Qobuqırağı məscidi barədə həqiqətlər...-VİDEO

1 578 4-03-2020, 15:43 video



Qeyd edək ki, Şimal Xəbərləri qəzeti bir neçə gün əvvəl " Xaçmaz rayonunun Qobuqırağı kənd məscidində nə baş verir? - adlı məqalə dərc edilmişdi. Məqalədə bildirilirdi:

"İmam vəzifəsindən getdi, bir qrup vəhhabi dindirildi

Yanvarın 12-də Xaçmaz rayonunun Qobuqırağı kənd məscidində baş verən insident güc strukturlarını dərhal hərəkətə keçirdi. Həmin gün məscidin imam naibi Elman Mirzəbəyov gecə namazından sonra vəhşicəsinə döyülüb. Bu məlumatı verən dindarlardan birinin söylədiyinə görə, qarşılıqlı mübahisədən sonra rayonda “balaca Məhəmməd” ləqəbi ilə və radikal dini baxışları ilə tanınan Böyükağa Cəbrayılov və onun əqidədaşları Anar Yaqubov, Raisət Ağayev, Nazim Hacıyev, Xalid Ağayev, Nemət Əmiraslanov, Natiq və Çingiz adlı şəxslər Elmanın döyülməsində iştirak ediblər. Hadisə nəticəsində imam naib xəsarətlər alıb, paltarları cırılıb. Onu məscidə gələcəyi təqdirdə daha ciddi fiziki təzyiqlərə məruz qoyacaqları ilə hədələyiblər. Hadisədən sonra Elman polis şöbəsinə müraciət edib və məhkəmə-tibb ekspertizasından keçirilib. Böyükağa Cəbrayılov və daha bir neçə şəxsin polis şöbəsində dindirildiyi bildirilir. Hazırda işin şöbənin istintaq bölməsində araşdırıldığı barədə məlumatlar mövcuddur. Onu da qeyd edək ki, Elman Mirzəbəyov rayonda liberal dünyagörüşlü din xadimi kimi tanınır. O, xütbələrdə dövlətçiliyi və vətənpərvərliyi təbliğ edir, məzhəb ayrı-seçkiliyinə qarşı mübarizə aparır. “Şimal xəbərləri”nə məlumat verən mənbənin sözlərinə əsasən, məhz bu keyfiyyətlərinə görə radikallar onu qəbul etmirlər.

“Şimal xəbərləri”nə yanvarın 23-də verilən daha bir informasiyada isə bildirilir ki, məscidin imamı Elvin İdayətov və naibi Elman Mirzəbəyov Azərbayan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə dəvət olunublar və onlardan izahat alınıb. Məlumatda o da deyilir ki, imam naibin döyülməsində iştirak edən şəxslər də sözügedən idarəyə çağırılıblar.

Son saatlarda “Şimal xəbərləri”nə daxil olan informasiyada açıqlanır ki, yanvarın 23-də Qobuqırağı kənd məscidinin imamı Elvin İdayətov Qafqaz Müsəlmanları Ruhani İdarəsinin rəhbərlərindən biri tərəfindən qəbul olunub. İmam işdən azad edilməsi barədə ərizəsini təqdim edib.

Oxucuların nəzərinə çatdıraq ki, təxminən 3 il öncə “Şimal xəbərləri”nin baş redaktoru Müqəddəs Mehdiyev Xaçmaz rayonunda bəzi məscidlərin xavariclər tərəfindən ələ keçirildiyi barədə bir neçə yazı vermişdi. Həmin məqalələrdə Qobuqırağı kənd məscidinin də radikallar tərəfindən “işğal” olunduğu, onlardan bəzilərinin Xaçmaz şəhərinin N. Nərimanov küçəsində yerləşən “Pirkənd” adı ilə tanınan məsciddə qarşıdurma yaratdıqlarını açıqlamışdı. Yazılarda Qobuqırağı və Köhnə Xudat kənd məscidlərində törədilənlər təhlil edilmişdi. Həmin vaxt baş verən hadisələr maraqlı olduğu üçün yaxın günlərdə mövzuya qayıdacağıq.

Qarşı tərəflərin mövqeyini də olduğu kimi dərc etməyə hazırıq."

XƏBƏR LENTİ