MƏĞLUB İMPERİYANIN “QALİB” ÇARI... – “Yeni” Putin köhnə Rusiyanı dəyişə bilərmi?

501 8-05-2024, 13:00 kose / siyaset

MƏĞLUB İMPERİYANIN “QALİB” ÇARI... – “Yeni” Putin köhnə Rusiyanı dəyişə bilərmi?Boris Yeltsin hakimiyyətə gəlişi ərəfəsində Kremldə keçirilən bir iclasla bağlı təəssüratını bu cür ifadə etmişdi: “Mən 56 illik ömrüm ərzində gördüyüm əclafların ümumi sayı qədər əclafı burada bir dəfədə gördüm”. Elə Yeltsinin hakimiyyəti dövründə də dəyişən bir şey olmadı və tarix göstərir ki, bu mənzərənin nə zamansa dəyişməsi ehtimalı da olduqca aşağıdır...

Vladimir Putin dünən növbəti dəfə prezident kimi and içdi, sabah isə 9 may paradını qəbul edəcək. Məntiqlə əlamətdar, sevincli, bayram kimi qeyd ediləcək tarixlərdir. Lakin nə Putinin özündə, nə də Rusiya cəmiyyətində bayram əhval-ruhiyyəsi qətiyyən hiss olunmur. Ukraynada bataqlığa düşərək çabalayan ayını xatırladan Rusiya bu tələdən necə çıxacağını hələ özü də bilmir...

Ümumiyyətlə, Rusiya əsrlər boyu öz ərazi miqyasının, ölçülərinin layiq olmadığı böyüklüyünün girovuna çevrilib. Bu içi çürük böyüklüyün və imperiyaçılıq mərəzinin tələsinə düşmüş dövlət və cəmiyyət hazırda bunun acı meyvələrini dadmaqda davam edir.

Bir tərəfdən bu iri miqyası ona böyük təbii sərvətlər qazandırıb, məhz həmin sərvətlərin hesabına bu dövlət uzun müddət yaşayıb və varlanıb. Digər yandan isə bu ölçülər rusiyalıların dəhşətli dərəcədə parçalanması, təbəqələşməsi, bir-birinə və ətrafdakılara qarşı yadlaşmasına, eyni zamanda da tənbəlləşməsinə, biganələşməsinə səbəb olub.

Bu aqressiv idarəetmə sisteminin maddi və mənəvi girovuna çevrilmiş “axsaq” toplum özünün saysız-hesabsız daxili problemləri olan dövləti, ölkəsi ilə məşğul olmur, onu düzəltməyə, inkişaf etdirməyə çalışmır. Əksinə, əlində olan ərazilərə sahib çıxmaq, özündəki bərbad durumu düzəltmək, çürümə prosesinə son qoymaq əvəzinə, başqalarının torpaqlarına, həyatına, rahatlığına hücum edir, qənim kəsilir...

Putin hakimiyyəti adi vaxtda öz vətəndaşına normal iş yeri, pul, güzəran vermirdi. İndi isə müharibəyə göndərdiklərinə minlərlə dollar məvacib verir. Deməli, bu vəsaitlər həmişə olub və həmişə də bu pulları insanlara verə bilərdi, lakin vermirdi. Niyə?

Mühribə başlayandan bəri Zelenskinin sifətindəki, həyatındakı, mənəvi obrazındakı dəyişikliyə də baxın, Putinin görkəmindəki dəyişikliyə də. Putinin ordusunun itkisi daha çoxdur, həmçinin, məhz onun ordusu işğalçılıqla, talançılıqla, qətllərlə məşğul olub, xeyli sayda qadın, uşaq, qoca öldürüb və öldürməkdə də davam edir. Onun simasında bundan keçirdiyi hansısa peşimançılıq, üzgünlük mimikası varmı?...

“Crocus Sity Hall”-dakı terror aktına, onun həmin hadisəyə münasibətinə, reaksiyasına(hadisə yerinə belə getmədi) nəzər yetirmək kifayətdir ki, onun təkcə “yadlara” deyil, öz xalqına olan münasibəti barədə də təsəvvür yaransın. Yeri gəlmişkən, sovet disidenti Vladimir Bukovski vaxtilə deyib ki, Lyubyankaya (keçmiş “KQB”, indiki FTX-nın binası) iki raket atılsa, dünyada terrorçuluq 80 faiz azalar. Çünki dünyadakı terrorun 80 faizinin kökü buradadır...

SSRİ 30 ildir dağılsa da, Kreml və Rusiya cəmiyyətinin böyük əksəriyyəti hələ də keçmiş sovet respublikalarını dövlət saymır. Ukraynada, Gürcüstanda, Moldovada, Qazaxıstanda və nəhayət, Qarabağda indiyə qədər baş verənlər məhz bu münasibətin nəticəsi və sübutudur. Ona görə də bizdəki özünü “turançı”, “azərbaycançı” kimi göstərən, buna paralel olaraq isə həm də “rusbaşlıq” edənlər Rusiyanı müdafiə edərkən başa düşmək istəmirlər ki, Kreml Azərbaycanın Türkiyə ilə yaxınlaşmasından qətiyyən məmnun deyil. Necə ki, Qazaxıstanın Çinlə, Gürcüstanın, Moldovanın, Ukraynanın Avropa ilə yaxınlaşmasından. Qəbul etmək istəmirlər ki, Ukraynanın məğlubiyyəti Azərbaycan da daxil olmaqla, bütün postsovet ölkələrinin dövlətçiliyini, müstəqilliyini böyük sual və təhlükə altına alacaq. Başa düşmək istəmirlər ki, Kreml və Rusiya cəmiyyəti bizləri müstəqil, suveren dövlət saymır, heç vaxt saymayıb və saymayacaq! Kreml isə başa düşür ki, Ukraynanı dövlət kimi məhv etməyəcəyi təqdirdə postsovet məkanında onsuz da zədələnmiş nüfuzunu daha da itirəcək, onun bu gün Ukraynada zəbt etdiyi ərazilər isə nə vaxtsa mütləq əlindən çıxacaq. Necə ki, Qarabağ işğalçı Ermənistanın əlindən çıxdı...
Ətraflı
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.

Odur ki, Ukraynada məğlubiyyət bütün digər keçmiş SSRİ respublikalarının Kemlin əlindən birdəfəlik çıxması deməkdir. Bu o deməkdir ki, imperiya bir daha olmayacaq. Ona görə də bu müharibə Rusiya və Ukrayna üçün ölüm-dirim müharibəsi olmaqla yanaşı, bütün postsovet məkanı üçün də onların gələcəyini müəyyən edən savaşdır...

Rusiyanı dövlət və cəmiyyət olaraq idarə edən zehniyyət hesab edir ki, postsovet məkanında öz yolu, yeri, mövqeyi olan dövlət olmalı deyil. Bu hakim zehniyyət hesab edir ki, gürcünün, ukraynalının, azərbaycanlının, qazaxın və s. öz dövlətini qurmaq, onu idarə etmək qabiliyyəti, səlahiyyəti yoxdur və onların qurduqları indiki dövlətlər də müvəqqətidir!

Putin müharibədən əvəlki məqaləsində yazırdı ki, ukraynalılarla ruslar eyni xalqdır. Ancaq indi səngərdə olanlar qətiyyən belə düşünmür. Ruslar ukraynalıları məhv etmək, alçaltmaq, əzmək istəyir, ukraynalılar isə müdafiə olunarkən(haqlı olaraq) qəddarlıq göstərməkdən çəkinmirlər. Eyni xalqın nümayəndələri bir-birinə qarşı bütün bunları edərdilərmi? Putinin saxta “eyni xalq” tezisi ifşa olunandan sonra Kreml təbliğatçıları artıq “eyni və qardaş xalq” kimi ifadələri bir kənara ataraq açıq şəkildə ukraynalıları qırmağa çağırırlar...

Putin hələ özü də bilmir ki, bu müharibədə qələbə nədən ibarətdir və “qələbə” adı altında ruslara nəyi satacaq - Baxmutu, Avdeyevkanı, İvanovkanımı? Belə ivanovkalar və avdeyevkalar 600 min kvadrat kilometrlik Ukraynada 100-lərlədir. Elə Putin özü də qələbənin nə olduğunu özü üçün müəyyən edə bilməyib və belə görünür ki, sonsuza qədər də müəyən edə bilməyəcək. O, həm də buna görə müharibəni dayandıra bilmir. Onun üçün əsl qələbə Kiyevin alınması və əhalinin gül-çiçəklə rus tanklarını qarşılaması ola bilərdi. Bu isə olmadı və artıq heç zaman da olmayacaq! Putin o günü görməyəcək!

Putin Ukraynadakı az-çox Rusiya sevgisini də məhv etdi. Onu artıq Ukraynadakı rus millətindən olanlar da istəmir. Putin rusların ən sevimli məsəli olan “Xoroşo tam qde nas net” (O yer yaxşıdır ki, biz orada yoxuq) fikrini real şəkildə həyata keçirməyə müvəffəq oldu və bu “missiyasını” davam etdirir...

Növbəti dəfə prezidentlik andı içən və öz nitqində Rusiya xalqını qoruyacağını vəd edən Putin artıq Ukraynada 500 minə yaxın rusiyalını ya basdırıb, ya da ömürlük şikəst edib. Odur ki, “yeni” Putinin köhnə Rusiyada nəyisə dəyişəcəyinə ümid etmək sadəlövhlük olardı. Çünki qlobal mənada Putin hakimiyyəti və onun dünyadakı müttəfiqləri inkişafdan geri qaldıqları üçün tarixi də geri çevirmək, geri qaytarmaq, dondurmaq istəyirlər. Onların varlığı, mövcudluğu buna bağlıdır. Ancaq bu, heç vaxt, heç kimə müvəffəq olmayıb...

Bir çox nüfuzlu ekspertlər hesab edirlər ki, bu müharibə gec ya da tez Rusiyanın parçalanmasına gətirib çıxaracaq. Bu, həmin müharibə bitən kimi, ya da bundan bir neçə il sonra baş verə, uzana bilər. Amma qaçılmazdır!

Bu müharibənin sonu hələ ki, görünmür, amma dəqiq olan odur ki, müharibə bitən gün Ukrayna üçün bütün dəhşətlər geridə qalacaq, Rusiya üçün isə hər şey hələ yeni başlayacaq...

Cəlal Məmmədov

“AzPolitika.info”

XƏBƏR LENTİ