"Cumhuriyyət ili"miz necə və nələrlə yadda qaldı ? 2019-cu ilə necə gedirik? ( Soydaşlarımıza təbrik əvəzi)

719 1-01-2019, 16:02 siyaset / cemiyyet / gundem

"Cumhuriyyət ili"miz necə və nələrlə yadda qaldı ? 2019-cu ilə necə gedirik? ( Soydaşlarımıza təbrik əvəzi)

2018-ci ili- Cumhuriyyət ilimizi başa vurduq. Millətimizin 2018-ci ildən gözləntiləri böyük olsa da təəssüf ki, doğrulmadı. Əgər ötən il mövcud iqtidarın müəyyən uğurları olubsa da , bu uğurlar milli sorunlarımız - işğal olunmuş torpaqlarımız, anti demokratik seçki mühiti, siyasi təqiblər, əhalinin əksər hissəsinin ağır həyat şəraiti və sair müqabilində olduqca cılız görünür. Şəxsən mənim üçün ötən ilin ən böyük uğuru Bakının daşnak bolşebiklərdən azad edildiyi gün - sentyabrın 15-də gerçəkləşən müştərək hərbi parad idi. Amma üzülərək etiraf etməliyik ki, Şərqdə respublikaçılığın bayraqdarı olan Azərbaycanda bu gün bir əsr öncə bizim üçün Cumhuriyyət quranların demoktratiya , xəlqilik ənənəsi pozulmaqla bərabər mövcud hakimiyyət tərəfindən Cumhuriyyətimizin qurucularına da olduqca ögey münasibət hökm sürməkdədir. Təəssüf ki, Cumhuriyyətimizin 100 illiyində Qurucu liderimiz Məhəmməd Əmin Rəsulzadə yenə öz qurduğu , öz xələfi sayılan dövlətdən( hakimiyyətdən) haqq etdiyi sayğını görmədi. Əslində bu diqqətə həyatını millətinin azadlığı uğrunda mübarizəyə həsr etmiş Milli öndərimizin yox, bizlərin ehtiyacı vardı. Azərbaycanın yenidən istiqlala çatmasında əvəzsiz xidmətləri olan Milli Azadlıq Hərəkatının lideri, eks prezident Əbülfəz Elçibəyin 80 illiyi xüsusunda da hakimiyyətdən hər hansı diqqət müşahidə olunmadı. Yuxarıda da qeyd etdiyim kiçik istisnaları saymasaq Cumhuriyyət ilimiz də əvvəlki illər kimi , hakimiyyətin milli dəyərlərimizə etinasızlığı şəraitində keçdi. 2018-ci il həm də ənənəvi olaraq saxta seçki, saxta təyinatlar, saxta vədlər, saxta görüntülərlə başa çatdı. Siyasi həbslər və təqiblər də səngimədi. Cumhuriyyətimizin ilk paytaxtındakı etirazlar da ötən ilin yaddaqalan olaylarından idi. Görünən budur ki, Əsas qanununumuzda da əks oçunan Cumhuriyyətimizə varislik ənənəsi aşkar şəkildə pozulub. Kimsəyə sirr deyil ki, 100 il öncə Cumhuriyyət qurucularımızın bizə miras buraxdığı 114 min kvadrat kilometrlik ərazinin az qala yarısını itirmişik. İtirilmiş torpaqlarımızın azad edilməsi yönündə isə mövcud iqtidar yalnız imitasiya xarakterli addımlar atır. Ölkədə sosial iqtisadi həyat bütün parametrlər üzrə tənəzzül etməkdədir. Rəsulzadənin, Topçubaşovun, Nəsib bəyin, Xoyskinin və başqalarının Vətən qarşısında təmənnasız xidmətlərinin əskinə olaraq bu günkü Azərbaycanda vəzifə sahibləri ölkəni rüşvət və korrupsiya bataqlığında qərq ediblər. Vətən yolunda şəhid olanların qan pulu belə yeyilir. "Analoqsuz inkişaf" nağılları da artıq sabun köpüyü effekti verib. Amma qürur hissilə bunu da qeyd etməliyəm ki, Cumhuriyyət qurucularımıza , özəlliklə AXC banisi Məhəmməd Əmin Rəsulzadəyə istər 70 il Sovetlər dönəmində, istərsə də son 25 ildə sərgilənən haqsız münasibətə rəğmən, Ona və silahdaşlarına olan sevgi heç zaman azalmır, solmur. Necə ki, Cumhuriyyətimizin 100 illiyində də toplum tərəfindən bu solmayan sevginin əyani şahidi olduq və bu sevgidir ki, millətimizin gələcəyə olan ümidlərini qırmır, uğuru müjdə verən sabahımızı sığortalayır. Şübhəsiz bu millət, bu toplum haqq etdiyi kimi azad, firavan yaşamalıdır. Amma bu haqq biganəliklərlə reallaşmaz. Necə ki, Tanrı müqəddəs kitabımızda da buyurur: "Hər hansı bir tayfa öz tövrünü (nəfsində olanları) dəyişmədikcə ,Allah da onun tövrünü (onda olanları, onun əhvalını) dəyişməz. (Rad suresi, 11-ci ayə)". Ötən il Cumhuriyyətimizin 100 illiyində də millət olaraq öz taleyimizlə bağlı biganəlikdən qurtula bilmədik. Amma qeyd etməliyəm ki, Azərbaycan Xalq Cumhuriyyətinin 23 aylıq varlığı dönəmində əsasən 4 həyati əhəmiyyətli hadisə baş vermişdir ; 28 may - Cumhuriyyətin elan olunması, 15 sentyabr - Bakının erməni və bolşeviklərdən azad edilməsi, 7 dekabr - Parlamentin açılması və 11 yanvar 1920-ci il AXC-nin Paris Sülh konfransında de-fakto tanınması. Artıq Cumhuriyyətimizin yadigarı olan üç önəmli hadisənin 100 illiyi arxada qaldı. Elə isə Azərbaycan olaraq Şərqin ilk sivil dövlətinin de fakto tanınmasının 100 illiyinə Cumhuriyyətimizə, Rəsulzadənin, Yusufbəylinin, Topçubaşovun, Xoyskinin və digər qurucuların adına layiq şəkildə hazırlaşmalıyıq. Ona görə düşünürəm ki, 2019-cu il millətimin əzmi, fədakarlığı və mübarizliyi baxımından daha böyük önəm daşıyacaq. Millətimizə qarşıda gələn ildə 100 il öncə Şərqdə ilk dəfə olaraq qurulan Cumhuriyyətimizin ideyalarına söykənən, azad , insani dəyərlərinin hakim olduğu , rüşvətdən ,korrupsiyadan uzaq, saxta seçkisiz ,xalqın rifahının təmin olunduğu demokratik Azərbaycanda yaşamaq diləyirəm. Yeni İlimiz Azərbaycanımız , Türkiyəmiz, Doğu Türküstanımız, Türkmenelimiz, bütövlükdə Türk Dünyası və bütün bəşəriyyət üçün düşərli olsun!

Rüfət Muradlı

"Cumhuriyyət ili"miz necə və nələrlə yadda qaldı ? 2019-cu ilə necə gedirik? ( Soydaşlarımıza təbrik əvəzi)
"Cumhuriyyət ili"miz necə və nələrlə yadda qaldı ? 2019-cu ilə necə gedirik? ( Soydaşlarımıza təbrik əvəzi)

XƏBƏR LENTİ