Axı bu ayrıseçkilik qoxan cümlələr bir aydının qələmindən necə çıxa bilər?!

736 15-01-2019, 14:23 siyaset / gundem

Axı bu ayrıseçkilik qoxan cümlələr bir aydının qələmindən necə çıxa bilər?!

(Dostum Aydın Canıyevin oxumaq istəmədiyi cavabım)


Bir neçə gün öncə bir dostumun önərisi ilə Aydın Canıyevin "İlkxeber" saytında dərc olunmuş “Olanımız elə o 3 hərfdir də, bir də adımız!” adlı yazısını oxudur. Doğrusu heyrət yaşadım. Qələminə və istedadına sayğı duyduğum Aydın bəydən bu qədər əsassız və cəfəng fikirlərlə zəngin bir yazı mənim üçün gözlənilməz oldu. Aydın bəyin yazılarında sərgilədiyi cəsarətinə sayğımdan dolayı düşündüm ki, bu haqda mütləq üz üzə gələndə fikrimi bildirəcəm və yazı ilə bağlı lazım gəlsə onu müəllifi olduğum SOYDAŞ verilişi çərçivəsində debata çağıracam. İnsafla deməliyəm ki, bu yazı da müəllifin cəsarətli yanaşmalarımdan yan keçməmişdi. Xüsusilə mövcud hakimiyyətin , məmurların dilimizə münasibətilə bağlı , ölkəmizin diktaturaya çevrilməsi xüsusunda Aydın bəyin yazıdakı mövqeyi təqdirediləsidir. Amma qələmin müqəddəsliyi təkcə cəsarətli yazanda deyil, əsas etibarilə gerçəyi əks etdirdikdə daha çox özünü doğruldur. Həmin qələm ki, müqəddəs kitabın 68-ci surəsində Ona and içilir. Aydın bəyin "Olanımız elə o 3 hərfdir də, bir də adımız!” yazısını oxuyandan bir gün sonra yazıda adı keçən hörmətli ziyalımız Sabir Rüstəmxanlının sosial şəbəkədə olduqca dolğun və əsaslandırılmış bir status-yazısı yayıldı. Oxudum, bəyəndim və sosial şəbəkədə təşəkkür də etdim. Gecənin gec saatlarında isə FB dostum Aydın Canıyevdən mesaj qutuma bu təşəkkürü və bəyəni qınayan qısa bir sual -mesaj daxil olmuş, ardınca da hörmətli yazar mənim cavabımı gözləmədən “ bloklama” imkanından faydalanmışdır. Yəni artıq Aydın bəyə özəldən cavab yazmam mümkün olmadığından nisbətən geniş cavab yazmaq məcburiyyətində qaldım. Əslində isə sual verib cavabı önəmsəməmək ya kompleksdən, ya da təkəbbürdən doğan xüsusiyyət sayılır.
Necə ki, məlum yazıda “Mənim üçün dünya ilk olaraq əxlaqdan, sonra elmdən, ədəbiyyatdan, tamamlayıcı olaraq inancdan ibarətdir!” deyə iddiada bulunan Aydın bəyə öz yazısından təkcə bir neçə bölümü xatırladaraq öz xarakterimə uyğun qısa cavablar yazacam. Amma öncə məqalənin ortaya çıxması xüsusunda mənim üçün mübhəm görünən bəzi nöqtələri qeyd etməyi vacib bilirəm.
Kimsəyə sirr deyil ki, hal hazırda Azərbaycan Respublikasında dilin rəsmi adı Azərbaycan dilidir. 1995-ci il Əsas Qanunu ilə dilimizə haqsızlıq edilərək 24 ildir ki, məhz bu adla çağırılır. Və bu gün də dilimizin adının dəyişdirilməsilə bağlı hər hansı rəsmi təşəbbüs yoxdur. Yoxdursa, Aydın bəy məlum yazını yazmaqla nə məqsəd güdür? Demək istədiyim budur ki, yazı lap başından yanlış konsept üzərində qurulub.
Gerçəkdən görəsən Aydın bəyi bu ritorika ilə yazmağa nə vadar edir ?:-“ 1985-ci ildə BDU-da “Azərbaycan tarixi” fənnindən dərs keçərkən HƏQARƏTLƏ talışları “cırlaşmış fars” kimi təqdim edərək, həqiqi adı türk olanın tarixini “sovet ölkəsinin bir parçası” formasında tədris edən İbadulla Mədətovlardan sovetin dağılmasıyla canımız qurtardısa, türklə talış düşmən olmadısa, bunu növbəti cəhddə RF FSB-si ayrı formatda bacarmadısa, indiki qarışıq dönəmdə DİL ÜSTÜNDƏ yapmaq “heç doğru deyil demək” azdır, hətta cinayətdir!”
İnsafla yanaşsaq, nə dilimizin Aydın Canıyevin iddia etdiyi kimi Türkiyələşdirilməsi prosesi gedir, nə də bu prosesin türk-talış qarşıdurmasına gətirib çıxara biləcək hər hansı işartıları belə mövcud deyil. Əslində müəllif dilimizin ruslaşdırılması prosesinə qarşı mövqe sərgiləsəydi daha ədalətli səslənməzdimi?
Müəllif yazır:”İndi, əfəndilər, bu “yaxınlaşdırma” adlanan ortaq türkcənin əslində dövlətin elan etdiyi azərbaycançılıq ideologiyasından imtina etmək demək olduğunu bir qırağa qoyuram və soruşuram: 100 ildən artıq sizi böyük bilib dilinizi öyrənənləri birdən-birə hara atırsınız, hara tullayırsınız, öz başınıza gələn fəlakətlərin fəsadlarını aradan qaldırmamış, bir əsrdə üç dəfə əlifba dəyişib xalqınızı öz saxlancından məhrum etmiş istilaçıların yolunu hansı ağılla, hansı əqidə ilə gedirsiniz?” Bu da sirr deyil ki, ortaq türkcənin fəlsəfəsi Azərbaycan türkcəsinin Türkiyə türkcəsinə çevrilməsi deyil, müstəqil Türk Dövlətlərinin öz aralarında , özəlliklə mədəni əlaqələrin genişləndirilməsi sahəsində ortaq dildə danışılması düşüncəsi üzərində qurulub. Bu reallığı da Aydın bəyin bilmədiyi qənaətində deyiləm. Elə isə ortaq türkcə məsələsinə bu qədər qərəzli yanaşma hansı zərurətdən ortaya çıxmışdır?! İnanmıram ki, hörmətli Aydın Canıyev Türk Cumhuriyyətləri rəhbərlərinin öz aralarında rusca danışmalarının da tərəfdarı olsun.
Yazıdan anlaşılır ki, Aydın bəy farsca da bilmir. Farscanın talışcadan, talışcaya nisbətən yaxın olan gilək dilindən fərqini də bilmir( İrandakı talışların əksəriyyəti Gilan ostanında - Həşpər, Asalem, Ənzəli ətrafında yaşadıqları üçün elə daha çox giləklərlə qaynayıb qarışıblar. Nəinki talışların, sayca talışlardan qat qat çox olan giləklərin belə ibtidai təhsil imkanları da yoxdur) Hətta Fizulinin “Leyli və Məcnun”u farsca yazdığına Bayrondan gətirdiyi misalla israr edən Aydın bəyin bu məsələdə primitiv savada belə malik olmadığı ortaya çıxır. Elə isə özünə qayıtmağı yanakı şəkildə farsa qayıtmaqda bilən Aydın bəyə bircə faktı açıqlamaq istəyirəm - Azərbaycanımın əziz vətəndaşları olan talışların təxminən digər yarısının da yaşadığı İranda uzun illərdən sonra təxminən 12 il öncə Rəşt radiosunun nəzdində talış dilində sərhədaşırı( bəli məhz sərhədaşırı, sanki İranda heç talışlar yaşamır) radio açdılar ki, Azərbaycandakı talış bacı qardaşlarımıza islam adı altında irançılığı təbliğ etsinlər. Bu prosesin bu gün də davam etdiyi hər kəsə bəllidir. İnanmıram ki, ÖZÜNƏ dönmək macəraçılığı ilə bu boyunduruğu da Aydın bəy kimi aydınlar qəbul edələr?!
Müəllif bir daha məlumatsızlıq sərgiləyərək belə iddia edir: "Yaxşı, rədd olsun talış da, ləzgi də, qalan xalqlar da, heç Təbrizli, Xoylu, Mərəndli, Rəştli, Zəncanlı qardaşlarınızdan soruşdunuzmu ki, belə bir niyyətimiz var? Yaxşı, hamı özünü qurban verdi Sabir Rüstəmxanlının ikicütbirtək şeirinə, Kamil Vəlinin “ki”-dən olan doktorluq işinə, Vaqif Sultanlının cahanşümul təklifinə, bəs o taydakı 30 milyon qəbul edirmi ordakı Xuduş kişiyə Huduş kişi deyilməyini? Edəcəkmi? Ağlınıza keçə yamamasınlar, həqiqi türk dili oyandadır e! “
Bu məsələdə də İran coğrafiyasını qarış qarış gəzən, həyatının 15 ilini orada yaşamış, Güney Azərbaycan insanının psixologiyasına yaxından bələd olan biri kimi yenə Aydın bəyin qərəzli , əslində diletant mövqeyi ilə üzləşirəm. Görünür Aydın bəy Güneydəki proseslərdən ya xəbərsizdir, ya da gerçəyi qəbul etmək istəmir. Son 20 ildə Güney Azərbaycanda yazarlar , qələm sahibləri, elə sadə insanlar Vətənin quzeyindən fərqli olaraq özündə Azərbaycan və Anadolu türkcələrini ehtiva edən ortaq türkcədə yazır, yaradır, danışır və hətta bizləri də rus, ərəb, fars sözlərindən qurtulmamaqda məzəmmət də edirlər. Görünür Aydın bəyin Güneylə tanışlığı heç Heyran gədiyindən o tərəfə keçməmişdir.
Təəsüflər olsun ki, yazının haqsızlıq və qərəz üzərində köklənən ritorikası içindəki haqlı məqamları da kölgədə buraxmışdır: “Sabah talışın, ləzginin işverən statusunda türkün üzünə durğuzmaq üçün istismar olunmayacağına bir kimsə də yox zəmanət versin!” Gerçəkdən beynində bu düşüncəni yaşatmaq və onu yazıya köçürmək üçün nə qədər insafsız olmalısan?! “ Axı bu ayrıseçkilik qoxan , həqiqəti ayaq altına alan cümlələr bir aydının qələmindən necə çıxa bilər?! Məncə çox uzatmağa gərək yoxdur, amma təxminən yaşıdım olan yazı müəllifinə sonda bircə sualım var. Şəxsən mən gənclik dönəmi ötən əsrin 80-ci illərinə təsadüf edənləri yanmış nəsil hesab edirəm və 25 ildir o nəsil talışı ilə, türkü ilə, ləzgisi ilə haqsızlıq məngənəsindədir. Elə isə əlini vicdanının üstünə qoyub məhz bu sualıma cavab ver hörmətli Aydın bəy:" Ötən 25 ildə Azərbaycan adlı ölkəmizdə sən Lənkəranda doğulan genetik talışla, mən Salyanda doğulan genetik türkün vətəndaş haqlarımızın pozulmasında hər hansı fərq olubmu?"
Bu ölkə türkü ilə, talışı ilə, tatı, ləzgisi, xınalığı ilə gözəldir, dini etnik fərqliliklər gerçəkdən bu yurd üçün nemətdir. Bu gün gözəl olmayan isə ölkəmdəki haqsızlıqlardır.

Azərbaycanımızın bütün vətəndaşlarına azad, demokratik Vətəndə yaşamaq diləyilə Rüfət Muradlı

15.01.2019

XƏBƏR LENTİ