İlahə Sadıqova: " Cəmiyyətdə bu cür halların baş verməsi sistemin yaratdığı mühitdən dolayı baş verir"

798 10-04-2019, 14:46 siyaset / gundem

İlahə Sadıqova: " Cəmiyyətdə bu cür halların baş verməsi sistemin yaratdığı mühitdən dolayı baş verir"
Elina adlı qızcığazın məktəbdə intihar etməsiylə bağlı xəbərləri hər kəs izləyir yəqin ki... Bu xəbər artıq çoxdan çalınmalı olan həyəcan təbilini çalmağın zəruriliyini göstərir. Məsələ o qədər acınacaqlıdır ki, hansı bir tərəfdən yanaşacağını bilmirsən. Bu uşağın bu dəqər depressiv olmağının, psixoloji durumunun bu vəziyyətə çatmağının çox səbəbləri var. Əvvəla, psixoloqlar qeyd edir ki, uşaqlarınızın düzənini çalışın pozmayasınız, çünki alışdıqları düzənin pozulması uşaqlar tərəfindən çox çətin aşılır. Görünür, bu qızcığaz da bu durumda olub. Təhsil aldığı məktəbi dəyişməsi ona çətin gəlib. Təəssüflər olsun ki, insanlarımız o qədər acımasız olub ki, uşaqlar belə həmyaşıdlarına qarşı aqressiv, etinasız, qeyri-insanı rəftarda bulunurlar. Elinanı yeni məktəbdə yeni uşaqlar "yad" kimi qəbul ediblər və hər şey də burdan başlayıb. Cəmiyyətdə bu cür halların baş verməsi sistemin yaratdığı mühitdən dolayı baş verir. Əgər insanlar normal şəraitdə yaşasalar, fəaliyyət göstərsələr cəmiyyət bu qədər aqressiv və etinasız olmaz. Hər kəsin başı o qədər özünə qarışıb ki, digərlərini vecinə almaz hala gəlib çıxıb.
Bütün sahələrdə olduğu kimi, Təhsil sistemindəki boşluqlar da göz qabağındadır. Məktəblərdə psixoloq ştatının olmasına baxmayaraq, əksəriyyətində psixoloq formal xarakter daşıyır, ya ixtisasçı olmayan bir adamı o ştata götürürlər, ya da nə zaman getsən, psixoloqu yerində tapa bilmərsən. Niyə? Çünki "ölü can"dır. Problemli cəmiyyətlərdə psixoloqlara, sosial işçilərə çox böyük tələbat var. Biz də problemli cəmiyyətlərdənik, lakin buna baxmayaraq dövlət vətəndaşla maraqlanmaq istəmir. Sözügedən hadisədə məktəb direktoru ilə yanaşı, psixoloqun da günahı böyükdür. Hətta günah yüngül ifadədir, hər ikisi cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Əvvəla, ona görə ki, psixoloq məktəbdə vəzifəsini düzgün yerinə yetirməyib və uşaqlarla maarifləndirici-psixoloji söhbətlər aparmayıb. Bu səbəbdən də uşaqlar Elinaya qarşı öz tərbiyəsiz, qeyri-insani rəftarlarını davam etdiriblər, çünki nə yol göstərənləri olub, nə də ən azı buna görə cəzalandıranları. İkincisi, ona görə ki, uşağı yaralı vəziyyətdə sorğu-suala tutub onu o halda videoya çəkib, özünü sığortalamağa çalışmaqla onun ölümü daha da yaxınlaşdırıb. Əslində isə təcili tibbi yardım çağırılmalıydı. Hətta 2 saatdan sonra çağırılan tibbi yardım briqadasına yalan məlumat verilməsindən dolayı, qızcığazı səhv diaqnozla başqa bir xəstəxanaya yönləndirmək, yalnız xəstəxanaya yerləşdiriləndən sonra tibbi personal tərəfindən qızcığazın əslində zəhərlənmədiyi aşkar olunandan sonra başqa bir xəstəxanaya yerləşdirilməsi və müdaxilə gecikdirildiyindən uşağın dünyasını dəyişməsi səbəbilə psixoloqun və direktorun cinayət məsuliyyətinə cəlb olunmasını zəruri edir.
Son zamanlar dəb halı alıb valideynlərin müəllimlərin üzərinə təhdid dolu ritorikayla hücum etmələri. Hamı uşağını öz aləmində "müdafiə" edir. Kimdən? Müəllimdən. Ay amandır, müəllim uşağıma bir söz deməsin, uşağımsa keyfi istəyəni məktəbdə eləsin. Siqaret çəksin, nəşə çəksin, başqa uşaqları da buna təşviq etsin, telefonlarında əxlaqsız videolar daşıyıb digər məktəb yoldaşlarına bunu nümayiş etdirsin, məktəb yoldaşlarını mənəvi terrora məruz qoysun və s. Elina məhz bu cür valideynlərin övladlarının və buna şərait yaradan böyüklərin qurbanı oldu. Məktəb direktoru və psixoloqu ilə yanaşı, ona bu terroru rəva görən uşaqların valideynləri də məsuliyyət daşıyır.
Əvvəllər məktəblərdə tibbi personal olurdu, hər hansı bir tibbi müdaxilə gərəkirdisə, dərhal müdaxilə olunurdu. Bu gün Təhsil Nazirliyimiz bu məsələni də gözdən çıxarıb. Məktəblərin qarşısında təcili tibbi yardım briqadası daim keşik çəkməlidir ki, bu məktəb direktoru və psixoloqu kimi bədbəxt hadisəni ört-bas etməyə çalışanlara mane olsunlar və təcili müdaxilə etsinlər. O qızcığaza zamanında tibbi yardım göstərilsəydi, bəlkə də indi sağ olardı. Danışılacaq söz çoxdu. Təəssüf ki, cəmiyyətimiz "xəstədir". Bizi cəmiyyət olaraq xəstəliyə yoluxduranlardan canımızı qurtaracağımız günü səbrsizliklə gözləyirəm.

Allah yardımçımız olsun!!!

İlahə Sadıqova

Ümid Partiyası sədrinin Ailə, Qadın, Uşaq və Gender bərabərliyi üzrə müavini

XƏBƏR LENTİ