“Bizim yol” qəzeti bağlandı

662 1-02-2019, 12:50 cemiyyet

“Bizim yol” qəzeti bağlandıAzərbaycanda daha bir qəzet fəaliyyətini dayandırıb.

"Qafqazinfo” xəbər verir ki, "Bizim yol” qəzeti çap versiyasını dayandırıb. Bu barədə qəzetin baş redaktoru Bahəddin Həziyev məlumat verib.

O bildirib ki, çap mediası dərin oxucu böhranı keçirir: "Qəzetin çap variantını dayandırmaq bizim üçün, təbii ki, asan olmadı. Bəzi iş yoldaşlarımızdan ayrılmaq ən çətinidir. Ancaq qərar vermək durumundaydıq. Düşünürəm ki, bu situasiyada ən doğru qərar belə idi. Çünki çap vasitələrinin qiymətləri durmadan artır, qəzet bazarı isə yoxdur. Qəzet satışı getdikcə azalır, qəzet rentabelli deyil. Sadəcə, qəzet xatirinə qəzet buraxmaq lazım deyil. Bu, bizə əlavə vaxt, enerji, maliyyə itkisinə başa gəlirdi. Makulatura etməyin mənası yoxdur. Real vaxt rejimində (onlayn) işləyən media daha effektiv trenddir. Bizim qəzetin internet versiyası kifayət qədər populyardır, ancaq onu daha da inkişaf etdirmək əzmindəyik. "Bizim Yol” bağlanmayıb, sadəcə, kağız versiyası dayanıb. İmkanımız çatsa, çap versiyasını həftədə bir dəfə olmaqla davam etməyi düşünürük. Alınmasa da, bunu şəxsi və ictimai faciə saymıram-onlayn versiyamız var. Biz varıq və yenə də yolumuza davam edəcəyik”.

Xatırladaq ki, KİVDF-nin bu gün qəzetlərin maliyyələşdirilməsi ilə bağlı yeni şərtləri açıqlanıb. "Bizim yol” da məhz maliyyə yardımı dayandırılan KİV orqanlarından biridir.
Bundan əvvəl də qeyd olunurdu ki, Azərbaycanda bir neçə qəzet bağlanacaq. Bağlanan qəzetlər sırasında "Ekspress” qəzeti də var.

XƏBƏR LENTİ