Əliyevdən Şimali Kiprlə bağlı mühüm jest: “Bir millət - üç dövlət...”

243 12-08-2022, 11:21 ---

Əliyevdən Şimali Kiprlə bağlı mühüm jest: “Bir millət - üç dövlət...”Türkiyədə səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev bir neçə gün öncə Şimali Kipr Türk Respublikasının Prezidenti Ərsin Tatarla görüşüb. Bu barədə Tatar twitter səhifəsində yazıb.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə gəldiyim Konyada Azərbaycan Prezidenti İlham Əliyevlə səmimi görüşümüz oldu. Görüş zamanı əlaqələrimizin inkişafını müzakirə etdik”, - deyə o qeyd edib.

Azərbaycan Prezidentinin saytında isə görüş barədə deyilir ki, avqustun 9-da Konyada İslamiadanın açılışı münasibətilə keçirilən tədbirlər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) rəhbəri Ersin Tatarı qəbul edib. Görüş zamanı Türkiyədə türk dünyası xalqları arasında əlaqələrin möhkəmlənməsinə xidmət edən V İslam Həmrəyliyi Oyunlarının keçirilməsinin əhəmiyyəti vurğulanıb. Söhbət zamanı türk dünyası xalqlarının tarixi bağlara əsaslanan əlaqələrinin humanitar, mədəni, təhsil və idman sahələrində genişləndirilməsinin vacibliyinə də toxunulub.

Bu, Azərbaycan və Şimali Kipr rəhbərləri arasında ikinci ən yüksək səviyyəli, canlı təmas idi (birincisi mərhum prezident Heydər Əliyevlə Rauf Denktaş arasında olmuşdu). Gözlənildiyi kimi, xəbər Yunanıstanda və yunan Kiprində qıcıqla qarşılanıb. Artıq reaksiyalar da var. Yunan qəzetləri qəzəblə ağızlarına və ağıllarına gələnləri yazırlar. Yunan nəşrlərindən birində isə görüşlə bağlı ölkəmiz hətta hədələnib. “Azərbaycanın dərsini vermək zamanı çatıb” kimi başlarından yekə təhdid yer alıb. Ancaq bu hədənin mahiyyətində nə durur, deyilmir.

44 günlük savaşda yunanların cani-dildən müdafiə elədikləri ənənəvi dostları ermənilərdən də reaksiya var. Görüş haqda yazan erməni KİV-lərindən biri Şimali Kipri həyasızcasına “separatçı qurum” kimi təqdim edib. Separatçının ən yekəsi özləri ola-ola! Yəni öz adlarını yenə başqalarına qoyublar.

Bəs rəsmi Bakının bu jesti nəyi ehtiva edir? Bununla Türk dünyasına, özəlliklə də Türk Dövlətləri Təşkilatına (TDT) hansı siqnal ötürülür? Növbəti addım nə olacaq? Türkiyənin ardınca Azərbaycan da Şimali Kipri tanıya, “Bir millət - üç dövlət” formatı rəsmiləşə bilərmi?
Əliyevdən Şimali Kiprlə bağlı mühüm jest: “Bir millət - üç dövlət...”
Mövzu ilə bağlı millət vəkili Fazil Mustafa “Yeni Müsavat”a danışıb: “Bizdə addım anlayışı həmişə sözlə başlayır. Addım artıq o zaman olur ki, təhlükə ilə əlaqədar bir dövlət qoşununu yığaraq, qardaş dövlətə köməyə gəlir. Necə ki, Türkiyə zamanında bəyan etmişdi ki, bu addımı atacaq və hər kəs bildi ki, bu sözün müəllifi Türkiyədirsə, bunu edəcək, indi də eyni şeyi Azərbaycan edir. Yəni İlham Əliyev etmək istədiyini etdi.

Türkiyə Qarabağ məsələsinə necə baxırsa, Azərbaycan da Şimali Kipr məsələsinə o cür baxır. Ona görə də hansısa addıma ehtiyac yoxdur, arifə bir söz də işarədir və prezidentimiz ariflərə başa salıb ki, biz gələcəyimizi məhz bu model üzərində qururuq. Ola bilər ki, bununla bağlı Yunanıstan mətbuatında Azərbaycana qarşı fikirlər səsləndirilsin, amma Şimali Kipr həm də beynəlxalq bir məsələdir və beynəlxalq səviyyədə haqlarının tanınması üçün mübarizə aparan bir türk toplumudur. Biz bu haqların tanınması istiqamətində istənilən dəstəyi verməyə çalışacağıq.

Beləliklə, Azərbaycan Prezidentinin bu jesti Kipr üçün böyük dəstək və böyük fədakarlıqdır. Bu fədakarlığı da ölkə prezidenti ona görə edib ki, tarixi fədakarlıqların zaman-zaman qarşılığını veririk. Yəni gözləmirik Türkiyə hansısa fədakarlıq etsin, onsuz da edir. Necə ki, 1918-ci, 1990-cı və 2020-ci ildə etdi. Eyni şeyi də Azərbaycan Çanaqqalada, yanğınlar dövründə etmişdi. Bu, danışılmış məsələ deyil, qardaşlıq jestləridir və bu jestlər də bir-birinə danışmadan, demədən, eyni ürəkdən gələn davranış olduğuna görə zaman-zaman onun təzahürlərini bu formada görəcəyik".

XƏBƏR LENTİ