Azərbaycan Araik Arutunyanı niyə həbs edə bilmir...

548 18-11-2020, 16:42 kriminal

Azərbaycan Araik Arutunyanı niyə həbs edə bilmir...Qarabağ separatçılarının başçısı Araik Arutunyan haqqında Azərbaycan Respublikasının Baş Prokurorluğunda cinayət işi açılıb. O, Azərbaycanda dinc əhaliyə qarşı terror törətməyə əmr verən şəxs olaraq müharibə cinayətləri törədib. A.Arutunyanın istintaqa cəlb edilmələri barədə müvafiq qərar qəbul edilib. Onun həbs edilməsi üçün İnterpola məlumat verilib.

Amma Araik Arutunyanın həbsini hələ ki gerçəkləşdirmək mümkün olmayıb. O, Xankəndində əlini-qolunu sallayaraq gəzməkdə, az qala hər gün bölgədəki Rusiya sülhməramlılarının rəhbərlərilə görüşlər keçirməkdədir. Separatçıların lideri Azərbaycan Respublikasına qarşı pozuculuq əməllərini davam etdirir...

Bəs onu necə həbs etmək olar?

“Konstitutsiya Araşdırmaları” Fondunun rəhbəri Əliməmməd Nuriyev Modern.az-a bu prosedur barədə açıqlama verib:

“Baş Prokurorluq tərəfindən seperatçıların rəhbəri Araik Arutunyana qarşı cinayət işi açılıb. Mən inanıram ki, cinayət işinin başa çatdırılmasında problem olmayacaq.

Araik Arutunyana müharibə cinayətlərinin baş verməsinin ən birinci səbəbkarlarındandır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində “İnsanlıq əleyhinə” adlı fəsildə bu barədə nəzərdə tutulmuş maddələr var.

Qanunsuz hərbi əməliyyatların hazırlanması və həyata keçirilməsi prosesində birbaşa Araik Arutunyan məsuliyyət daşıyır. O, Cinayət Məcəlləsinin 100-cü maddəsinə əsasən, quldurların, muzdlu döyüşçülərin Azərbaycana gətirilməsi prosesində iştirak etməsinə görə də məsuliyyətə cəlb oluna bilər. Həmçinin, humanitar hüququn pozulması ilə bağlı, eyni zamanda 120-ci maddəyə görə ailə, uşaq, qadınların kütləvi qətlində bilavasitə iştirakına görə də haqqında cinayət işi açıla bilər.

Gəncə və digər şəhərlərimizə atəş açaraq, insanların məhv edilməsinə Araik Arutunyan əmr verib. Bildiyim qədər ilə bu barədə Baş Prokurorluq tərəfindən cinayət işi açılmışdı”.

Hüquqşünasın sözlərinə görə, Araik Arutunyanın Dağlıq Qarabağda fəaliyyətinin davam etdirilməsi yol verilməzdir:

“Ümumiyyətlə, bu şəxs hərbi canidir, uşaq qatilidir. Cinayət Məcəlləsinin müvafiq maddələrilə həmin şəxsi məsuliyyətə cəlb etmək mümkündür. Azərbaycan Respublikası bu istiqamətdə müvafiq strukturlarla yaxın zaman çərçivəsində hərəkətə keçəcək. Dövlətimiz Araik Arutunyanın həbs edilməsi ilə bağlı hər bir addımı atacaq. Araikin qanunsuz fəaliyyətini Dağlıq Qarabağda davam etdirməsinin qarşısı alınmalıdır.

Sülhməramlılar və onların rəhbərləri də bu barədə çox diqqətli olmalıdırlar. Sülhməramlıların digər vəzifəsi də hərbi cinayətə yol verən şəxsləri məsuliyyətə cəlb etməkdir.

Mən hesab edirəm ki, Azərbaycan tərəfi bu məsələni sülhməramlılar qarşısında qaldıracaq və onlar da Araik Arutunyanın həbs edilməsinə dəstək verəcək”.

XƏBƏR LENTİ