Tenderlərdə qaliblərin müəyyənləşməsi və müxtəlif xidmətlər üçün ayrılan vəsaitlər zaman-zaman ictimai müzakirələrə səbəb olur. Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tibbi tullantılarının daşınması və zərərsizləşdirilməsi üçün ayrılan 462 min 300,4 manat da diqqət çəkən tenderlərdən biridir.
Bizimyol.info xəbər verir ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyindəki tibb müəssisələrində yaranan müxtəlif növ tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi üçün 462 min 300,4 manat ayrılıb. İşin görülməsi məqsədilə tender elan olunub və qalibin “GSL SERVICE” Məhdud Məsuliyyətli Cəmiyyəti olduğu bildirilib. Düzdür, məbləğ illik nəzərdə tutulub, amma yenə də kifayət qədər böyükdür. Müqaviləyə əsasən, hər həftə ən azı 2 dəfə, ay ərzində isə ən azı 8 dəfə daşınma həyata keçirilməlidir. Müəssisələrdə yaranan tullantıların həcminə uyğun olaraq həftəlik və aylıq daşınmaların sayı artırılıb-azaldıla bilər. Tutaq ki, ay ərzində daşınmaların sayı 8-i keçdi. İllik daşınma sayını 100 dəfə götürsək, hər daşınmanın dəyəri təxminən 4 600 manat edir. Xidmətin qiyməti olduqca yüksək görünür.
17 sentyabr 2025-ci il tarixində açıqlanan tender məlumatlarına əsasən, Göygöl Rayon Mərkəzi Xəstəxanası da tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi məqsədilə müqaviləni “GSL Service” ilə bağlamışdı. Burada da söhbət 175 min 164,98 manatlıq müqavilədən gedirdi. Bu halda da ayrılan vəsaitin həcmi suallar yaradır.
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasında 2026-cı il üzrə tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi xidmətinin satın alınması üzrə kotirovka sorğusunun yekunu da “GSL Service” MMC-nin xeyrinə olub. Müsabiqənin qalibi yenə də şirkət elan edilib. Tərəflər arasında 18 min 804,48 manat məbləğində satınalma müqaviləsi bağlanıb. Bu da müəyyən suallar yaradır. Şirkət tullantıların daşınmasında hansı müasir texnologiyalardan və metodlardan istifadə edir ki, demək olar, bütün tenderlərin qalibi olur?
“GSL Service” 2021-ci ildə yaradılıb. Şirkətin adının ilk hissəsindəki abbreviaturanın açılışı “Green Style Logistic”dir.