Müstəqil Ağayev AMEA Fəlsəfə və Sosiologiya İnstitutu Azərbaycan fəlsəfə tarixi şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə doktoru, dosent, Qabaqcıl Maarif Xadimi
Hər şeylə maraqlanan bu dahinin əsərlərində bir sıra fəlsəfi məslələrə də toxunulmuşdur. Düzdür, Zərdabi şəxsən fəlsəfə ilə məşğul olmamaış və fəlsəfəyə aid əsərlər də yazmamışdır. Amma əsərləri ilə tanış olduqda, əsrlərdən bəri xalqın şüurunda möhkəm kök atmış bir sıra köhnə təsəvverlərin və ənənələrin tənqiidi və inkarına rast gəlinir. Kainat və təbiətin yaranması, yerdə müxtəlif canlıların meydana gəlməsi, kainat və təbiətdə baş verən bir sıra hadisələr, ayın və günəşin tutulması, göy gurultusu, şimşəyin çaxması, okeanlarda qabarma və çəkilmə hadisəsi, fəsillərin dəyişməsi – bütün bunlar insanları həm vahiməyə salır, həm də ciddi düşündürür və təəccübləndirirdi. İnsanlar düşünürdülər ki, təbiətdə, kainatda baş verən bu qəribə likləri yaradan və onlara bəlli olmayan gizli bir qüvvə, bir varlıq mövcuddur ki, onu allah adlandırır və bütün baş verənləri onun adı ilə bağlayırdılar. Deməli, yeri, göyü, bütün canlı və cansızları həmin allah yaratmışdır. İnsan bu qüvvənin qarşısında acizdir, ona tabe olmalı, ondan yardım istəməli, ona sığınmalıdır. Duman və qara buludların hərəkəti, dolu və qarın yağması, habelə, ulduzların axması, zəlzələ və vulkanlar barəsində dini-mövhumatın yaratdığı qarışıq təsəvvürlərin elmi dəlillər əsasında şüurlardan silinməsi üçün Zərdabinin fədakar mübarizəsi də öz əksini tapmışdır. Həsən bəy Zərdabi təbiətdə, kainatda və cəmiyyətdə baş verən hadisələrə bir materialist kimi yanaşır və qiymətləndirir. Materializmə görə, yaşadığımız bu dünya öz təbiəti etibarilə maddidir. Bu maddi dünyanın inkişafında və həyatın əmələ gəlməsində təbiətdənkənar heç bir “ilahi qüvvənin” müdaxiləsi yoxdur. Təbiətşünaslıq elmi sübut edir ki,canlılar həmişə mövcud olmamışlar. Onlar yalnız müəyyən şəraitdə törəmişlər. Elə bir zaman olub ki, bizim planetdə heç bir canlı varlıq mövcud olmamaışdır. Çünki həyat və yaşayış üçün müəyyən istilik-temperatur, rütubət və başqa şərait lazımdır. Bir neçə milyon il bundan əvvəl yer üzündə meydana gələn şərait nəticəsində mürəkkəb zülal və bununla bağlı çox bəsit canlı varlıqlar əmələ gəlmıəyə başlamışdır. Materiya həm özü-özünün, həm də təbiət və cəmiyyətdə baş verən hadisələrin mənbəyini və səbəbini təşkil etmiş və indi də etməkdədir. Həsən bəy Zərdabi təbiəti əsas bir başlanğıc hesab edir. O, maddi varlıq olan kainatda möhkəm bir qanunauyğunluğun olmasını qəbul etmiş və təbiət hadisələrinin izahında materializm mövqeyində durmuşdur. Zərdabi canlı təbiətin yerin çox keçmiş tarixi bir dövründə cansız təbiətdən əmələ gəlməsini böyük bir inamla göstərmişdir. Həsən bəyə görə, “ yer heç bir ilahi qüvvənin əli olmadan tarixi-təbii təkamülün nəticəsində meydana gəlmişdir. Yer qaynar lavalar halında olduğu dövrdən ta qabığı soyuyana qədər milyon illər ərzində böyük dəyişikliyə uğrayıb müasir vəziyyətə düşmüşdür. “. (H. B. Zərdabi.”Torprq, su və hava”, Bakı.1912. səh.1) İnsanın allah tərəfindən yaradılması haqqında dini təsəvvürləri ifşa edən Həsən bəy göstərir ki, insan