Qarabağ döyüşçüsü: “Döyüşçü yoldaşımın üzünə kislota töküb yandırmışdılar...”

839 23-01-2019, 11:08 video

Qarabağ döyüşçüsü: “Döyüşçü yoldaşımın üzünə kislota töküb yandırmışdılar...”Həsəni Nemət Maşallah oğlu 1966-cı ildə Tərtər rayonunun Ağkənd kəndində anadan olub. Qarabağ döyüşlərinin fəal iştirakçılarındandır. Ailəlidir, iki övladı və artıq nəvələri var.

Moderator.az Nemət Həsəni ilə müsahibəni təqdim edir:

- Nemət bəy, həmin vaxtları necə xatırlayırsınız?

- Onda, 25 yaşım var idi, 1991-ci il dekabrın 18-i “Tərtər özünümüdafiə batalyonu”na könüllü olaraq yollandım. Dekabrın 19-u ilk övladım balaca Hikmətim dünyaya gəlmişdi. Döyüşdən icazə alıb, bir günlük gəlib körpəmə xəstəxanada baş çəkib batalyona qayıtdım.
Batalyon komandirimiz Milli Qəhrəman rəhmətlik Elman Hüseynov idi. Tərtər rayonunda doğulduğumdan bu ərazilərə yaxşı bələd idim. Düşmənin hansı yollarla bizə hücuma keçəcəyini çox yaxşı bilirdim. Döyüşçü yoldaşlarıma həmişə bələdçiliyi mən edirdim.

- Deyirsiniz ki, hərbçi olmaq istəmisiniz, amma bu arzunuz müəyyən səbəblərdən alınmayıb...

- Bəli. 1984-cü ildə Rusiyanın “Çelyabinsk şəhər Hərbi liseyində” oxuyurdum, soyadım “Həsəni” olduğuna görə, Babayan adlı erməni zabiti məni liseydən çıxartdırdı. Atam 1948-ci ildə cənubi Azərbaycandan gəlib. O vaxt sovet hökuməti vaxtı idi, bizlərə qayğı göstərmirdilər.


- Siz döyüşdüyünüz vaxtda mülki əhaliyə və əsir düşmüş hərbçilərlə necə davranırdınız?

- Biz könüllü batalyon idik, ona görə biz kişi kimi döyüşürdük. Yadımdadır, bizim kənd sakinlərindən iki yaşlı çobanı mal-heyvan otararkən sürü qarışıq əsir götürmüşdülər. Biz onları on gündən sonra erməni əsirləri ilə dəyişməyə müvəffəq olduq. O iki yaşlı çobanı geri qaytarandan sonra gördük ki, onlara olmazın zülmünü ediblər, hətta ağızlarındakı qızıl dişlərini belə çıxarıblar. Çox şükür ki, öldürməmişdilər. Onlar əsasən əsirləri ölü qaytarırdılar. Knyaz adlı döyüşçü yoldaşım var idi, çox mərd oğlan idi. Ermənilərə əsir düşmüşdü, bizə isə iki uşaqlı erməni qadını əsir düşmüşdü. İnanın biz o qadınla və onun iki uşağıyla elə davranırdıq ki, onlar özlərini öz evlərindəki kimi hiss edirdilər. Biz iki uşaqlı erməni ailəsini Knyazla dəyişmək qərarına gəldik. Dəyişilmə yerinə çatanda gördük ki, ermənilər bizdən erməni ailəsini alıb, Knyazın traktorun qoşqusundaki meyitini yerə atıb geri qayıtdılar. Onları vuracağımızdan ehtiyat edib traktoru sağa-sola sürürdülər ki, özlərini qorusunlar, amma elə oldu ki, özləri basıdırdığı minaya düşüb göyə sovruldular. Knyazın meyiti isə elə gündə idi ki, (gözləri dolur) üzünə kislata töküb yandırmışdılar. Alnına xaç şəkli çəkmişdilər. Belə hadisələr o qədər olub ki...

-Nemət bəy, neçə il döyüşdə oldunuz?

-Ümumilikdə 1991-ci ildən 1994-cü ilə kimi döyüşlərdə oldum.

- Döyüş zamanı xəsarət almısınızmı?

- Yüngül xəsarət almışam. Yanımda bomba partlayıb, huşumu itirmişəm bir neçə gün özümdə olmamışam.

- Siz Tərtər və Kəlbəcər rayonları istiqamətində döyüşürdünüz. Amma, bu tərəfdən də Xocalı sakinləri sıxışdırılırdı. Həmin hadisə necə yadınızdadır?

- Fevralın 25-dən 26-na keçən gecə bizə də xəbər gəldi ki, Erməni və rus birləşmələri Xocalıya hücum ediblər. Biz onların fikrini yayındırmaq üçün atışmağa başladıq ki, bəlkə bu yolla onların Xocalıya hücumunu ləngidə bilərik. Amma mümkün olmadı, onlar çox güclü texnikayla təmin olunmuşdular. Ermənilərdə belə bir xüsusiyyət var idi, hansısa yüksəkliyi almaq üçün rus hərbi birləşmələri gəlib o yüksəkliyi alıb onlara verirdi, sonra geri qayıdırdılar. Onların ordu sıralarında qara dərili döyüşçülər də var idi. Ermənilərdə ordu döyüşmürdü, xüsusi pulla tutulmuş “nayomnik”lər idi ki, buların da çox güman ki, əksəriyyəti ruslar idi.

- İndi, Azərbaycanın çox güclü ordusu var və bunu qarşı tərəf də yaxşı bilir. Biz gec-tez torpaqlarımızı azad edəcəyik...

- Buna heç bir şübhəm yoxdu. Aprel döyüşləri bunu bir daha sübut etdi. Bizim çox güclü ordumuz və vətənpərvər gənclərimiz var. İnanıram ki, torpaqlarımızı geri qaytaracağıq. Mən bu yaşıma baxmayaraq, Ali Baş komandanımız səfərbərlik əmri verərsə, o gənclərə qoşulub torpaqlarımızın müdafiəsinə qalxmağa hazıram.

Vasif Əlihüseyn

XƏBƏR LENTİ