“Bu həyat dediyin...”dir şairə ilham verən...

1 426 9-11-2018, 12:11 kose / siyaset / gundem

“Bu həyat dediyin...”dir şairə ilham verən...

Tanrı başımın üstündə,
Dünya əlimin altında...

Zaur İlhamoğlu


Zaur İlhamoğlunun “Bu həyat dediyin...” adlı şeirlər kitabının adı mənə böyük Türk filosofu Şəms Təbrizinin çox sevdiyim:
“Həyat bu, bir baxarsan hər şey bir anda sona çatar,
Həyat bu, son dediyin an hər şey yenidən can tapar...” – kəlamını xatırladır istər-istəməz... Doğrudan da, həyat məhz budur: onu dəyərli hərəkət və əməllərinlə gözəlləşdirməyi bacardığın halda, o səni və ətrafındakıları ən gözlənilməz və xoş hədiyyələrlə mükafatlandıracaqdır. Şərt budur ki, böyük holland filosofu Benedit Spinozanın təbirincə desək, “əgər istəyisinizsə həyat sizə gülümsəsin, əvvəlcə ona öz yaxşı əhval-ruhiyyənizi hədiyyə edin” – nəsihətinə əməl edəsən.
Mən bu gün insana xoş əhval-ruhiyyə bəxş edən bir gənc şairin könül çırpıntıları ilə üz-üzə, könül-könüləyəm. Hər misrasından həyat eşqi boylanan qanadlı şeirlərinin təsiri ilə “Bu həyat dediyin” şeirlər toplusu müəllifinin ömür yoluna nəzər salmaqdayam.
Bəri başdan deyim ki, şairin özü kimi, şeirləri də sadə və səmimi, isti və məhrəm duyğulara köklənib. Əsas olan budur ki, kitabla tanışlıqdan bezib-usanmırsan. “Bəsdi, yoruldum” – demirsən. Çünki bu şeirlərdən həssas şair qəlbinin döyüntüləri eşidilir, şair bu qanadlı misraları öz körpə övladları kimi şaxtadan-sazaqdan, oddan-bürküdən qoruya-qoruya, gizlədə-gizlədə bələkdən pəvazlandırıb... uçurub söz dünyasının ənginliklərinə!...
Bu şeirlər artıq ömrün enişli-yoxuşlu yollarında bərkimiş, sərtləşmiş, həyatın hər cür üzünə sinə gərmək iqtidarında olan Səməndər quşunun göylərdən yer adamına atdığı sehrli lələkləri, ilham pərisinin munis pıçıltılarıdır.
“Gəl, sənə bir şeir yazım” həvəsiylə oxucusunun qəlbini ovsunlamaqdan, ona həyat dolu, gülüş, sevgi, sevinc, fərəh dolu anlar bəxş etməkdən həzz alır şair:
... Bu şeirin misraları
Sığal çəksin tellərinə, yanağına...
Oxuduqca qüssə, kədər uzaq dursun,
Sevinc hissi, fərəh hissi
Ürəyini ovundursun.
Gəl, sənə bir şeir yazım;
Ətir saçsın ən sevdiyim çiçək kimi.
Götür, qoxla.
Ən dəyərli hədiyyəntək
Qoru, saxla...

