Elman Pənahov:"Məqsəd xalqın fikrini bu cür şeylərə qatmaqla daxili problemlərdən yayındırmaqdır"

611 5-06-2024, 15:25 kose

Elman Pənahov:"Məqsəd xalqın fikrini bu cür şeylərə qatmaqla daxili problemlərdən yayındırmaqdır"Son vaxtlar hansı xəbər portalını, “Youtube” kanalını izləyirəmsə, cəmi 2 mövzunun müzakiərsinə rast gəlirəm:
1. Ermənistanda baş verən hadisələrin şərh olunması;
2. Növbədənkənar parlament seçkilərinin müzakirəsi.

Məndə bir izləyici kimi elə fikir formalaşır ki, sanki bu ölkədə hər şey yağ-bal içərisindədir. Nə jurnalistlər, nə də siyasətçilər danışmağa mövzu tapırlar deyə, boşluğu doldurmağın yeganə yolu Ermənistanda baş verənlərin müzakirəsidir. Bizdə isə hər yer güllük-gülüstanlıqdır! Bunu hakimiyyət nümayəndələri edəndə başa düşürəm, çünki məqsəd xalqın fikrini bu cür şeylərə qatmaqla daxili problemlərdən yayındırmaqdır.
Bəs müxalif cəbhə? Bax, bunların iqtidarla eyni münasibət sərgiləməyini heç cür anlaya bilmirəm. Nədir məqsəd? Siz də xalqın başını qatıb mövcud iqtidarın güclənməyinə xidmət edirsiniz? Açığı, nə desən olar. Görünən mənzərə odur ki, həm onlar, həm də bunlar çəkici eyni yerə vururlar.
Fəlsəfədə belə bir fikir var: “hakimiyyəti tənqid edib, xalqı tərif etmək siyasi dələduzluqdur. Çünki hakimiyyət və xalq həmişə mütənasibdir. Bunun əksi mümkün deyil”. Bizimkilər isə heç bu dələduzluğu da bacarmırlar ki bacarmırlar.
“Müxalifətimiz” bütün günü həm xalqı, həm də iqtidarı tərif etməklə məşğuldur. Bir nəfər də çıxıb sual vermir ki, ay əmioğlu, sən kimə müxalifsən? Müxalifliyin özünü nədə büruzə verir? Məsələn, ötən il COP-29-la bağlı Azərbaycan namizəd olanda səsinizi çıxarıb dedinizmi ki, 2024-cü ilin noyabr ayında parlament seçkiləridir və bu vaxta tədbir salmaq olmaz?! Etiraz etdinizmi?! Əlbəttə ki, yox!
Amma indi hamı bütün kanallardan eyni ağızla bu fikri səsləndirir ki, noyabrda COP-29 olacağına görə seçkilər növbədənkənar olmalıdır. Görəsən, düşünən varmı ki, heç bir COP 29-39-49, heç bir ralli oyunu, ümumiyyətlə, heç bir tədbir parlament seçkilərindən önəmli ola bilməz. Dövlətin, xalqın növbəti 5 illik taleyi hansısa tədbir səbəbindən tələm-tələsik keçirilə bilməz. Olmasın COP-29, olsun COP-30, olmasın 2024-cü il olsun 2025-ci il, nə vacibdir axı?!
Amma və lakin nə üçünsə bu fikri heç kim heç yerdə dilə gətirmir. Ritorik bir sualla yazını yekunlaşdıraq. Niyə?

Elman Pənahov

XƏBƏR LENTİ