Təbrizdə anadan olan Səməd Behrəngi (1939-1967) ilk təhsilini “Dəbristani-Tərbiyət və Daneşsərayi”də alıb, məktəbi bitirdikdən sonra Tufarqan mahalının Mamağan, Guqan və başqa yerlərdə ibtidai sinif müəllimi kimi çalışıb. Eyni zamanda, Təbriz Universitetinin filologiya fakültəsinin ingilis dili şöbəsində qiyabi təhsil alan Behrəngi tələbəlik illərində “Xənde” (Gülüş) adlı həftəlik divar qəzeti də buraxıb. İlk ədəbi tənqidi və satirik qələm təcrübələrini bu dövrdə yazıb. Behrəngi və onun fikir dostları, xüsusilə Behruz Dehqani Azərbaycan kəndlərində folklor nümunələri toplayıblar. Sirus Mədədinin verdiyi məlumata əsasən, onların topladıqları folklor nümunələri İran şahının qeyri-fars dillərlə əlaqədar siyasətlərinə görə çap olunmayıb. O, sonradan bu nağılları fars dilinə çevirərək həmkarı Behruz Dehqani ilə birlikdə nəşr etdirib. Həmin nağıllar yalnız bir müddət sonra türk dilində Sirus Mədədi vasitəsilə”Azərbaycan nağılları” adı ilə Tehranda çap olunub. Eyni zamanda, onun fars dilindən Azərbaycan Türk dilinə çevirdiyi tərcümələri dədövri mətbuatda çıxıb. Onun ilk hekayələri olan “Adət”, “Binam” 1959-cu ildə dərc olunub. Bundan sonra o, “Ulduz və qarğalar”, “Çuğundursatan oğlan”, “Balaca qara balıq” və başqa hekayə və nağıllarını yazıb (1967-1969). Səməd bir müddət Təbrizdə nəşr olunan “Mehdi Azadi” və “Adinə” qəzetlərində məqalələrlə çıxış edib. Daha sonra məqalələrini “Məcmueyi məqaleha” (“Məqalələr məcmuəsi”) adı iləkitab şəklində çap edib. O, 1967-ci il avqustun 31-də Xumarlı yaşayış məntəqəsi yaxınlığında Araz çayında müəmmalı şəraitdə boğulub. Fəaliyyətinə görə dəfələrlə təqiblərə məruz qalmağını əsas götürərək bir çox insanlaronun şah rejimi tərəfindən öldürülməsini iddia etsələr də, rəsmi mənbələr isə onun sadəcə çayda batdığını deyirlər. Behrəngi Təbrizin İmamiyyə qəbiristanlığında dəfn edilib. Nabdil Oxtay onun ölümündən sonra “Səməd könlümdədir” şeirini yazıb, daha sonra isə bu şeirə musiqi bəstələnib. Həmkarları onu “Azərbaycan kəndlilərinin canlı dili”, “Milli mədəniyyətin oyaq vicdanı”, “Xalqa üz tutan”, “Səyyar müəllim” adlandırıblar.Qulamrza Səbri Təbrizi “Səməd Behrəngi yaradıcılığında humanizm” məqaləsində yazırdı: “Səməd Behrəngi ilk dəfə olaraq Azərbaycan xalqının içərisindəki odu şölələndirdi. Azərbaycan Milli Hökumətindən sonra yenidən ilk dəfə olaraq o, Azərbaycan dilinin tədrisi üçün kitablar yazdı. O, çox çətinliklərə vəPəhləvi rejiminin təzyiqlərinə baxmayaraq bir hekayəsində yazırdı ki, işıq nə qədər az olsa da, qaralıqda görünür. Səmədin bir ulduizundan min ulduzlar yarandı, balaca işığı hər yeri tutdu”.Behrənginin əsərləri “Balaca qara balıq”, “Adət”, “Binam”, “Ulduz və qarğalar”, “Çuğundursatan oğlan” və başqalarıdır.Behrəngi əsərlərində xalqımızın azadlıq, birlik arzularını əks etdirmiş, insanları zülmə, istibdada qarşı mübarizə aparmağa çağırmışdır. O, daha çox “Balaca qara balıq” kitabı ilə tanınıb ki, bu əsər İran inqilabının manifesti hesab edilir. “Balaca qara balıq”İranda şah rejiminə qarşı müxalif olan və rejimin qurbanına çevrilən ən məşhur əsərlərdən biridir.Siyasi alleqoriya janrında olan “Balaca Qara Balıq” hekayəsində müəllif öz