allah tərəfindən yaradılmamışdır, o, müəyyən tarixi-təkamül prosesi keçirərək üzvi materiyanın uzun bir inkişafının nəticəsində meydana gəlmişdir. Əmələ gəldiyi dövrlərdə Yerin həddindən artıq isti olması üzündən orada nəinki insanın, hətta, heç bir üzviyyətin yaşaması mümkün olmamışdır. Təkamül nəticəsində əvvəlcə müəyyən bəsit üzvi maddələr, sonra bitkilər və heyvanlar, lap axırda insan və onun beyni meydana gəlmişdir. “Neçə milyon illər Yer üzərində o qədər isti olmuş ki, orada heyvanat və nəbatatın zindəganı mümkün olmamışdır; Yer üzərində əvvəl nəbatat və heyvanat əmələ gəlmiş və axırda insan dünyaya gəlmiş, çünki axırıncı qatın üstə insan və onun sümüklərinin (gəmiklərinin),ya bir qeyri hissəsinin şəkli tapılır, ondan irəli əmələ gələn qatların içində insandan heç bir əsər yoxdur” (H.B.Zərdabi. “Yorpaq, su və hava”.Bakı.1912.səh.1) Zərdabi dinin uydurmalarına daha bir ağır zərbə vurmaq məqsədilə insanın təbii-təkamül yolu ilə heyvanlar aləminin müəyyən şaxələrindən ayrıldığını göstərir. Ümumiyyətlə, Zərdabi bitkilər, heyvanlar və insanın meydana gəlməsində ümumi bir mənşəyin olduğu fikrindıdir (“Həyat” qəzeti, 1905-ci il, 121-ci sayı) Zərdabi yoxluq məsələsinə toxunaraq qeyd edir ki, “təbiətdə heç bir şey yox olmur, materiya yox olmur, o, bir formadan başqa bir formaya çevrilir və başqa bir şəkil alır. Biz bunu yoxolma kimi qəbul edirik. Bir halda ki, materiya yox olmur, deməli, hərəkət də yox olmur, onun bir müvafiq formaları digər müvafiq formalarına keçir”. (“Kaspi” qəzeti.1901-ci il, 41-ci sayı) Məlumdur ki, səbəbiyyət problemi fəlsəfənin ən mühüm mübahisəli problemlərindən biridir. Fəlsəfə tarixində uzun müddət səbəbiyyət problemi ətrafında materializm və idelaizm arasında mübarizə getmişdir. Səbəbiyyət məsələsinin düzgün həll edilməsi, aləm və onun inkişaf qanunaiuğunluqlarının obyektiv şəkildə şərh edilməsinin, dünyaya materialist və dialektik baxışın açarını təşkil edir. İdelalistlər ya səbəbiyyəti tam inkar edirlər, ya da səbəbiyyəti obyektiv aləmdə deyil, ilahi qüvvədə, yaxud digər bir mənəvi aləmdə axtarırlar, daha doğrusu, allahın varlığında görürlər. Hər bir şeyin, hadisənin mümkün varlığın səbəbi allahdır-deyirlər. Materialistlərə görə, səbəbiyyət insanların şüur və iradəsindın asılı olmayaraq obyektiv surətdə mövcuddur. Həsən bəy Zərdabi bir materialist-təbiətşüns kimi, obyektiv səbəbiyyətin olduğunu qəbul etmişdir. O, səbəbiyyəət əlaqələrinin öyrənilməsində səbəbyyət qanunlarının böyük əhəmiyyət kəsb etdiyini də göstərmişdir. Səbəbiyyət qanunlarının əsas tezisi bundan ibarətdir ki, hər bir hadisə müəyyən səbəblə bağlıdır. Hər bir hadisənin əmələgəlmə, inkişaf etmə və məhv olmasının özünün obyektiv səbəbləri vardır. Zərdabi “Amerikada əqli inkişafı əl əməyi ilə birləşdirən yeni məktəb sistemi” adlı məqalədə göstərir ki, şagirdləri səbəbiyyət qanunları ilə tanış etmək, onların hərtərəfli inkişafına müsbət təsir edir. Çünki səbəbiyyət qanunları ilə tanışlıq təbiət qanunlarını dərindən öyrənməkdə çagirdlərə kömək edir, onlara ətraf aləm hadisələrindən baş çıxarmaq imkanı verir. Həsən bəyə görə, hadisələrin əmələ gəlməsinin əsil səbəbini aşkara çıxarmadan, onların inkişaf qanunlarını öyrənmək çətin olar. Bunsuz insanlar təbiətin kortəbii qüvvələrinin təsirindən azad ola bilməzlər. Həsən bəy inanırdı ki, yalnız hadisələrin həqiqi qanunauyğunluqlarını, həqiqi səbəblərini aşkara çıxarmaqla mövhumatın çürüklüyünü insanlara göstərmək və onların gözlərini açmaq olar. Zərdabi qarşılıqlı əlaqələr sistemində səbəb əlaqələrindən daha ətraflı bəhs etmişdir. Onun fikrincə, aləmdəki şeylər, proses və hadisələr arasında olan əlaqə özünü ən çox səbəbiyyətdə biruzə verir. Hər bir hadisə öz xüsusi səbəbi və ya səbəbləri nəticəsində baş verir. “ Yaranmanın bir səbəbi,inkişafın başq səbəbi, ölümün isə daha başqa bir səbəbi vardır “. Səbəbləri aşkar edilməmiş heç bir hadisəni və prosesi düzgün anlamaq və təhlil etmək mümkün deyildir. Zərdabi hadisə və prosesin əsil səbəbini bilməyin çox ciddi əməli əhəmiyyəti olduğunu göstərərk yazır:” Elm müəyyən etmişdir ki, Yer üzündə həyatın vüsəti müəyyən obyektiv şəraitdə və insan iradəsindən kənarda olan qanunauyğunluqdan asılıdır”. (”Kaspi” qəzeti, 1900-cü il, 137-ci sayı. Seçilmiş əsərləri, 1960, səh.35). Yəni bütün hadisələr və proseslər öz qanunauyğunluqları ilə yaranır, bu yaranışda heç bir allahın əli yoxdur. Həsən bəy Zərdabi yaradıcılığının diapazonu çox geniş və əhatəlidir. “Əkinşi” qəzetində təkcə kənd təsərrüfatına aid məsələlərdən danışılmırdı,eyni zamanda, elmin bu və ya digər sahələri haqqında da çox maraqlı elmi yeniliklər, zamanı üçün vacib və tətbiqi zəruri olan təklif və tövsiyələr də öz əksini tapırdı. Günəşin və ayın tutulması barədə dinin yaratdığı təsəvvürlərə görə, cinlər-pərilər allahın yerini öyrənmək məqsədilə bir-birinin üstünə minir və göyün yeddinci qat;na qalxmaq istəyirlər.Bu isə allahın xoşuna gəlmir və mələklərə əmr olunur ki, onları ulduzlar vasitəsilə yandırsınlar. Beləliklə, ulduzlardan biri cinlərin üstünə düşür və onlar yanb kül olurlar. Zəlzələ barəsində dini uydurmalara görə, yer göy öküzün üstündə, öküz isə balığın üstündə qərar tutmuşdur. Balıq hərəkət etdikdə, öküz də onunla birlikdə hərəkət edir və bu zaman zəlzələ baş verir. Zərdabi isə bu köhnə təsəvvürləri elmi dəlillərlə təkzib edir və göstərir ki, bütün bunlar və buna bənzər təsəvvürlər dini uydirmadan başqa bir şey dryildir. İstər kainatda, istərsə də təbiətdə baş verən hadisələrdə heç bir fövqəladə qüvvələr, kənar varlıqlar iştirak etmirlər. Filosoflar fəlsəfənin əsas məsələsi olan təfəkkürün varlığa və ruhun təbiətə olan münasibəti məsələsini özlərinə məxsus şəkildə izah etməyə çalışmışlar Zərdabi də bu məsələni materialistcəsinə həll etmişdir. Materialist baxış o deməkdir ki, təbiəti necə varsa olduğu kimi, ona kənardan heç bir qüvvənin təsiri olmadan mövcudluğunu izah etməkdir. Həsən bəy Zərdabiyə görə materiya – təbiət birincidir, şüur isə ikincidir, sonra yarnmışdır. Şüur hər cür materiyanın deyil, ən yüsək formada inkişaf etmiş, təşəkkül tapmış materuyanın, beynin məhsuludur. Zərdabi bu münasibətlə yazırdı: “ İnsanın hər bir hərəkəti və fikir dərəcatı beyin ilədir və beyin başda və beldə olur və oradan bədənin hər bir tərəfinə damarları gedir” ( “Əkinçi” qəzeti, 1875-ci il, 6-cı sayı). Həsən