağıstanda məmurların həbsi davam edir. Onlar korrupsiyaya yol verməkdə ittiham olunurlar. Son olaraq martın 3-də Dağıstan Gömrük Komitəsinin sədr müavini Araz Qalimov saxlanılıb. Onun evində axtarış aparıldığı bildirilib. Qalimovun sərhəddə qaçaqmalçılıq təşkil etdiyi vurğulanıb. Sədr müavini ilə bərabər, gömrük idarələrinin birinin də rəisi tutulub.

Rusiya prezidenti Vladimir Putin isə deyib ki, Dağıstanda yüksək vəzifəli şəxslərin həbs edilməsi ilə nəticələnən korrupsiyaya qarşı mübarizə tədbirləri davam etdiriləcək. O həmçinin qeyd edib ki, nə edilirsə, Dağıstan xalqının maraqları üçün edilir: “Bu, davam etdiriləcək”.

Dağıstanda baş verən hadisələrin kökündə nə dayanır? Bu həbslər Azərbaycana da sirayət edə bilərmi? “Yeni Müsavat”a danışan politoloq Qabil Hüseynli bildirdi ki, Dağıstan üçün səciyyəvi olan hal orada rüşvətin çox geniş miqyasda yayılmasıdır: “Bundan əlavə, məmurların bütün təbəqəsi korrupsiyalaşıb ki, bu zəmin üzərində ölkədə ayrı-ayrı silahlı dəstələr formalaşır. Bütün bunlar isə diqqəti cəlb edirdi. Rusiya Federal Kəşfiyyat İdarəsi proseslər hələ yeni başlayan zaman izləmə mövqeyində idi. Ancaq artıq gördülər ki, korrupsiyalaşma prosesi dövlətin bütün şaxələrini bürüyüb. Ayrı-ayrı məmur təbəqəsi ciddi silahlanmağa başlayıb. Abdullətibovun dövründə respublikanın korrupsiyalaşması və müxtəlif mafioz qruplaşmalarının geniş qol-budaq atması müşahidə olunurdu. Hazırda onun yerinə yeni bir şəxs gəlib. Həmin şəxs həqiqətən də ciddi iş aparır və dövlət aparatının bütün qollarını korrupsiyalaşmış məmurlardan təmizləyir. Bu təmizləmə prosesində çox böyük məmurlar həbs olundu. Hətta ölkədən digər yerlərə qaçanlar da oldu. Həbs dalğası artıq iki aydan çoxdur uzanır. Yeni həbslərin olacağı isə şübhə doğurmur. Heç səbəbsiz deyil ki, Rusiya Dövlət İstintaq Komissiyasının sədri proseslərə qiymət vermək və gedən istintaqa nəzarət etmək üçün bir neçə günlüyə Putin tərəfindən Dağıstana ezamiyyətə göndərildi. Bu isə onu göstərdi ki, vəziyyət hətta təxmin edildiyindən də ciddidir. Məsələni gərginləşdirən məqam ondan ibarətdir ki, təkcə korrupsiya yox, korrupsiyalaşma zəminində ölkədə vəhhabizmin və onunla bağlı müxtəlif məmur təbəqəsinin silahlı dəstələr yaratması prosesi aydın nəzərə çarpırdı. Eyni zamanda buradan Rusiyaya çox asanlıqla narkotik maddələr, silah qaçaqmalçılığı həyata keçirilirdi. Bir növ elə bil ki, dağılmış İŞİD-in parçaları yavaş-yavaş Rusiyanın bu bölgəsindən digər bölgələrə hərəkət etməyə başlayıb. Əlbəttə ki, söhbət bütün İŞİD üzvlərindən getmir. Məsələn çeçen, Dağıstan, özbək əslli İŞİD-ə qoşulanlar asanlıqla Rusiyaya daxil ola bilirdilər. Zənnimcə, Rusiya siyasi rəhbərliyini hərəkətə gətirən hal ölkənin bu hissəsinin həddindən artıq başqa ölkələrin vətəndaşları, mafioz dəstələri üçün gediş-gəliş yerinə çevrilməsi olub. Üstəlik də bölgədə bir neçə dəfə polis məntəqələrinə, dövlət orqanlarına silahlı hücumlar olmuşdu. Bu məsələlər araşdırılarkən baş verənlərin hamısının hakimiyyət zəifliyindən, dövlət büdcəsinə ayrılmış vəsaitin oğurlanması ilə müşahidə edilən digər cinayət hallarından doğduğu müəyyən edildi. Bu zəmində isə aşağı təbəqə əhalinin maddi durumunun xeyli ağırlığından söhbət gedirdi”.
Dağıstandakı həbslərin Azərbaycan uzantısı... mümkünmü?
Politoloq bildirib ki, Azərbaycandakı müxtəlif satış məntəqələri Dağıstandan gəlmə ticarətçiləri üçün əsas dolanışıq mənbəyinə çevrilmişdi: “Bu gediş-gəliş bir qisim əhali üçün çörək yeri idi. Seçki qabağı dövrdə Putin belə bir antikorrupsiya, məmur özbaşınalığına qarşı mübarizə, aşağı təbəqədən olan əhalinin güzəranına qayğı göstərirmiş kimi mənzərə yaratmaqla reytinqinin yüksəlməsi qayğısına qalır. O, eyni zamanda nümayiş etdirmək istəyir ki, Rusiyanın bu bölgəsində həm sərt nəzarət, həm də ciddi qayda-qanun yaradılmasına nail olacaq. Azərbaycana gəlincə isə deyərdim ki, bizim ərazimizdə sabitlikdir. Sərhəd rejimi ciddi sürətdə qorunur. Gömrük orqanları da əsasən öz vəzifələrinin öhdəsindən bacarıqla gəlirlər. Yeganə problem ondan ibarətdir ki, sərhədin hər iki tərəfindən ciddi gediş-gəliş artımı var. Məsələn, sərhədin o tərəfindən olan və əsasən ləzgilərdən, avarlardan ibarət sıravi adamlar Azərbaycana, Bakı şəhərinə gəlirlərsə, Qusar və ölkənin digər şimal rayonlarından da əhali, Rusiyada istehsal edilən heyvandarlıq məhsullarını almaq üçün gedir. Ancaq daha çox Dağıstandan bura əhali gəlir. Rusiyanın əksər ölkələrində buna bənzə hakimiyyət boşluğu var. Bu vəziyyəti Şimali Qafqazın, Uzaq Şərq bölgəsində müşahidə etmək mümkündür. Putin bir Dağıstan nümunəsində nümunəvi örnək yaratmağa çalışırsa bu, Rusiya üçün səciyyəvi olan bütün problemlərin həllinə gətirib çıxarmayacaq. Əlbəttə qayda-qanun yaratmaq lazımdır. Ancaq bu, ölkənin hər yerində aparılmalıdır. Bəzilərinin iddia etdiyi kimi Putin yenidən seçilərsə, bu məsələlərə xüsusi diqqət yetirəcək. Öhdəsindən gələ biləcək, yoxsa yox, bunu zaman göstərəcək”.

Xeberdar.net

XƏBƏR LENTİ