Media eksperti: “Yazmadığınız şərh üçün məsuliyyət daşıma anlayışı heç bir qanunvericilikdə yoxdur”

695 29-01-2022, 17:48 cemiyyet

Media eksperti: “Yazmadığınız şərh üçün məsuliyyət daşıma anlayışı heç bir qanunvericilikdə yoxdur”“Baş Prokurorluğun mediaya bu qədər geniş müdaxilə etməsini ifadə azadlığına ciddi basqı hesab edirəm”.

Bunu Baş Prokurorluğun “Yeniavaz.com” (“Yeniavaz.az”) saytını məhkəməyə verməsinə münasibət bildirən tanınmış media eksperti, hüquqşünas Ələsgər Məmmədli deyib.

Ə. Məmmədli deyir ki, yazmadığınız şərh üçün məsuliyyət daşıma anlayışı yoxdur: “Sosial şəbəkə profilində hər hansı şəxs şərh yazıbsa (şəxsin kim olduğu məlumdursa və ya deyilsə), prokurorluğun borcudur ki, onu identifikasiya etsin və əgər o şərhdə hüquqazidd nəsə varsa, ona uyğun şəkildə tədbir görsün. Amma, yazmadığınız şərh üçün məsuliyyət daşıma anlayışı heç bir qanunvericilikdə yoxdur. Burda hökmən əməllə nəticə əlaqəli olmalıdır. Əgər o şərhi siz yazsaydınız, bəli, məsuliyyət sizdə ola bilərdi”.

Ekspert bildirir ki, Prokurorluğun son davranışları konstitusiya maddələrinə ziddir: “Bu baxımdan Prokurorluğun yanvar ayındakı son davranışları - sosial şəbəkə üzərindən çoxsaylı insana xəbərdarlıq etməsi, hətta məhkəməyə göndərməsi, saytın bağlanmasını tələb etməsi, hesab edirəm ki, konstitusiyanın 47-ci və 50-ci maddələrini göz ardı etməkdir, görməməkdir. Çünki ifadə azadlığı mütləq azadlıqdır ki, onun məhdudiyyətini yalnız konvensiyanın (Avropa İnsan Hüquqları Konvensiyası – red.) 10-cu maddəsinin 2-ci hissəsində göstərilən bir halda müəyyən etmək olar (maddə 10.2 - Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın yaxud mənəviyyatın mühafizəsi üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən formallıqlara, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər – red.). Bir an öncə Prokurorluq öz əməkdaşlarına media hüquqi, ifadə azadlığı ilə bağlı ciddi təlimlər keçməlidir. Ona görə ki, onlar bu məsələni daha doğru tətbiq edə bilsin və Avropa Məhkəməsinin prezident hüququnun kölgəsi altında bu məsələyə yanaşsın. Əks halda yaxın vaxtlarda Avropa Məhkəməsində çox saylı Azərbaycan əleyhinə, bilavasitə Prokurorluğun pozduğu bu ifadə azadlığı hüququ ilə bağlı iddialar qarşımıza çıxacaq”.

Hüquqşünas həmçinin sosial şəbəkələrdə yazılan şərhlərə nəzarət məsələsinə də münasibət bildirdi: “Buna nəzarət lazım deyil, sadəcə qanunu düzgün tətbiq etmək lazımdır”.

Qeyd edək ki, ”Facebook” sosial şəbəkəsində “Yeniavaz.az” səhifəsində qanunla qadağan edilmiş informasiyanı yayan sosial media istifadəçisi Namiq Əliyev inzibati məsuliyyətə cəlb olunaraq Binəqədi rayon məhkəməsinin qərarı ilə 1 ay müddətinə həbs olunub. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, həmin informasiyanı öz internet informasiya ehtiyatından götürülməsi üçün qanunla nəzərdə tutulan tədbiri görməmiş saytın fəaliyyətinə cavabdeh olan hüquqi şəxs “Azərmedia” MMC barəsində inzibati icraat başlanılaraq Nəsimi rayon məhkəməsinə göndərilib.

Məlumatda adıçəkilən şəxs “Yeniavaz.az” saytı ilə əlaqələndirilib. “Yeniavaz.com” (“Yeniavaz.az”) xəbər saytı olaraq bildirmişik ki, bizim Namiq Əliyev adında əməkdaşımız mövcud deyil. Bundan əlavə sözügedən şəxs barəsində və ya onun yaydığı hər hansı bir məlumat “Yeniavaz.com” saytında və sayta aid sosial şəbəkə vasitələrində yerləşdirilməyib. Eyni zamanda hər hansı informasiyanın saytdan və ya sosial şəbəkədən götürülməsi ilə bağlı “Yeniavaz.com” xəbər saytına Baş Prokurorluq tərəfindən heç bir məlumat daxil olmayıb.

XƏBƏR LENTİ