Bu bir şeirin timsalında o sevdiyi insanlara bütöv bir şeir çələngi bəxş etməyilə qürurlanır. Bilir ki, gözəl söz, gözəl bədii ifadə ən gözəl məlhəm, ən dəyərli məcundur ariflər üçün. Axı, insan övladının yaşadığı həyat boyunca ələmli, nəşəli gözlənilməz sürprizlərlə qarşılaşmayacağına kim zəmanət verə bilər ki? Odur ki, qələm dostmuzun etdiyi “dualar hansısa qatda ilişib Allahına çatmayanda”, “yarımçıq cümlə kimi nöqtəsi, nidası çatmayanda”, “səsi, sədası içindən çölünə çatmayanda”, şairin iç dünyasından qaynaqlanan ilham çeşməsi öz sakit axarını dəyişir, hövllənmiş kimi etiraz nidasıyla fəvvarə vurmağa başlayır. Bu çatışmazlıqların fövqündə isə məlumdur ki, şüurlu şəkildə biganəlik göstərən şüursuz buqələmun (insan) amili durur. Məhz bu cür hallarla üzləşdiyindən, o, biganəlik, paxıllıq, xəbislik hisslərinin insan könlündən silinməsini arzu edir.
Mərhum şairimiz Cabir Novruzun “Sağlığında qiymət verin insanlara, sağlığında yaxşı deyin yaxşılara...” şeirini kim sevmir ki... Bu şeiri mən də çox sevir və həqiqətən də arzu edirəm ki, insanlara sağlığında layiq olduğu qiymət verilsin. Yaxşıya “yaxşı”, pisə “pis” deyilsin zamanında. Əks halda, hər zamankı kimi, “müsibət oluruq biz, səhv düşəndə yerimiz” (Qabil). Şair Zaur İlhamoğlunun “Nəyimə lazım” şeiri də bu baxımdan biganəliyə qarşı söz adamının üsyan nidası kimi dəyərlidir:

Söz yaratdım, misra düzdüm,
Şeir qoşdum dönə-dönə.
Var gücümlə xidmət etdim
Bu torpağa, bu vətənə.
Sağ ikən qiymətim yoxsa,
Mən öləndən sonra mənə
Dəyər nəyimə lazım?

Elə bu prizmadan yanaşaraq, həyatın enişli-yoxuşlu yollarında öz inamlı addımlarını atan gənc şair Zaur İlhamoğlunun öz kitabını “Bu həyat dediyin...” adlandırmasının mahiyyəti üzərində durmağa çalışacağıq.
Bu həyat dediyin qəlizdən-qəliz,
Çox incə mətləbdə qandırar səni.
Nahamar gətirib dünya üzünə,
Zaman dülgərinə yondurar səni... – deyə zəmanənin keşməkeşlərindən bezən Zaur həyatla cəngə çıxıb sanki; “həqiqətin boğazdan dara çəkildiyi” (Q.M.) dünyada bütün haqq aşiqləri kimi həqiqət axtarışındadır gecə-gündüz: “Həqiqət axtarıram həqiqətlər içində...” Ancaq bu həqiqəti tapmaq mükündürmü, görəsən? Ölməz klassiklərimiz – Nizami, Füzuli, Nəsimi, Sabir... də həqiqət axtara-axtara yalanlı-məkrli dünyadan baş götürüb getmədilərmi? Onlardan qalansa yalnız Söz oldu! Həqiqətlərin izharı olan Söz! Əlahəzrət Söz!
Dahi Füzuli qəflət yuxusunda uyuyanları sözün ayılda biləcəyinə ümid edirdi:
Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl,
Edə hər saət səni ol uyqudan bidar söz.
Bəli, insan övladı daim hərəkətdə, üzləşdiyi haqsızlıqlarla mübarizələrdə çaba göstərməkdədir. Bu onun doğal haqqıdır. Aristotelin məlum həqiqəti özündə əks etdirən aşağıdakı məşhur aforizmi bütün zamanlarda öz aktuallığını qoruyub-saxlamaqdadır: “Həyat hərəkət deməkdir, su da axmayanda iylənir”. Şair Zaur İlhamoğlu da elə bir həyat yaşamaq və özünəməxsus ömür yolu ilə elə iz buraxmaq istəyir ki, özündən sonra da bu iz heç nə ilə pozulmasın.
Çünki bilir ki:
Sağ ikən yaşamaq yaşamaq deyil,
Yaşamaq başlayır öləndən sonra.