bəy Zərdabi göstərir ki, insanı allah yaratmamışdır, o, təbii-elmi qanunauyğunlqlar nəticəsində yaranmışdır. Təkamül nəticəsində əvvəlcə bəsit üzvi maddələr, sonra bitkilər və heyvanlar və ən axırda insan dünyaya gəlmiş: “Neçə milyon illər Yer üzərində o qədər isti olmuş ki, orada heyvanat və nəbatatın zindəganı mümkün olmamışdır. Yer üzərində əvvəl nəbatat və heyvanat əmələ gəlmiş..və axırda insan dünyaya gəlmiş, çünki axırıncı qatın üstə insan və onun sümüklərinin (kəmiklərinin), ya bir qeyri hissəsinin şəkli tapılır, ondan irəli əmələ gələn qatların içində insandan heç bir əsər yoxdur”( H.B.Zərdabi, “Torpaq, su və hava”, Bakı, 1912-ci il, səh.! ) Ümumiyyətlə, Həsən bəy Zərdabi uzun sürən elmi axtarəşlardan sonra belə qərara gəlir ki, insan da bir növ heyvandır. “ Elmi heyvanatdan” adlı məqaləsində o, belə yazır: ” İnsanın bədəninin üzvlərindən danışan vəqtdə arabir deyirik ki, filan heyvanın filan üzvünə bax. Həqiqət, insan da qeyr heyvanların birisidir…İnsan yemək-içməkdə, nəfəs almaqda, doğub-törəməkdə və qeyridə heyvandır və heyvanlar cümləsinə daxildir”, (“Həyat” qəzeti, 1905-ci il, 121-ci sayı). Həsən bəy Zərdabinin dini görüşlərinin və dini təsəvvülərinin formalaşmasında M.F.Axundov fəlsəfəsinin böyük rolu olmuşdur. Onun “ Aləmin məhv olması haqqında şayiələrə dair”, “Ayın fazalarının Yer üzərində üzvi həyata təsiri”,” Marsda insan yaşyırmı?”, “ Yeni ulduzlar” və sair əsərləri kainatın inkişafı haqqında olan yanlış və uydurma təsəvvürlərin tənqidinə həsr edilmişdir. Zərdabi günəş sisteminin planetlərindən danışarkən, birinci növbədə Yerin əmələ gəlməsi haqqında idealist fikirləri ciddi tənqid edir və prosesdə heç bir ilahi qüvvənin əlinin olmadığını açıq-aşkar söyləyir: “ Elmə və hükəmanın əqidəsinə görə, Küreyi-ərz əmələ gələndə artıq istidən ərimiş şeylərdən mürəkkəb imiş. Çünki belə su kimi havada olanda kürə olub və kürə fəzada, yəni dünyaları əhatə edən boşluqda dövr edən zaman bu boşluğun mürur ilə soyuyub üzü qabıq bağlamış”. ( H.B.Zərdabi, “ Torpaq, su və hava”, Bakı, 1912, səh.1) Bəzi yanlış dini təsəvvürlərə görə, guya Yer öz mahiyyəti etbarilə göydən fərqlənir. Zərdabi isə bu fikri yanlış hesab edərək göstərir ki, Yer ilə Göy arasında müəyyən istisnalarla mahiyyət eynidir. Ayın və Günəşin tutulmasını da Zərdabi elmi biliklər əsasında izah edərək bildirir ki, Yer Ayla Günəş arasında olarkən gün tutulması, Günəş Yerlə Ay arasında olarkən Ay tutulması baş verir. Bu hadisələr də təbii qanunauyğunluqlar əsasında baş verir, Burada da heç bir fövqəltəbii qüvvələrin iştirakından söz gedə bilməz. Həsən bəy Zərdabinin məqalələrində idrak məsələsinə də toxunulmuşdur. O, fəlsəfənin əsas məsələsini materialistcəsinə həll etdiyi kimi, idrak məsələsinə də materialist mövqeyindən yanaşır. Zərdabi qeyd edir ki, təbiətdə olan bütün cisimlər, hadisələr insan şüuru tərəfindən dərk olunur. O, belə bir fikir yürüdür ki, insan öz şüuru ilə bütün dünyanı dərk edə bildiyinə görə dünyanın padşahıdır. Bu məsələ ilə əlaqədar olaraq yazır:” Hərgah diqqət ilə mülahizə edəsən, aşkar olur ki, insan nəinki heyvanata, tamam dünyaya malikdir, əql ilə hər bir şeyin səbəbini axtarıb tövr