Milli mətbuat – milli düşüncənin və dövlətçiliyin aynası

7 Bu gün, 17:19 gundem

    Milli mətbuat – milli düşüncənin və dövlətçiliyin aynası

Prezident İlham Əliyev: “Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm”
Hər bir xalqın milli kimliyinin, ictimai şüurunun və mənəvi dəyərlərinin formalaşmasında mətbuat mühüm rol oynayır. Cəmiyyətin güzgüsü sayılan media yalnız informasiya daşıyıcısı deyil, həm də maarifçilik ideyalarının təbliğatçısı, milli həmrəyliyin möhkəmləndirilməsi, dövlətçilik ənənələrinin qorunması və ictimai fikrin formalaşdırılması baxımından əvəzsiz bir təsisatdır. Azərbaycan milli mətbuatı da yarandığı ilk gündən xalqın tərəqqisinə, elm və təhsilin inkişafına, milli özünüdərkin güclənməsinə və azadlıq ideyalarının təbliğinə xidmət etmişdir.
1875-ci il iyulun 22-də görkəmli maarifçi Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatı ötən əsrlər ərzində zəngin və şərəfli inkişaf yolu keçmişdir. Cəmi 56 nömrəsi işıq üzü görməsinə baxmayaraq, “Əkinçi” milli mətbuat tariximizin təməl daşı olmaqla yanaşı, gələcək nəsil jurnalistlər üçün peşəkarlıq, obyektivlik və vətənpərvərlik məktəbi yaratmışdır. Bu qəzet sonrakı dövrdə yaranan çoxsaylı mətbuat orqanları üçün örnək rolunu oynadı və Azərbaycan jurnalistikasının peşəkar ənənələrinin əsasını qoydu. “Əkinçi”dən sonra Azərbaycanda milli mətbuatın inkişafı yeni mərhələyə qədəm qoydu. XX əsrin əvvəllərində “Kaspi”, “Şərqi-Rus”, “Həyat”, “Füyuzat”, “Molla Nəsrəddin”, “İrşad”, “Açıq söz” kimi qəzet və jurnallar milli düşüncənin, ictimai fikrin, maarifçiliyin və azadlıq ideyalarının yayılmasında mühüm rol oynadılar.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə mətbuat dövlət quruculuğu prosesində fəal iştirak edərək demokratik dəyərlərin təbliğinə xidmət etdi. Sovet hakimiyyəti illərində isə mətbuat ciddi ideoloji nəzarət altında fəaliyyət göstərsə də, milli jurnalistika məktəbi formalaşmağa davam etdi və peşəkar kadrların yetişməsində mühüm rol oynadı.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra mətbuat yeni inkişaf mərhələsinə qədəm qoydu. Xüsusilə 1993-cü ildən etibarən Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkənin bütün sahələrində həyata keçirilən genişmiqyaslı islahatlar media sektorunun da inkişafına mühüm təkan verdi. Bu dövrdə söz və məlumat azadlığının təmin olunması istiqamətində mühüm addımlar atıldı. Mətbuatın fəaliyyətini məhdudlaşdıran süni maneələr aradan qaldırıldı, hüquqi dövlət prinsiplərinə uyğun qanunvericilik bazası formalaşdırıldı, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti üçün əlverişli şərait yaradıldı. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev milli mətbuatın tariximizdə və dövlətçilik ənənələrimizin formalaşmasında oynadığı müstəsna rolu yüksək qiymətləndirərək demişdir: “Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. ‘Əkinçi’dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik”. Bu dəyərli fikir Azərbaycan milli mətbuatının cəmiyyət həyatındakı əhəmiyyətini, onun milli şüurun formalaşmasında, azadlıq ideyalarının təbliğində və dövlətçilik ənənələrinin möhkəmləndirilməsində oynadığı rolu dolğun şəkildə ifadə edir. Həqiqətən də, “Əkinçi” ilə əsası qoyulan milli mətbuat məktəbi müxtəlif tarixi mərhələlərdə xalqın maariflənməsinə, milli-mənəvi dəyərlərin qorunmasına, azərbaycançılıq ideologiyasının təbliğinə və istiqlal düşüncəsinin inkişafına mühüm töhfələr vermişdir.
Müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı jurnalistikanın fəaliyyət prinsiplərinə də ciddi təsir göstərmişdir. İnternet media, sosial şəbəkələr və rəqəmsal platformalar xəbərin operativ yayılmasını təmin etsə də, eyni zamanda dezinformasiya və saxta xəbərlərin yayılması riskini də artırmışdır. Belə bir şəraitdə peşəkar jurnalistikanın əhəmiyyəti daha da artır. Cəmiyyətin düzgün və obyektiv məlumatlandırılması, faktların dəqiq yoxlanılması, qərəzsiz və operativ informasiya təqdim edilməsi medianın əsas vəzifələrindən biridir. Jurnalist etikası, obyektivlik, peşəkarlıq və məsuliyyət prinsiplərinə sadiqlik müasir media mühitində xüsusi önəm daşıyır.
Milli maraqların qorunması, dövlətçilik prinsiplərinə sadiqlik, vətəndaşların düzgün informasiya almaq hüququnun təmin edilməsi peşəkar jurnalistikanın əsas prioritetləri sırasındadır. Eyni zamanda jurnalistlər daim peşə biliklərini artırmalı, müasir informasiya texnologiyalarından səmərəli istifadə etməli, beynəlxalq jurnalistika standartlarına uyğun fəaliyyət göstərməlidirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli mətbuatın cəmiyyətin inkişafındakı rolunu, obyektiv və operativ fəaliyyətinin əhəmiyyətini yüksək qiymətləndirərək qeyd etmişdir: “Əlbəttə ki, mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır. İnsanlar bütün məlumatı mətbuatdan alırlar. Ona görə, hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir. Hesab edirəm ki, biz bunu Azərbaycanda görürük. Çünki bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıbdır. Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm”. Bu fikirlər Azərbaycan mediasının qarşısında duran əsas prinsipləri – obyektivlik, qərəzsizlik, operativlik və milli maraqların qorunmasını aydın şəkildə ifadə edir. Müasir informasiya mühitində jurnalistlər cəmiyyətin etibarlı informasiya mənbəyi olmaqla yanaşı, informasiya təhlükəsizliyinin təmin edilməsində, dezinformasiyaya qarşı mübarizədə, vətəndaşların düzgün və dolğun məlumat almaq hüququnun qorunmasında mühüm məsuliyyət daşıyırlar. Bu gün Azərbaycan mediası sürətlə inkişaf edən rəqəmsal informasiya məkanında peşəkarlıq, etik davranış, obyektivlik və məsuliyyət prinsiplərinə sadiq qalaraq dövlətçilik maraqlarının qorunmasına, ictimai həmrəyliyin möhkəmləndirilməsinə və ölkənin beynəlxalq informasiya məkanında layiqincə təmsil olunmasına öz töhfəsini verməyə davam edir.
22 İyul – Milli Mətbuat Günü yalnız jurnalistlərin peşə bayramı deyil, həm də Azərbaycan milli fikir tarixinin, maarifçilik ənənələrinin və söz azadlığının inkişaf yoluna verilən yüksək qiymətdir. Həsən bəy Zərdabinin böyük fədakarlıqla başladığı bu müqəddəs yol bu gün də uğurla davam etdirilir. Milli mətbuatımız ötən yüz əlli ildən artıq müddətdə zəngin inkişaf yolu keçərək dövlətçilik ənənələrinin möhkəmləndirilməsində, milli maraqların qorunmasında, cəmiyyətin maariflənməsində və ictimai fikrin formalaşmasında mühüm rol oynamışdır. Bu gün Azərbaycan jurnalistlərinin qarşısında duran əsas vəzifə peşəkarlıq, obyektivlik, məsuliyyət və vətənpərvərlik prinsiplərinə sadiq qalaraq cəmiyyətə düzgün, dolğun və operativ informasiya təqdim etmək, milli maraqları hər zaman uca tutmaq və müasir medianın inkişafına layiqli töhfələr verməkdir. Milli Mətbuat Günü münasibətilə bütün jurnalistləri, media nümayəndələrini və bu sahədə çalışan hər kəsi ürəkdən təbrik edir, onlara peşə fəaliyyətlərində uğurlar, möhkəm cansağlığı, obyektiv və məhsuldar yaradıcılıq arzulayırıq.


K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu

XƏBƏR LENTİ