
Hər şeydən əvvəl, hamı bilməlidir ki, müvafiq təyinat yerlərindən savayı yerlərə zibilin atılması qanunda konkret şəkildə göstərilməklə qadağan olunur. Bundan başqa zibilin istənilən məqsədlə digər şəxslərin üzərinə, o cümlədən də hazırki məlum səbəblərdən gecə-gündüz xidmətdə olan və əsəbləri tarıma çəkilmiş asayiş keşikçilərinin üzərinə atılmasının nə mental dəyərlərimizə, nə də ki, mənəvi prinsiplərimizə sığmadığını düşünürəm. Çünki, tarixən vətəndaşlarımız və xalqımız heç vaxt polisinə belə bir münasibət sərgiləməmiş, əksinə daim asayişimizin keşiyində şərəflə duran polis əməkdaşlarına hər tərəfli dəstəyini nümayiş etdirmişdir. Az öncə qeyd etdiyim kimi, planetar bəlanın yaratdığı mövcud vəziyyətlə əlaqədar 24/7 formatda bütün ölkə üzrə, xüsusilə də, xüsusi karantin rejimi qaydalarına uyğun olaraq şəhərlərimizin küçələrində xidmət keçən polisin əsəbləri tarıma çəkilibsə, bütün həyat şəraiti qaydaları və normal yaşam tərzi alt-üst olmuş sadə insanlarımızın psixologiyası da, heç də az pozulmamışdır. Hər hansı ciddi zərurət olmadan polis əməkdaşının uşaq və qadının olduğu evdə yataq otağına qədər girməsi, bir insanı paltarsız vəziyyətdə evdən çıxararaq aparması və bütün bu baş verənlərlə bağlı görüntüləri çəkərək nümayiş etdirməsinin özü də çoxillik ənənələrimizlə və dövlətçiliyimizin təməlini təşkil edən ailə prinsiplərimizlə bir araya sığa bilməz. Bu cür halların mövcud olduğu məqamda yaranmış çox həssas vəziyyəti özlərinin mənfur planları üçün tam münbit hesab edən və fürsəti fövtə verməyən həm ölkə daxilində, həm də xaricdə olan bir sıra antiazərbaycan quvvələrin dövrəyə girməsinə real şərait yaranır. Eyni zamanda da, indiki ərəfədə ölkədə gedən ciddi proseslər ömürlərinə çox az qalmış həmin quvvələrin ovqatlarını təlx etdiyindən, onların bu gedişata mane olmaq və özlərinin məkrli məqsədlərinə nail olmaları üçün istənilən addım atacaqları istisna deyildir. Buna görə də, əminliklə deyə bilərəm ki, bu hadisə də həmin güclərin növbəti bir uğursuz təxribatıdır.
Heç şübhəsiz ki, gecə gündüz ideal cəmiyyətlər hesab etdikləri dövlətlərdə baş verən polis vətəndaş qarşıdurmalarını və bu qarşıdurmalarda dövlətin sadə vətəndaşına qarşı hətta heç bir canlı varlığa uyğulanmayan münasibətin göstərilməsi ilə bağlı, heç bir mövqe bildirməyənlər, bizdə baş verən bu hadisənin olmasını, özləri üçün növbəti bir şans hesab edib, onun bütün dünya üzrə tirajlanması prosesinə artıq başlamışlar.
Hər bir halda, ümid edək ki, baş verən bu olayla bağlı, daim mental dəyərlərimizə, mənəvi prinsiplərimizə sadiqlik nümayiş etdirən və ölkəmizdə dövlət hakimiyyətinin yeganə mənbəyi olan xalqımızın hər bir üzvü ilə yanaşı, ən ümdə vəzifəsi dövlətimizin, dövlətçiliyimizin və xalqımızın təhlükəsizliyinin qorunması olan, istənilən davranışı özünün şəxsinə deyil, geyimini daşıdığı Azərbaycan polisinin adına yazılan hər bir asayiş keşikçimiz də özü üçün lazımi məntiqi nəticə çıxaracaq, bu cür təxribat xarakterli addımların təsiri altına düşməyəcəklər. Eyni zamanda da, hesab edirəm ki, müvafiq araşdırmanı həyata keçirən qurumlar və DİN ətraflı araşdırma aparmaqla, ümumilikdə insanlarımızın hazırki pandemiya dövründəki həssaslılıqlarından istifadə edib onları təxribata çəkməyə müəyyən mənada nail olmuş şəxslərin arzularını yarımçıq qoyub, maksimum dərəcədə humanistlik nümayiş etdirəcəklər. Çünki hüquqi dövlət kimi humanistlik prinsipinin rəhbər tutulması, artıq Azərbycanda dövlət siyasətinin qayəsinə çevrilmişdir.
Mirzə li
Xeberdar.net