Eldar Sabiroğlu Prezidentə yazdı: "Qəzəb, kin-küdurət, nahaqdan kimisə əzmək tanıdığım İlham Əliyevə yad idi"

854 23-01-2019, 16:24 siyaset

Eldar Sabiroğlu Prezidentə yazdı: "Qəzəb, kin-küdurət, nahaqdan kimisə əzmək tanıdığım İlham Əliyevə yad idi"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Hörmətli prezident!

Bu müraciəti çox düşündükdən sonra Sizə göndərmək qərarına gəldim. Zaman və əbədi olmayan böyük rəyasət Sizi çox dəyişdirmişdir. Artıq əvvəlki İlham Əliyev deyilsiniz. Qarışqanı əzməyə ürək etməyən, bağışlamağı bacaran bir şəxs indi heyfsilənmədən insana sağalmayan dərin yaralar vura bilir. Qəzəb, kin-küdurət, nahaqdan kimisə əzmək tanıdığım İlham Əliyevə yad idi. Hakimiyyətin özünə məxsus tələbləri olduğunu dərk edirəm. Ancaq insanlar bu gün Sizdən qorxur və uzaqda dayanmağı daha məqbul hesab edirlər. Adi söz demək istərkən gözləri önünə günahsız siyasi məhbusları gətirib həyacan, təşviş burulğanında boğulurlar. Bu hislər etiraf edim ki, mənim özümü də griov atası kimi düşünməyə, oğlumun taleyindən narahat olmağa səsləyir. Nədən bu qorxu hissini idarəetmənin nüvəsinə gətirdiniz?! Təəssüflər!!! Axı, Sizin potensialınız müsbətə doğru dəyişiklikər etməyə imkam verirdi. İndi əksinə cəmiyyətlə dövlət rəhbəri arsında uzun bir məsafəni görürük. Etiraz edənlərin sırası günbəgün artır. İnanmaya bilərsiniz, dediklərimi "xəyanətkar bir ermənipərəstin" qarayaxması kimi qəbul etməniz haqqınızdır. Amma vəziyyət həqiqətən ağırdır. Sevinmirəm buna. Eyni zamanda həm də təəccüb edirəm ki, ölkədə sabitliyn qorunmasında dubinkanın, həbslərin ən yaxşı vasitə olduğu fikrindən hələ də daşınmamısınız. Əsl düşməni müxalifətin içərisində axtarmayın. Fürsət verilməzsə oradan təhlükə yoxdur. Başlıca təhlükə Sizin ətrafınızda cəmləşib. Siyasi dustaq Mehman Hüseynovla bağlı yaranan problemin beynəlxalq birliyə doğru istiqamət götürməsi ölkə daxilində maraqlı qüvvələrin xəyanətini istisna etmir. Axı, bu gənc oğlan azadlığa çıxmış olsaydı hansı xoşagəlməz hadisə baş verə bilərdi ki, məsələni bu şəkildə böyütməyə ehtiyac duyuldu?! Yaxud müxalifətə ilk "kozur" haradan və necə gəldi? Dünyanın siyasi praktikasından da məlumdur ki, bu cür sitiusiyalarda hökumətin səhvlərindən müxalifət istifadə edərək cəmiyyətdə öz nüfuzunu yüksəltmək qayğısına qalır. Və ya əksinə elə Azərbaycan nümunəsindən baxarıqsa hökumətimizin bu illər ərzində müxalifətin səhvlərindən istifadə edərək onu zəiflətmək üçün az həmlələr etməməsi canlı misaldır.
Cənab prezident! Başları üzərində Heydər Əliyevin və Sizin portretlərinizi asıb da müxtəlif qanunsuzluqlar, korrupsiya və rüşvətxorluqla, insanların huquq və azadlıqlarını tapdalamaqla məşğul olam harın məmurlar xalqla Sizin aranızda böyük uçurum yaradıblar. Əlbəttə, bu cür şərait özbaşına əmələ gəlməyib...Vəzifəli şəxslərin demək olar ki, əksəriyyətinin bir-iki yox, onlarla vilları, dükan və mağazaları, şadlıq sarayları, super marketləri, şirkətləri vardır ki, bütün bunları da cəmiyyət görür. Bu azmış kimi özləri bir yana, nəsil-nəcabətlərini dövlət aparatında yüksək vəzifələrə yerləşdirməyə himayədarlıq etməkdən belə çəkinmirlər. İçtimai rəydə bu vəziyyətin səbəbləri Sizin ünvanınıza yazılır. Adi danışıq qabilyyətindən kasad olan rəhbər işçilərin məsuliyyətsiz açıqlamaları, saymazyana müsahibələri, bir sözlə, özlərini yekəxana aparmaları cəmiyyətdə ciddi narazılığa səbəb olur. Sizin təyinatınızla illərdir Şuşa icra hakimiyyətinə başçılıq edən Bayram Səfərov görün nə deyir:" Tramp kimdir ki, onun belə maşını ola bilir, mənimsə yox. Bəyəm mən ondan əsik kişiyəm." Heyrətlənməmək olmur. Təəssüf ki, Bayram Səfərov yeganə nümunə deyil. Yaxud Sizin razılığınızla deputat olanlardan birinin sözünə baxın:" Erməni kimdir ki, mənim torpağımda səngərdə başını dik tutub hərəkət edə bilsin. Düşmən mənim səngərimdə əyilə-əyilə gəzməlidir." Onlarla belə ikrah doğuran nümunələr gətirmək mümkündür.
Cənab prezident, müraciətimi "daxili düşmənlərdən birinin" fikirləri kimi yox, ölkədəki proseslərdən narazı olan bir vətəndaşın mövqeyi kimi qəbul etmənizi xahiş edirəm. İnsafən, respublikada az quruculuq işləri də görülməyib. Ancaq nə qədər möhtəşəm işlər həyata keçirilsə belə əgər, insan daxilən azad deyilsə onun təsəvvülərində əsrarəngiz gözəlliklər zövqsüz və mənasız ğörünür.

Hörmətlə Eldar Sabiroğlu
23 yanvar 2019-cu il

XƏBƏR LENTİ