azadlıq arzularını balaca balığın dili ilə ifadə edib. Balaca Qara Balığın dünyaya göz açdığı mühit Səməd Behrənginin yaşadığı cəmiyyətin oxşarıdır. Burada cəhalət hökm sürür. Ətrafdakı balıqlar heç nə ilə maraqlanmır, yeknəsək həyat yaşayırlar. Onların düşüncəsinə görə həyat yalnız yeməkdən, yatmaqdan, arxda mənasız vaxt keçirməkdən ibarətdir. “Yox, ana, mən belə gəzintilərdən yorulmuşam. Buradan uzaqlaşmaq və başqa yerlərdə nələr olduğunu bilmək istəyirəm. Birdən zənn edərsən ki, bunları mənə kimsə öyrədib, yox, ana, çoxdan bu fikrə düşmüşəm. Əlbəttə, ondanbundan çox şeylər öyrənmişəm. Məsələn, bunu başa düşmüşəm ki, balıqların çoxu həyatlarını boşu-boşuna keçirdiklərindən gileylənirlər. Daim ah-nalə edir, hər şeydən şikayətlənirlər. Bilmək istəyirəm görüm, həyat elə bir qarış yerdə o yana-bu yana gedib qayıtmaqdanmı, qocalıb heç nə görməməkdənmi ibarətdir, yoxsa başqa dünya da mövcuddur!?”Ancaq gəncliyin təmsilçisi olan Balaca Qara Balıq belə həyat tərzi ilə barışmır. O, arxdan (köləlikdən) çıxmaq, böyük dünyaya(azadlığa) qovuşmaq istəyir. Ətrafdakı mühafizəkar balıqlar isə onun bu istəyini əsla anlamır və bir ağızdan deyirlər: – Başqa dünya yoxdur! Dünya elə gördüyün bu dünyadan ibarətdir. Balaca Qara Balıq nə anasının yalvarışlarına, nə də qonşularının tənələrinə məhəl qoymayaraq, ətalət və köləlik mühitini tərk etməyə özündə cəsarət tapır. Artıq o, kölələlərlə bir yerdə yaşamaq istəmir və azadlıq yolunu seçir. Hətta, onun arxasınca ağlayan anasına kiçik Qara balıq deyir ki, əslində onun halına deyil, köləliyi qəbul etmişlərin halına ağlamaq lazımdır: “Anacan, mənim üçün ağlama. Geridə qalmış qoca balıqların halına ağıla”. Onun bu hərəkəti digər balaca balıqları da cəsarətləndirir. Onlar Balaca Qara Balığın arxasınca deyirlər: “Sən bizi qəflət yuxusundan oyatdın”.Genişliyə, yeni dünyaya doğru gedən yolda Balaca Qara Balıq çox çətinliklərlə üzləşir. Hər dəfə ölümlə üz-üzə qalır. Balaca Qara balıq düşünür: “Ölüm hər an məni yaxalaya bilər. Ancaq mən bacardığım qədər yaşamalı, ölümdən qaçmalıyam. Ancaq ölümlə qarşılaşa da bilərəm. Önəmli deyil, önəmli olan budur ki, mənim həyatım və ya ölümüm başqalarının həyatına necə təsir göstərəcəkdir”.Doğrudan da, yolda onun qarşısını müxtəlif qüvvələr kəsir ki, onlardan Şaqqa balıq, Balıqudan buna nümunədir. Şaqqa balıq kiçik balıqların arasına ədavət salır, onların qüvvələrini parçalayır və sonra da asanlıqla “qurt” eləyib udur. Balıqudan da balaca balıqların qənimidir. Lakin bu və ya digər xeyir qüvvələr Balaca Qara Balığa həmişə kömək olurlar. O, çətinliklərdən qurtularaq irəliyə doğru yolunu davam etdirir və nəhayət, gədib dənizə çıxır. Bu, onun arzuladığı geniş, azad dünyadır. O, əsəri nikbin sonluqla tamamlamaqla gəncliyin yenilməz qüvvə olduğunu nəzərə çarpdırmaq istəmişdir. Gənclər təcrübəsiz olsalar da, daim axtarışdadırlar, heç bir vəchlə köhnəliklə barışmırlar. Əsərdə Balaca Qara Balığın gəlib çatdığı genişlik gəncliyin arzuladığı yeni, azad həyatın rəmzidir.
Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyası ilə əlaqələr üzrə müavini, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə doktoru Faiq Ələkbərli