QƏZADA QAZANC AXTARANLAR... – Və təyyarə qəzasında “konspiroloji səbəb” tapanlar

27 25-12-2024, 16:43 cemiyyet

QƏZADA QAZANC AXTARANLAR... – Və təyyarə qəzasında “konspiroloji səbəb” tapanlarTəəssüf ki, Azərbaycanda hər hansı böyük əks-səda doğuran miqyaslı hadisə baş verən kimi, sosial şəbəkələrdə, hətta bəzi mətbu orqanlarda “hərşeyşünasların paradı”nı müşahidə edirik.

Bu və ya digər sahədən anlayışı, biliyi olan da, olmayan da bir anın içində “mütəxəssis”ə çevrilir, baş verənlərə qiymət və rəy verirlər. Bu da xüsusilə həssas dönəmlərdə insanların sözügedən hadisələr barədə təsəvvürlərini manipulyasiya etməyə, yanlış yönləndirməyə və qarşılığında hansısa qazanclar əldə etməyə xidmət edir. Bu prosesə kortəbii olaraq “mən də varam” prinsipi ilə qoşulanlar da az deyil...

Zaman-zaman AZAL-ın qiymətlərindən şikayətlər eşitsək də, insafən deyək ki, milli aviaşirkətimizin təhlükəsizlik və servis səviyyəsi barədə yalnız yüksək fikirlərin şahidi olmuşuq. Özü də təkcə yerli deyil, əcnəbi sərnişilərin də dilindən. AZAL pilotları hər zaman yüksək peşəkarlıqları ilə seçiliblər və bunu tez-tez xaricə səfər edənlər hər zaman qeyd ediblər. Lakin bu gün baş verən faciə qarşısı pilot tərəfindən alına biləcək faciə olmadı...

Videogörüntülərdən də aydın olur ki, pilotlar bir neçə dəfə enişə cəhd edir, alınmadıqda onu yenidən havalandırır, təyyarəni xilas etməyə çalışırlar. Təyyarənin enişdən əvvəl dəfələrlə dövriyyə vurduğu, yanacağı boşaltdığı və qəza enişi öncəsi ən optimal vəziyyətə gətirildiyi məlumdur. Görüntülərdə isə pilotların təyyarəni mümkün olan qədər üfüqi şəkildə endirməyə çalışdığı və buna müəyyən dərəcədə nail olduqları görünür. Məhz bu cəhdlərin nəticəsidir ki, pilotlar öz həyatlarını itirmək bahasına da olsa, 32 nəfərin sağ qalmasını təmin edən qəzalı enişi edə biliblər...

Təbii ki, qəzanın səbəbləri “divan ekspertləri” deyil, gerçək mütəxəssislər tərəfindən aydınlaşdırılacaq. Ölkə rəhbərliyinin də bu hadisəyə nə dərəcədə həssas yanaşdığı göz önündədir. Lakin təəssüf yaradan əsas məqam təyyarədəki sərnişinlərin yarısının həlak olması ilə yanaşı, mahiyyət və məzmunca yarımçıq adamların, fürsətcillərin hər belə hadisədən, faciədən dividend qazanmaq istəyidir. Dönəmin həssaslığından istifadə edənlər sırf texniki tərəfdən araşdırılmalı olan bu faciəni az qala siyasi və sosial hadisəyə çevirməyə çalışır, hətta hansısa konspiroloji “səbəblər” irəli sürürlər. Əlbəttə, belə bir faciənin yaşanmasını heç kim istəməzdi və könül istər ki, vətənimiz, vətəndaşlarımız istənilən faciələrdən, fəlakətlərdən, bu cür qəzalardan hifz olunsun. Zatən də şükürlər olsun ki, aviaqəzalar ölkəmiz üçün xarakterik hal deyil, çox nadir hallarda rast gəlinən hadisədir. Lakin bu hadisəyə müxtəlif çalarlar verənlər elə təsəvvür yaradırlar ki, sanki Azərbaycandan başqa dünyanın heç bir yerində təyyarələr uçmur, qəzalar baş vermir...

Araşdırma aparılacaq, artıq aparılır belə. Səbəblər müəyyənləşəcək, əgər günahı olanlar varsa, üzə çıxarılacaq və sair. Hesab sormaq və vətəndaşlarımızın gələcək təhlükəsizliyinin təminatını tələb etmək hər birimizin haqqıdır. Lakin bu cür hadisələrdən bir qrup fürsətcillərin əxlaqdan uzaq formada istifadə etməsi qəbuledilməzdir. Bunlar beyinlərdə ləkə, ürəklərdə xal yaratmaqdan başqa heç nəyə, heç bir yaxşı niyyətə xidmət etmirlər. Bu faydasız və cəmiyyət üçün ziyanlı işlə məşğul olanlar keçmişdə olduğu kimi, bu gün də, sabah da özlərindən heç bir yaxşı iz buraxmayacaqlar...

Bizə düşən insanlarımızın həlak olduğu qəzanın tam obyektiv araşdırılmasını istəmək və izləmək, yaralılara tezliklə sağalmağı arzulamaq, ölənlərə rəhmət, onların yaxınlarına isə səbr diləməkdir. Vətənimizin başı sağ olsun...

Rasim Əliyev

“AzPolitika.info”

XƏBƏR LENTİ