İkinci ömür…

İkinci ömür…

Unudulmaz ömür-gün yoldaşım Aidə xanımın əziz xatirəsinə doqquzuncu məktub

Budur fərqi, könül, məhşər gününün ruzi-hicrandan,
Kim, ol can döndərər cismə, bu cismi ayırar candan.
Məhəmməd Füzuli

Əzizim Aidə,

indi mən sən gedəndən sonra ümüdlərlə yox, sənli xatirələrimlə yaşayıram. “İstər şirin olsun, istərsə acı olsun, bu xatirələr bilirsənmi mənə nə qədər əzab verir?” –deyirdi, F.Dostayevski. Amma indi bu xatirələr mənim üçün getdikcə zənginləşən bir sərmayədir. Deyirlər, zamanın unutdura bilməyəcəyi an yoxdur. Zaman böyük loğmandır, hər bir ağrı-acını unutdura bilir. Axı mən bunu görmədim. Sənsizliyin hər anı məni yandırır, yoxluğunu daha dərindən hiss edirəm. Buna loğman əli neyləsin? Sənsizliyimin bu səkkiz ilində səni səkkiz saniyə də olsun unuda bilmədim. Səninlə keçirdiyim günləri qaytara bilsəydim, saniyələrin nəbzini tutardım. Gündüzlər hər an xəyalımda sənli günlərimi yaşasam da, gecələr mən qürbət içindəyəm. Qürbət də mənim içimdə. Ölümün ağrısı, acısı heç vaxt yaddan çıxan deyil. Çünki o, ondan betər ayrılığa aparır. Amma əzizim, bu sənin məndən cismani ayrılığındır. Cismanı olsa da, ayrılıq ölüm qədər acıymış.
Əzizim Aidə, səni tanıdığımda xoşbəxt olacağımı, ailə quranda yaşadığımı, səni itirəndə puç olduğumu anladım. Sonuncudu ayrılıq.
Qapımın açarıydın, itirdim o açarı. Hər gün qapını açmaq istəyəndə axtardıgım o açardı ayrılıq.
Səfərə gedirəm, həmişə su səpdiyin o quru pilləkənlərdəki solan izlərdi ayrılıq.
Sən getdin, amma baxdığın hər yerdə, gözlərinin izi qalan hər nöqtədə, ayaq basdığın hər torpaqda xoşbəxt günlərimizin anları yaşayır. İndi bu anların xatirələri ilə yaşamaqdı ayrılıq.
Bu xatirələrlə yaşamaq bilmirəm ömrü uzatmaqdır, yoxsa qısaltmaq. Fərq etməz, əzizim, hər iki halda səninləyəm. Keçmiş günlərimiz ruhumun məskənidir. Nə vaxtsa keçirdiyimiz hisslərin, hətta duyduğumuz qəm-kədərin həsrətini çəkirəm.
Əzizim, öncəki məktublarımda da yazdığım kimi unudulmayanlar ölmürlər. Sən həmişə mənimləsən, bizimləsən. Dostlarımla, əqrabalarımla olan elə bir görüş ola bilməz ki, orada sən anılmayasan.
Bu il ABŞ-ın “World Scientific” nəşriyyatında sənə də, mənə də dünya qədər sayğı bəsləyən Lütfi Zadə ilə birlikdə yazdığımız 650 səhifəlik kitabımız nəşr olundu. Əfsuslar olsun ki, Zadə bu kitabı görə bilmədi. Ancaq mən çox rahatam ki, onun vəsiyyətinə əməl edə bildim. Həmişə olduğu kimi bu kitabı da sənin əziz və unudulmaz xatirinə ithaf etdim. Sənin adın və özün mənim ürəyimdə, varlığımda və dünyanın hər yerinə yayılmış bu kitablarda yaşayır. Tək mənim kitablarımda, yazılarımdamı? Çox sevdiyin nəvən Günay bu il Yaxın Doğu Universitetini qızıl medalla bitirdi, dissertasiyası yüksək qiymət aldı. Mənim üçün isə o dissertasiyanın ən böyük qiyməti ön sözdə yazılan bu cümlədə idi: “Bu işi sevimli nənəm Aidə Əliyevanın Əziz xatirəsinə ithaf edirəm”.
Əzizim, ruhunu çox yormayım. Dahilər demişkən insan həyatı ilə ölür, ölümü ilə yaşayır. Böyük Hüseyn Cavid demişkən:

Ölüm var ki həyat qədər dəyərli,
Həyat var ki ölümdən də zəhərli.

Sən dünyanı dəyişsən də səni torpaqlarda deyil qəlbimizdə axtarırıq. Qəlblərdə yad edilmək, insan üçün ikinci ömürdür. Sən bizi tez tərk etdin, amma nə qədər yaşamaq yox, necə yaşamaq mühümdür. Dünyada namuslu addan şərəfli heç nə ola bilməz. Bu adı həyatınla sən özün qazanmısan. Səni həyatda yaşatmaq əlimdə deyildi, lakin bundan sonra nə qədər varamsa, səni yaşadacağam.
Görüşənədək,

sənin Rafiqin
19.04.2019

Rafiq Əliyev

İkinci ömür…

  • 19-04-2019, 17:28
  • 164


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Cəmil Məmmədli: "Bir neçə həyat artıq real təhlükə qarşısındadır"
  2. Tənqidçi şairə, “Arzu” Ticarət Mərkəzinin direktoru Nəcimə Babayevanın müəmmalı qətli
  3. Ali Məclisin aparat rəhbəri vəzifədən çıxarıldı
  4. “KEŞİKÇİ DAĞI BİZDƏN ALACAQLARSA…” – Deputatdan sərt açıqlama
  5. "Daha bacarmıram" -70 yaşlı Qusar sakini Mehriban Əliyevaya müraciət etdi+VİDEO
  6. “SAVAŞLAR DÖNƏMİ BİTİB, HEÇ BİR İRAN-AMERİKA HƏRBİ QARŞIDURMASI OLMAYACAQ” –Türkiyə icmalçısı İran üçün təhlükənin sovuşduğunu deyir – Təhlil
  7. Avropa Şurası Rusiyanın səsvermə hüququnu bərpa edib
  8. DEPUTALAR ƏSİB-COŞDULAR, ANCAQ… - Prezidentin siyasətinə zidd saydıqları layihəni qəbul etdilər
  9. ƏN RİSKLİ BANKLAR MƏLUM OLDU… – “Bank of Baku”, “Unibank”…
  10. "Onun bu addımı minlərcə əsgərin, milyonlarla dolların görə bilməyəcəyi işdi, amma..."
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI