Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ƏHMƏD BƏY AĞAOĞLU

Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ƏHMƏD BƏY AĞAOĞLU (IV Yazı)

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)

Əhməd bəy Ağaoğlu nə qədər İslam mədəniyyəti və “İslam millətçiliyi” tərəfdarı olsa da, bununla yanaşı türk kimliyini, türk varlığını bir sözlə, Türk dünyagörüşünü də ifadə etmişdir. Ağaoğlunun “islam millətçiliyi” ilə yanaşı türkçülüyə meyil etməsində ən başlıca amil Qafqazda ruslaşdırma, farslaşdırma siyasəti, o cümlədən 1905-1906-cı illərdə çar Rusyasının əli ilə baş verən erməni-müsəlman münaqişəsi olmuşdur. Ümumilikdə isə, “İslam millətçiliyi” bütün müsəlman xalqlarını vahid mədəniyyət, vahid ideya, vahid dini-siyasi millət olaraq bir arada tutmaq qədər vacib olduğu halda, eyni zamanda, dörd bir tərəfdən türk varlığına qarşı açılmış savaşlara dayanmaq üçün türkçülüyü də vacib etmişdir. Amcaq Ağaoğlunun nəzərində türkçülük süni bir millətçilik deyil, islamçılıqla səsləşən bir ideyadır. O, “Qafqazda milli ədavət varmı?” (1902) adlı məqaləsində süni millətçiliklə əsil millətçiliyi bir-birindən ayırmağa çalışmışdır. Onun fikrincə, “süni millətçiliyi” yaradan daha çox şəhər mühiti və onun məhdud görüşlü “intellektualları”dır: “Bir tərəfdən din, irq, digər tərəfdən isə insana nifrət – budur həmin “millətçilər”in guya öz millətçi tendensiyalarını bəyan etmək üçün istifadə etdiyi sevimli silahlar. Bu “intellektual əhval-ruhiyyə” şəhər islahatı keçiriləndən sonra bizim aramızda daha çox kəskinləşmişdir. Xalqı təmsil etməyə can atan, özgələrin fikirlərinə, sərbəstliyinə dözümsüz olan, başqalarının hüquqlarına, hisslərinə hörmət etməyən bu “intellektual fanatiklər” xalqın “qayğısına qalanlar” adı altında “din”lə, “irq”lə, “tarixi xatirələr”lə oynaqlaşırlar. Onlar hər boş şeyə, hər adi həvəsə milli-dini don geyindirməyə çalışırlar və nəticədə süni millətçilik meydana gəlir ki, bizim çoxsaylı “millətçilər” ondan məharətlə və özlərinə sərf edən kimi yararlanırlr”.
O, “Qafqazda milli məsələ” (1904) məqaləsində də yazırdı ki, yaxşı və pis millətçilik var: “Birincisi vətənə məhəbbətlə, dil ilə, qan ilə, ümumi ənənələr və tabe ilə bağlı olduğunuz insanlara qeyri-ixtiyari rəğbət etməkdir. Bu cür millətçiliyi təbiət özü yaradır və heç bir kapitalın, heç bir qəzetin burada işi yoxdur. Təbii olduğu üçün belə millətçilik həm gözəldir, həm də xeyirxahdır. O, xeyirxahlıq etmək, vətənə xidmət göstərmək, onun uğrunda özünü, vaxtını, gücünü quran vermək arzusundan o tərəfə keçmir. Ancaq pis millətçilik də var – ədavətə, nifrətə, başqalarını nifrət etməyə və əzməyə sürükləyən barışmaz millətçilik. Belə millətçilik sünidir, qeyri-təbiidir, onu insanlar və kapital yaradır”.
Ağaoğluya görə, Qafqazda pis millətçilik də təşəkkül tapmaqdadır və bunu heç kim inkar edə bilməz: “O, mövcuddur və hər gün həyatımızı korlayır. Bu faktdır. Belə millətçiliyin haradan gəlməsi isə başqa bir məsələdir ki, onu anlamaq üçün bu bəlanın bizim diyara nə vaxtdan gəldiyini xatırlamaq yetər. Bir şey şəksizdir: bizdə sənaye, iri ticarət mərkəzləri, bir sözlə, kapital olmayana qədər pis millətçilik də yox idi. Gəldiyimiz yeganə qənaət budur ki, Qafqazda kütlə arasında, şəhər mərkəzlərində, kəndlərdə və tarlalarda heç kim millətçilik barədə düşünmür; orada hamı hiyləgərcəsinə müdriklik etmədən, sadə, eyni vətənin övladları kimi, eyni qayğılarla əhatələnən, ümumi zəhmətlə birləşən, bir-birinin köməyinə gələn insanlar kimi yaşayır”.
Ağaoğluna görə, “pis millətçilik” ilk növbədə Avropada kapitalizmin yaranmasıyla meydana çıxmış, burada burjuaziya və millətçilik bir-birinə bağlı olduğu üçün burjua olub millətçi olmamaq qeyri-mümkün olmuşdur: “Kapital soyğunçuluqda heç nəyə fərq qoymamaq isə kosmopolitizmdir. O, özünkünü də, özgəni də, ellini də, yəhudini də eyni rahatlıqla məhv edir. Lakin onun kosmopolitzmi bundan o yana keçmir. Özgəni məhv etmək lazım olanda və həmin özgə bunu könüllü etmək istəməyəndə kapital sözün ən pis mənasında millətçi olur”. O, daha sonra yazırdı: “Avropanı – barışmaz millətçiliyin bu klassik ölkəsini götürün. Onu yaradan həmin kapital deyilmi? Hansısa bazarda ingilis kapitalisti ilə rəqabət aparmaq istəyən fransız kapitalisti öz vətəninində ingilislərə qarşı nifrət, paxıllıq hisslərini oyadır. Unutmayın ki, onun bunun üçün vasitələri – qəzetlər, jurnallar, teleqraf agentlikləri və görkəmli, nüfuzlu mövqeyi var. O, həmvətənlərinin xoş hisslərindən, onların öz millətinə, vətəninə sevgisindən istifadə edir, bu hissləri pis yola çəkir, yaxşı millətçiliyi pis millətçiliyə çevrir. Bu azmış kimi, mənfəət qazanmaq üçün o, qayğı adı altında imkansızlığa düçar etdiyi, proletariata çevirdiyi əhalinin üçdə bir hissəsinə pis millətçiliyi artıqlaması ilə aşılayır. Bunlar barışmaz millətçiliyi daha da gücləndirir, inkişaf etdrir, dəstəkləyir”. Ağaoğlunun dünyagörüşündə ilk dövrlərdə islamçılıq, islam millətçiliyi ideoloji xarakter daşıdığı halda, türkçülük isə daha çox xüsusi mahiyyət kəsb etmişdir. Buradakı xüsusiliyin mahiyyətində də çar Rusiyasının işğalı altında olan türk-tatar xalqlarının dini millətçilikdən daha çox etnik-milli millətçiliyə görə assimliyasiyaya məruz qalması idi. Türkçülük hissinin güclənməsi də farslaşdırma, ruslaşdırma, erməniləşdirmə siyasəti qarşısında mühüm siyasi faktor idi. Ağaoğluna görə, Rusiyadakı müsəlman cəmiyyəti də yalnız dini deyil, həm də milli xarakterlidir: «Bütün bu cəmiyyət yalnız dini cəmiyyət olmayıb, eyni zamanda etnik bir varlıqdır. Çünki bizim Rusiya müsəlmanları çox az istisna ilə böyük türk-tatar irqinə mənsubdurlar”.
Y.Akçuranın təbrincə desək, ruslaşdırmaya, farslaşdırmaya qarşı dayanmaq, məzhəb ayrılığına son qoyaraq düşmənlərinə fürsət verməmək baxımından Ə.Ağaoğlu, Ə.Hüseynzadə və Ə.Topçubaşı Qafqaz türklüyündə birliyin yaranmasına çalışmışlar. Ona görə də Ə.Ağaoğlu nə qədər «İslam milləçiliyi»ndən çıxış etsə də, Azərbaycan türklərinin oyanması baxımından gördüyü milli işləri, xüsusilə erməni-müsəlman münaqişəsi zamanı «Difai»nin lideri kimi apardığı mübarizə onu islamçılığın ideoloqu ilə yanaşı, türkçü adlandırmağa layiq edir. Tanınmış alim T.Svyatoxovski yazır: «Tatar-erməni mübaribəsi nəticəsində meydana gələn «Difai» özünün əsasən antirus fəaliyyəti ilə Şamil dövründən bu yana təşkilatlanmış heç bir müqavimətlə üzləşməyən çar rejiminə uzun illər boyu mütilik tabeçilyə zərbə endirmiş oldu».
Ümumiyyətlə, Ağaoğlu “Kaspi”, “Həyat” və “İrşad” qəzetlərində dərc olunan məqalələrində çar Rusiyasında aparılan ruslaşdırma, erməniləşdirmə, xristianlaşdırma siyasəti nəticəsində türkçülüyün və islamlığın aşağılanmasına birmənalı şəkildə qarşı çıxmış, türklüyün və müsəlmanlığın əsil mahiyyətini ifadə etməyə çalışmışdır. Məsələn, o, “İrşad” qəzetində nəşr olunan “Tulu edən ay parçası” məqaləsində açıq şəkildə türklüyün və müsəlmanlığın müdafiəçisi kimi çıxış edir və bunun səbəblərini göstərirdi: “Türklük və müsəlmanlıq məsələsinə gəldikdə yenə menşikovlar bilməlidirlər ki, biz müsəlmanız və türküz. Nə müsəlmanlıqda və nə türklükdə elə bir ləkə gətirən bir şey yoxdur ki, biz öz müsəlmanlığımızı və türklüyümüzü gizləyək. İslam dünyada ən əvvəlinci dinlərdən birisidir. Onda elə bir insanpərəstlik vardır ki, insana fəxr və səadətdən savayı bir şey gətirməz. İslamda nə var ki, biz ondan utanıb öz müsəlman olmağımıza pərdə çəkək? Menşikovlara islam xoş gəlməyir. Mənə də xristianlıq xoş gəlməyir. Onlar öz yollarında, mən də öz yolumda. Nə onlara, nə də mənə bundan bir töhmət, bir məzəmmət gəlməz. Türk tayfası isə əlan Asiya və Afrikada islamlar arasında ən böyük, ən rəşid, ən müstəid, ən qabil, ən həmiyyətli, ən birinci tayfadır. Türklük ilə ancaq iftixar etmək olar”. O, açıq şəkildə yazırdı ki, türklük elə bir hiss, duyğudur ki, onu heç kim türkün əlindən zorla ala bilməz: “Türk olub da qəlbi-meylimiz dünyada, hər yerdə türk var isə onadır. Bu bir hissi-təbiidir. Dünyada heç bir güc, heç bir zor bizim əlimizdən alamaz”.
Ağaoğlunun fikrincə, ancaq antitürk, antiislam ideoloqların ifadə etdiyi kimi, müsəlman və türk olmaq heç də “panislamist” və “pantürkist” olmaq demək deyildir: “Çünki panislamist demək, yəni cümlə müsəlmanları bir müsəlman dövlətin təxti-idarəsinə cəm etmək deməkdir. Pantürkizm demək də cümlə türkləri bir türk dövlətinin təxti-həkumətinə cəm etmək deməkdir. Əgər məna belə isə dünyada bir müsəlman, bir türk tapılmaz ki, belə xəyal ilə uğraşsın. Əgər tapılsa belə divanədir. Çünki müsəlmanlar və türklərin indiki halında belə fikirlərə alışmaq Don Kixot kimi yel dəyirmanı ilə vuruşmaq kimidir. İslam və türk bu halda elə pərişan, elə məzlumdurlar ki, bu növ fikirlərə əsla belə yer vermiyorlar. Müsəlmanların və türklərin yüzdə doxsanı özgə tayfaların əlindədirlər ki, olsun Avropa tayfalarından. Bu tayfalar alim, müsəlləh tayfalardır”.
Ağaoğlu sonralar özü də çar hökumətinin ruslaşdırma siyasətinə qarşı “Hürriyyət, Müsavat, Ədalət!» devizi ilə nəşr olunan “İrşad” qəzetinin tutduğu məsləki belə izah etmişdir: Birincisi rus hökumətinə qarşı mücadilə edərək türk ünsürünün siyasi hüquqlarını təmin etmək, ikincisi isə, türk ünsüründə birlik fikrini yaratmaq. Doğrudan da, Ə.Ağaoğlu həmin dövrdə çar hökumətinin, eləcə də marksist-leninçilərin Türk xalqlarına qarşı yeritdiyi riyakar siyasəti ifşa etməyə çalışmış, sonuncuları ittihad və ittifaqa çağırmışdı.
Onun fikrincə, çar hökumətinin siyasəti isə, sadə rusların türklərə olan münasibətindən tamam fərqlidir. Belə ki, sadə ruslarla türk-tatarlar arasında gizli bir doğmalıq, yaxınlıq vardır, çünki rusların damaralarında türk-tatar qanı çoxdur. Tatarların bir neçə yüz il davam etmiş hökmranlığı hədər getməmiş, hər iki irq bir-birinə möhkəm qaynayıb qarışmışdır. Bir sözlə, ruslarla türk-tatarlar aralarındakı din ayrılığına baxmayaraq, tatarların öz antropoloji xüsusiyyətlərini qoruyub saxlamaqla yanaşı, bir çox rus ailələrinin də damarlarından tatar qanı axır. Ancaq türk-tatarlarla ruslar arasındakı bu doğmalığa, yaxınlığa rəğmən, 1-ci rus inqilabına qədər çar Rusiyası «mənfur məzhəbçilik-ruslaşdırma siyasəti» aparmış, onları ən mühüm hüquqlardan belə məhrum etmişdir. Ə.Ağaoğlu yazır: “Biz indiyə qədər doğrudan da ümumi anamız olan Vətənin ögey oğulları olmuşuq, bizə etibar etmirdilər, bizi kənarda saxlayırdılar, bizi ən mühüm hüquqlardan məhrum edirdilər, Yer kürəsinin bütün xalqlarına verilmiş ən bəsit və eyni zamanda gərəkli mədəniyyət müəssisələrini bizə verməkdən imtina edirdilər”.
Deməli, ruslaşdırma siyasətində başlıca rolu rus hökuməti həyata keçirmiş və bu zaman onlar ruslarla türk-tatarlar arasındakı yaxınlıqlarını nəinki nəzərə almamış, hətta onları vəhşi, yarıminsan kimi qələmə vermişlər. Maraqlıdır ki, vəziyyətin bu dərəcəyə çatmasında isə rus məmurları mərkəzi hökuməti deyil, türk-tatarların özlərini günahkar saymışlar. Belə ki, Ə.Ağaoğlu və başqa ziyalıların ruslaşdırma ilə bağlı imperiya məmurlarına yönəlmiş ittihamlarına onların cavabı belə olmuşdur: təqsir sizin özünüzdədir, axı siz nə üçün səsinizi çıxarmırdınız, nə üçün indiyə qədər özünüzü göstərmirdiniz. Ə.Ağaoğlu isə, rus məmurlarının bu iradlarını acı həqiqət kimi dərk edib sarsıldıqlarını bildirmişdir. Fikrimizcə, rus məmurları bu iradlarında heç də haqlı deyildilər. Buna ən bariz nümunə kimi «Əkinçi»nin bağlanmasını, uzun müddət türk dilində qəzetlərin nəşrinə qadağan qoyulmasını, çar zülmünə qarşı tək-tük çıxanların ya öldürülməsini, ya da Sibirə sürgün edilməsini göstərə bilərik.

Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ƏHMƏD BƏY AĞAOĞLU

  • 5-05-2020, 14:58
  • 285


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Hanı şəhidlərimizin qisası? Hanı Qarabağ? Hanı müharibə əmri?" - HÜRRÜ ƏLİYEV
  2. "Aşıq Pəri Məclisi" növbəti onlayın konsertini verdi-"Ustadlarım gəlib gedər, sazım, sözüm əbədidir!"_ŞƏKİL
  3. Bolqarıstan da cinayətkar erməniçiliyə əsir düşdü - Njdeyə heykəl nə deməkdir...
  4. Özəl sektora yeni maliyyə dəstəyi göstəriləcək - İqtisadiyyat nazirinin sahibkarlarla onlayn görüşü keçirilib
  5. Beyrutdakı partlayışda 3 erməni ölüb, 100-ə yaxın erməni isə xəsarət alıb
  6. ABŞ məxfi materialları dərc etməyə hazırlaşır - Rusiyanın seçkilərə müdaxiləsi barədə
  7. Milli Məclisin növbədənkənar sessiyasının iclası başlayıb
  8. Azərbaycandan Belarusa gedənlər üçün karantin tətbiq edilməyəcək
  9. Milli Hərəkatçılar Birliyi öz varlığını elan etdi - SİYAHI
  10. Baş Prokurorluq vəzifəli şəxslərin qanunsuz əməlləri barədə məlumat yayıb
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI