“HANSI KİTAB ÜMMƏTİSİZ, BƏYAN EDİN BİR MƏNƏ?”

800 11-04-2019, 10:52 kose / siyaset / cemiyyet / gundem

“HANSI KİTAB ÜMMƏTİSİZ, BƏYAN EDİN BİR MƏNƏ?”

“Mən pul da qazana bilirəm, lakin məqsədim o, deyil”

Bir neçə il əvvəl adını unutduğum bir Amerika şairinin verdiyi müsahibəni oxuyarkən xeyli təsirlənmişdim. O, poeziyanın belə deyək, ucsuz-bucaqsız miqyasından, bənzərsiz mənzərəsindən, ilahi çalarlarından, möhtəşəm qəsr və qalalarından, insanla Allah arasında yer tutduğundan şövqlə bəhs edirdi. Danışdıqca adama elə gəlirdi ki, bu şairin heç bir dərd-səri yoxdur. Lakin yazının sonuna yaxın müxbirin verdiyi sualın cavabı sonuncu fikrimi darmadağın etdi. Belə ki, “heç sıxıntı çəkdiyiniz anlar olurmu?” sualına şair belə cavab verir: “Siz nə danışırsız, əlbəttə olur, məsələn, hər ay kirayə haqqının ödənilmə vaxtına bir həftə qalmış gündə yüz dəfə ölüb-dirilirəm, ki, bu pulu mən necə əldə edim? Bu səbəbdən ev sahibi ilə aramızda tez-tez narazılıq, söz-söhbət olur”. Bax, bir başa mənim öz taleyimə ayna tutan bu yazını heç cürə unuda bilmirəm. E.ə. IV əsrdə yaşamış yunan filosofu Fales, özü barəsində gedən “bu ki, bu qədər savadlıdır, bəs görəsən niyə kasıb yaşayır?” kimi söz-söhbətlərə son qoymaq məqsədilə bir mövsüm yağ istehsalçılarıyla müqavilə bağlayaraq, onlara təhvil veriləcək zeytun məhsulunu inhisara götürüb və xeyli pul qazanıb, sonra da o pulları insanların üzərinə yağdırmaqla fikrini isbat edərək demişkən, mən pul da qazana bilirəm, lakin məqsədim o, deyil. Həm də Faleslə bizim zamanımız arasında 2400 il məsafə var, indi hər şey ədalət və demokratiya baxımından çox yüksək səviyyədə olmalıydı axı. Dünya, yaxud da cəmiyyətimiz nədən belə ləng inkişaf edir, görəsən? Əksinə, istismarçılıq artıq cəmiyyətimizdə, hətta məişətimizdə belə adət halına çevrilib. Hər kəs qazanı başqa birinin qaşıq salmasına belə imkan vermədən öz qabağına çəkir. Bəs milli bütövlük, müasir dövlətçilik əqidəsi harda qaldı? Biz yenə də dövlət və millət olaraq kiminsə vassalı olmaqdamı maraqlıyıq? Əgər belədirsə, əfsuslar olsun!

Görəsən başbilənlərimiz bu məsələlərlə bağlı “niyə?” sualının həqiqi cavabını bilirlərmi?

Bu yazdıqlarım narahatçılığımı bölüşmək üçün bir giriş idi, əslində bu fikirlərim nədən doğdu? İndi baxın, mətbuatda, sosial şəbəkələrdə hər il ortalama 70 nəfər yazara AYB-nin təqdimatı ilə bir illik “Prezident təqaüdü” verildiyini, bundan başqa kimiyə ev, kimiyə də müxtəlif ədəbi mükafatların verildiyini oxuyuruq. Allah mükafatı verənlərin də, layiq görülənlərin də canını sağ eləsin! Ölkəmizdə ən kasıb yaşayan kütlələrdən birinin qələm sahibləri olduğunu bildiyimdən bunu təqdir edirəm. Amma burada qısqanclıqdan tamamilə kənar bir məsələyə toxunmaq istəyirəm. Belə ki, dəfələrlə müraciət etsəm də, məlum olub ki, Gürcüstan vətəndaşı olduğuna görə, bu cür nominasiyaların, mükafatların Azərbaycan ədəbiyyatına və elminə xidmət edən 54 yaşlı Azərbaycan türkü Elbəyi Cəlaloğluya qətiyyən dəxli yoxdur. Eyni problem işsiz qalmağımın da səbəbkarıdır. Görəsən başbilənlərimiz bu məsələlərlə bağlı “niyə?” sualının həqiqi cavabını bilirlərmi, dərk edirlərmi? Axı, mən də bu millətin övladıyam, axı, mən də öz mənsub olduğum millətin, ata-anamın danışdığı dildə yazıb-yaradıram. Nə olsun ki, 26 ildir bu ölkədə yaşasam da, başqa respublikanın vətəndaşıyam. Övladlarım Bakıda doğulub böyüyüblər. Orta məktəbin 3-cü sinifində oxuyarkən, 8 yaşında Gürcüstanda keçirilən bayram konsertlərində saz ifaları ilə çıxışımı və 1980-ci ildə keçirilən musiqi festivalında saz ifaçılığı üzrə bürünc medal qazandığımı nəzərə alsaq, demək, 46 ildir ki, mən haqlı olaraq millətimə, milli mədəniyyətimizə xidmət edirəm. Bu müddət ərzində “Səninlə ilk görüşdə”, “Bu köç hara gedir?...”, “Dan üzünün rəngi”, “Haqq məndədi” şeirlər və poemalar kitablarını, “Göy ərləri, yaxud Borçalı türklərinin etnik tarixinə səyahət” etnoqrafik-publisistik əsərimi, “Mehralı bəy” dastan-poemasını, “Eşq dənizləri qovuşanda” dərişnaməsini, “9-cu meydan” povestini, “60 ilin söhbəti” və “Xəzərin xanı, yaxud akademik ömrünün spektrləri” adlı sənədli povestləri, eyni zamanda 150-dən artıq elmi və publisistik məqaləni, hekayə və oçerkləri, müsahibələri əziz oxuculara təqdim etmişəm, dəfələrlə tele-radio çıxışlarım olub. Başbilənlərin soydaş haqqında proqramı və ya qanunu qüsurludursa, burada mənim nə günahım var? Kitablarımı yuxarı sinif şagirdləri, tələbələr oxuyub yararlanırlar, əsərlərimə istinadən Türkiyədə, Azərbaycanda elmi-monoqrafiyalar yazılır. Kitab mağazalarında kitabları az-çox satılan müəlliflərdən biriyəm. Bəs, nəyə görə milli ədəbiyyatımızın inkişafına stimul verən bu və ya digər həvəsləndirmələrdən kənarda qalmalıyam? Ədəbiyyat və elm nə vaxtdan siyasi coğrafiya ilə məhdudlaşmağa başlayıb? Mən Azərbaycan ədəbiyyatı, tarixi, fəlsəfəsinin quluyam, məni hər hansı başqa ağamı himayə etməlidir? Axı, mən də kirayənişinliyə son qoymaq, ailə qayğıları qarşısında acizlikdən sıyrılıb çıxmaq, bağ, avtomobil sahibi olmaq istəyirəm, övladlarımın ümidsizlik divarlarını sındırmaq arzusundayam. İndi mən neyləməliyəm, bəlkə cənab Prezident İlham Əliyevə müraciət etməliyəm?! Məni heç bir xidmətimin qarşılığı deyil, insan kimi yaşamaq haqqım düşündürür. Axı, sıradan birisi də deyiləm, hər halda Azərbaycan cəmiyyətində öz imzası, öz yeri və mövqeyi ilə tanınanlardan biriyəm. Bu ədalətsiz yanaşmalar varkən, bunlar necə mümkün olar? Günlərin birində tutalım ki, dünya şöhrətli xarici bir yazıçı və ya alim qapımı döyə bilər, deməzmi ki, ay Azərbaycan yazıçısı, sən nə gündəsən?! Gürcüstan dövlətindən bir vətəndaş kimi haqq və hüququmu tələb edə bilərəm, amma mənəvi baxımdan umacağım bir şey yoxdur, çünki mənim yaradıcılığım əsasən gürcü ədəbiyyatı və mədəniyyətinə deyil, Azərbaycana xidmət edir.

Bəhrəsiz müraciətlər

Qeyd edim ki, “Prezident təqaüdü” ilə bağlı AYB sədri Anar müəllimə namizədliyim də təqdim olunub, şəxsən müraciət də etmişəm, amma heç bir nəticə əldə olunmayıb. Bir dəfə AYB-nin katibi, rəhmətlik Arif Əmrahoğlu namizədliyimi irəli sürüb, amma qəbul olunmayıb. İkinci dəfə rəhmətlik Xalq şairi Zəlimxan Yaqub mənim yanımda Anar müəllimə zəng edib, imkansızlığımı onun diqqətinə çatdıraraq həmin siyahıya salınmağımı xahiş edib. Təbii ki, Anar müəllim də bunu edəcəyinə söz verdi, amma əməl etmədi. AYB-nin sədr müavini Çingiz Abdullayevlə görüşüb ona maddi durumumu və istəyimi bildirdim, o isə namizədliyimi dəstəkləyəcəyini ifadə etdi. Sonra eyni mövqe ilə AYB-nin sədr müavini Fikrət Qocayla görüşdüm. Fikrət müəllim mənə, – sənin Şəms Təbrizidən, M.C.Rumidən bəhs edən əsərini oxumuşam, sən Allah eşqi ilə yaşayan adamsan, tələsmə, gözlə, indi təqaüd ayda 300 manatdır, bəlkə gələn il 1000 manat olacaq, – dedi. Mən isə, – Fikrət müəllim, mən şöhrətpərəst, orden, medal həvəskarı deyiləm, amma maddiyyata ehtiyacım var, ailəmlə kirayədə qalıram, bir də ki, ola bilər təqaüd ayda 1000 manat olanda mənim ona ehtiyacım olmasın, bu gün isə ayda 300 manat məndən ötrü 3 milyondur, – dedim. Fikrət müəllim sonda, – yaxşı baxarıq, – dedi. İstəyimin baş tutmadığını gördükdə Anar müəllimlə görüşmək qərarına gəldim, otağına yaxınlaşdıqda isə Anar müəllimin məhz bu məsələylə bağlı heç kəsi qəbul etmədiyini bəhanə gətirərək məni görüşdən yayındırdılar. Bundan sonra Anar müəllimə yazdığım məktubu poçt vasitəsilə göndərdim və poçtdan məktubun ünvana çatdırıldığı barədə bildiriş aldım. Sonda müraciətlərin bəhrə vermədiyini görüb dayandım. Amma qələm sahiblərinin yaşam tərzinin yaxşılaşdırılması ilə bağlı fikir və təkliflərimi 2015-ci ildə verdiyim “Bu fani dünyada boş-bekar yaşamaq mənə xoş deyil” və “Elbəyi Cəlaloğlu ruhunun təntənəsi” adlı iki müsahibədə ifadə etmişəm. Maraqlananlar internet vasitəsiylə oxuya bilərlər...

“Mən Allaha xəyanət edə bilmərəm”

Bir axşam evdə bu məsələlər ətrafında giley-güzar edirdim. Uşaqlarımın anası bir qədər çəkincək, hürkəkcəsinə gülümsəyərək dedi ki, ailəmizin bu vəziyyətdən çıxmasının yolunu mən bilirəm. Nədir, – dedim, – o yol. Dedi ki, sən kitab yazmağa tövbə eləməli, gedib tikintidə fəhlə, yaxud da bazarda pal-paltar satıb pul qazanmalısan, onda biz tədricən problemlərdən çıxarıq. Mən ona, – niyə asilənirsən, mən Allaha xəyanət edə bilmərəm, yazdıqlarımı mənə O verir, onları içimdə boğa bilmərəm, bu, Ona xəyanət olar, – dedim. Uşaqların anası isə, – bəs, onlar niyə sənə və ya sənin kimilərə ədalətsizlik, həmçinin də Allaha xəyanət edirlər, sən də et, – deyə fikir bildirdi. Mən ona doğru düşünmədiyini dedim və səbirli olmağını tövsiyə etdim. Sonra da, – gələcəyə nikbin baxmaq lazımdır, sənin dediyin bir ailəyə, mənim dediklərim isə bir millətə və hətta bəşəriyyətə xidmətdir. Əgər sağlam gələcək, ədalətli cəmiyyət qura bilsək, o cəmiyyətdə xoşbəxt yaşayan bizim törəmələrimiz olacaqlar, – dedim. O isə, – uşaqları, ailəni pis vəziyyətdə qoyduğun halda gələcək ədalətli cəmiyyəti kiimin üçün qurursan, – deyə israr etdi və bəlkə də məni ipə-sapa yatmaz hesab etdiyindən gözlərindən yaş axdı. Deyəsən mən də əsəbləşmişdim, ona, – ağlını başına cəm elə, – dedim. Həm də, özlüyümdə düşündüm ki, ümidsizlikdən doğduğuna baxmayaraq, onun da sözündə bir məntiq var. Eyni zamanda başbilənlərin ədalətsiz yanaşmaları məni bir az da hiddətləndirdi və Aşıq Qərib dastanından Aşıq Qəribin söylədiyi, – “Hansı kitab ümmətisiz, bəyan edin bir mənə?”, – misrasını xatırladım...

Elbəyi Cəlaloğlu, Bakı, 9 aprel 2019-cu il.

XƏBƏR LENTİ