Şair ürəyi uşaq qəlbi kimi kövrək, həyalıdır. Ətraf aləmlə təmasda da olduqca həssas və qayğıkeşdir qələm dostumuz. Zülmə, əzaba, ədalətsizliyə qarşı etiraz, saxta hisslərə, yalan vədlərə qarşı dözümsüzlük göstərmək onun həyat amalına, yaradıcılıq göstəricisinə çevrilib. Harda haqsızlıq var, orada Zaur İlhamoğlu qələmi iti bir xəncər simgəsinə çevrilir.
Böyük Bəxtiyarımızın “Atılmışlar” poemasını hər dəfə təkrar-təkrar oxuyur və oxuduqca da göz yaşlarında boğuluram. Həyatın amansızlığınamı, insanların biganəliyinəmi, bəşər övladının itinəfsliyinəmi... heç özüm də bilmirəm, nəyəsə qarşı içimdə qarşısıalınmayan niftət, barışmazlıq hissi baş qaldırır. Sən öz canının bir parçasını necə ata bilərsən axı? Sən səni bu dünyaya bəxş edənlərə qarşı bu dərəcədə sayğısızlıqmı, nankorluqmu deyim, bilmirəm, göstərməklə heçmi vicdanın sızlamadı? Bəlkə də... gec də olsa... o daxilindəki vicdan deyilən haqq məhkəməsi üzünə durub səndən haqq-hesab soranda, başını daşdan-daşa vuracaqsan, onda da gec olacaq. Axı, doğrudan da: “İkinci günaha yol verər insan, / Birinci günaha haqq verən zaman”.
Necə ki, Bəxtiyar Vahabzadə yazırdı:
O çatdı həyətə... yumdu gözünü,
Mərmər pillələrə atdı özünü.
Körpəni görmədi qoyduğu yerdə,
O, bir daşa döndü daş pillələrdə.
Döşəndi yanına körpəyə sarı
Uzanan o titrək, gücsüz qolları.

Bu qollar bezmişdi bu gün körpədən,
Bu qollar körpəyə uzanır indi.
Bu qollar buz kimi soyuqdu nədən?
Bu qollar üstündə can yanır indi...
İndi mən neyləyim, neyləyim? – dedi,
Bir-bir qapıları döymək istədi.
Dayandı...
Ahının şölələrində
Elə bil qəfləti bir ulduz doğdu.
Hardasa qəlbinin gizli yerində
Sevindi...
Bir qədər yüngülləşdi o.
- Mən ki peşman olub döndüm geriyə.
Qədər öz hökmünü belə döndərir.
“Bəlkə xeyirlisi beləymiş” – deyə,
İndi öz-özünə təskinlik verir.

Vicdandan asılıb ürəyi dartan
Yükün ağırlığı azaldı bir az.
Özünü aldadıb yaşayır insan,
Bəlkə bu alversiz yaşamaq olmaz.

Ancaq bu məqamda bir mətləb də var:
Bir dəfə aldanan yüz yol aldanar.
İkinci günaha yol verər insan,
Birinci günaha haqq verən zaman.

Bax, əsl faciə də burasındadır: insan bir yol səhv etdisə, bu səhv pöhrələnər, şaxələnər, hətta, belə demək mümkünsə, bəhər verər. Özü də acı bəhər!
Şair Zaur İlhamoğlunun kitabında da bax elə bu mətləblə üst-üstə düşən, ürək ağrısıyla, lakin ustalıqla qələmə alınmış bir şeirə rast gəldim: “Kimsəsiz uşaq”. Bu şeir şairin kimsəsizlər evlərinə, uşaq evlərinə, lap elə qocalar evlərinə - əslində isə sətiraltı mənası (həm də əsl mənası) “atılmışlar evi” olan bu müdhiş sığınacaqlara qarşı şairin üsyanıdır desək, zənnimizcə səhv etmərik. Şeiri oxuduqca gözlərimiz önündə ürəkparçalayan bir mənzərə canlanır: burdakı hər bir uşaq bu amansız həyat səhnəsinin taleyikəm oyunçusuna çevrilmişdir. Heç bir günahı olmasa belə!...
“Kimsəsizlər evi”ndə boylanaraq yol üstə,
Həsrət dolu baxışla baxır kimsəsiz uşaq.
Düşünür öz-özünə: “Bəlkə anam gələcək.
Mənim tənhalığımı varlığımdan siləcək.”
Belə uşaqlar birdimi, ikidimi? Beşdimi, ondumu? Onların körpə qəlblərinin xıncım-xıncım olmuş ümidlərinin baiskarı olan ata-anaları, doğmaları necə, bu məsum varlıqların nələr çəkdiklərindən xəbərdardılarmı, görəsən? Heçmi ürəkləri sızlamır, heçmi vicdanları göynəmir yayın bürküsü, qışın sazağı səmum yeli kimi iliklərinə işləyəndə?... Əlbəttə ki, yox! Əks halda, bu körpələr də digər yaşıdları kimi isti ana qucağının yavrularıtək qayğısız uşaqlıq illərini yaşayardılar...
Axı neçə illərdir bir ümidlə yaşayır,
Bu qovuşmaq hissini,
Bir olmaq arzusunu öz qəlbində daşıyır.
Dua edir min kərə,
Bu sonuncu ümidi düşməmək üçün yerə
Ovucları içində sıxır kimsəsiz uşaq...
Vay!Vay!Vay!!! Siz bu uşağın körpəcə əllərinin qançır olmuş ovuclarına diqqət yetirdinizmi?! Nə dedi sizə bu ağlayan, sızlayan, hıçqıran, hönkürən ovuclar?... “Anam gəlsin!” “Anam gəlsin!” “Anam gəlsin!” – Elə deyilmi?! Bəs ana?...
Bir an təsəvvüründə
canlandırmaq istəyir
O mehriban anasın,
Necə təsəvvür etsin
Ana adlı varlığın
bəstəboyun, ucasın?!
Necə təsəvvür etsin, axı, Ana adlı nemətin nə olduğunu hardan bilsin, hansı dadda, tamdadır, necə bilə bilər axı, bu məsum körpə...???
Bununla belə xəyalında yaratdığı Ana obrazını gözləri önündə canlandırmaqla təsəlli tapır yenə:
Min dənə rəngdən seçir gözlərinin rəngini,
Hörülmüş saçlarına qoyur gül çələngini.
Xəyalında bir anlıq çıxır yol qırağına,
Təki dəyməsin deyə Ananın ayağına,
Tez anası gəlincə
əylib bircə-bircə
Yol üstündən daşları
yığır kimsəsiz uşaq...
Bəli, bu həmin uşaqdır: ümidini əlindən buraxmasın deyə ovcunda bərk-bərk sıxıb saxlamağa çalışan günahsız uşaq! Axı:
Doyub... Hər şeydən doyub:
Rəngli kitablarından, qələmdən, dəftərindən,
Günlərlə tərpətməyir saxladığı yerindən.
Həyətdə oynamağa çıxmır heç otağından,
O ayrılmaq istəyir bu kimsəsiz çağından...

Varlığından bezib, usanıb bu uşaq, eşidirsinizmi, ey insanlar!!!
Çünki:
Dünya gözündən düşüb, ona hər şey mənasız,
Ona hər şey havayı.
O kimsəni tanımır Anasından savayı!
Bəli, bəli! Bu körpə öz xəyalında yaratdığı Anasından savayı heç kəsi görmək belə istəmir! İstəmir onu “əzizləsinlər”... İstəmir ona səmimiyyətdən uzaq “nəvazişli”, “xoş” sözlər desinlər! Bu uşağın varlığı bütövlükdə dünyanın suçuna dönübsə, istəmir o bu günahla ömür sürməyi...
Elə bu səbədən də:

Sıxılır ruhu belə anasızlıq yükündə,
Baxdıqca yola sarı nəğmə qoşur içində:
“Əzizim, bilə anam,
Dərdimi bilə anam.
Nə olar, ey İlahi,
Yanıma gələ anam”, -
Ahəstə... zümzüməylə oxur
kimsəsiz uşaq...
Mən bu şeiri oxuyub yaman kövrəldim, Zaur İlhamoğlu! Yadıma şair dostumuz Giya Paçxataşvilinin bəxtsiz taleyinin astar üzünə saralmış yarpaq rəngi çəkmiş bir şeiri düşdü: “Yox-yox!”
Anasızlıq-atasızlıq dərdini bugünün özündə də körpə yavrucuq kimi yaşadır içində Givi dostumuz. Vaxtilə “Sükutun rəngləri” adlı şeirlər kitabında oxucusuna bu yoxluğu daddırmışdı şair. Sonralar mən bu şeiri Giya Paçxataşviliyə həsr etdiyim “Dərviş” kitabına da saldım. Çünki nə qədər ki, bəşər övladı öz yaratdığından imtina edərək, onu gərəksiz bir əşya kimi uçurumlar dibinə atacaq, şairlər “Atılmışlar” kimi poema ilə, “Kimsəsiz uşaq”, “Yox-yox!”... kimi şeirlərlə dünyanın “əşrəfi” sayılan insan övladının bu cür vəhşiliklərinə qarşı üsyan səslərini ucaldacaqdır.
Zaur İlhamoğlu, sizin şeirlər kitabınızdakı nümunələrin hər biri barədə ayrıca yazı yazmaq olardı, lakin ürək sözlərimi hələlik burda yekunlaşdırır və Giya Paçxataşvilinin “Yox-yox!” şeirini yazıya əlavə edirəm ki, kimliyindən, harda doğulub yaşamasından asılı olmayaraq, insan övladının başına gətirilən müsibətlərin insanların mənəvi dünyasına vurduğu sağalmaz yaradan hər kəsin xəbəri olsun.

Yox-yox!

Yanvar soyuğunda gəldim dünyaya,
Öz cocuq səsimi hey yaya-yaya:
Anam varmı mənim? –
Söylə, ey dünya!
Göydən qar yağaraq söylədi: “Yox-yox!”

Körpələr evində oldum şər-xəta,
Tale dostlarımla boy ata-ata,
Sordum xalalardan: “Varmıdır atam?”...
Göz yaşı udaraq dedilər: “Yox-yox!”

Məktəbə gəlib də girişdim dərsə,
Bayramlar, tətillər olurdu... nəysə,
Hərə öz evinə gedirdi,
Mənsə...
Ha getmək istəsəm...
getmirdim – Yox-yox!

Axır ki, ilk sevgi haqladı məni,
Həsrətli günlərə bağladı məni.
Mahnılar, şeirlər, xatirələr çox:
“Mən səni sevirəm!” –
O isə: – “Yox-yox!”

Anamı tapıb da dostlar qazandım,
Ev alıb da şeirlərə qapandım.
“Subay qalacağam” – düşündüm, yandım,
Təzə bir sevgilim söylədi: “Yox-yox!”

Yenidən sevgiylə qəlbim döyündü,
Yatmış duyğularım yaman söyündü...
Boş cibim qarıtək birdən deyindi:
“Givi, qız almağa paran var?” – “Yox-yox!”

Və... bütün bu “yox”ların yaradıcı insanların həyatından birdəfəlik yox olması diləyilə sizə gələcək yaradıcılıq yollarınızda daha böyük uğurlar, şən, nikbin ovqat arzulayıram, Zaur İlhamoğlu. Bir də arzu edirəm ki, “Bu həyat dediyin...” kitabının təqdimatında olduğu kimi, oxucularla hələ neçə belə möhtəşəm musiqili-ədəbi görüşləriniz baş tutsun!
“Bu həyat dediyin...”dir şairə ilham verən...


Qiymət MƏHƏRRƏMLİ,
filologiya üzrə fəlsəfə doktoru, şair

XƏBƏR LENTİ