ilə elmlər bina edib, su ilə maşınlar, külək ilə dəgirman, su buğu ilə atəş ərəbəsi (gəmisi) və qeyrə işlədib hətta göydə olan günün istisi ilə maşınlar bina edir.Pəs əql və elm ilə insan tamam dünyanı təsərrüf edə bilər”. (“Əkinçi”qəzeti, 1875, 4-cü sayı) Həsən bəy Zərdabinin idrak haqqındakı düşüncələrini özündə əks etdirən məqalələrindən belə bir nəticə çıxır ki, Zərdabiyə görə idrakın mənbəyi və obyekti xarici aləmdir. Obyektiv aləmin predmet və hadisələri bizim hiss üzvlərimizə təsir edir və bizdə duyğular yaranır. O, obyektiv aləmi idrakın əsası hesab etmiş, idrakın özünü də həmin obyektiv aləmin insan beynində əks olunması kimi anlamışdır. Bu prosesi belə izah edir: “ Məlumdur ki, gördüyümüz predmetin surəti göz pərdəsində əks olunur və oradan beyinə verilir, biz predmetə baxmaqdan əl çəkdikdə onun göz pərdəsi üzərindəki surəti dərhal deyil, müəyyən qısa vaxtdan sonra bitir”. (“Kaspi” qəzeti, 1899-cu il, 256-cı sayı) Həsən bəy Zərdabi göstərir ki, obyektiv aləmin beynimizdə əks olunması duyğulardan başlayır. Duyğular isə obyektib aləmin beynimizdə əksi, surəti olduğuna görə duyğular olmadan idrak mümkün deyil. O, eyni zamanda, hərəkət haqqında da öz mülahizəsini bildirir və göstərir ki, hərəkət obyektiv mahiyyət daşıyır və insandan asılı olmayaraq mövcuddur. Bu barədə “Əkinçi” qəzetində öz fikrini belə izah edir:” Dünya bir şeydir ki, həmişə dövran edir və insan bu tövr dünyanın gərdişinə görə gərək habelə öz rəftarını da dəyişdirsin. Necə ki, məsəldir deyərlər: “Zəmanə sənə saz olmasa, sən zəmanəyə saz olgunan”. Pəs olmaz ki, dünyadə həmişə bir qaidə ilə rəftar olsun. Bizim zəmanə dəyişilməyi, əlbəttə, hər anlayan kəsə məlumdur və bu tövr zəmanənin dəgişilməgi bizim ilə deyil, həmçinin biz qadir degilik ki, zəmanəni dəgişilməkdən saxlayaq”. ( “Əkinçi” qəzeti, 1875-ci il, birinci sayı.) Zərdabi deyir ki, materiya yox olmur, o, bir formadan başqa bir müvafiq formaya çevrilir.Deməli, materiya yox olmursa, onda hərəkət də yox olmur, o, bir şəkildən başqa bir çəklə çevrilir. Həsən bəy Yer ilə səma cisimləri olan Ay və Günəş arasında qarşılıqlı əlaqə və bağlılığın olmasını, bunların bir-birinə təsir etdiklərini və bu təsir nəticəsində yer üzərində olan şeylərin hərəkətə gəlməsini, okeanlarda suyun qalxmasını, zəlzələnin baş verməsini, vulkanların püskürməsini elmi dəlillər əsasında çox gözəl izah edir. Zərdabi Günəş və Ay tutulmasını belə izah edir: “ Biz Gün, Küreyi-ərz və Ay bir-birinin başına dolandığından danışdıq., çünki bu səbəb Ay və Gün tutulmasının səbəbidir, ona binaən Ay və Gün tutulmasından bir neçə danışmağı münasib bildim. Ay axşamladığı zaman Küreyi-ərz Ay ilə Gün arasında , üçü də bir cərgədə olurlar. Oxuculardan təvəqqə edirəm ki, bir təbəqə kağız üstə onların özünün və kölgələrinin şəklini çəkib baxsınlar. Ona binaən bu zaman Ay Küreyi-ərzin kölgəsindən keçsin və onun kölgəsinə daxil olanda onun üstə Günün şəfəqi düşməyir, yəni Ay tutulur… Günün tutulması Ayın Küreyi-ərzlə Günün arsında üçünün də bir cərgədə olmasıdır ki, Ay yeni olan zaman olur. Belədə Gün Ayın kölgəsinin içinə daxil olanda Gün tutulur.(Həsən Məlikzadə Zərdabi.”Torpaq, su və hava”. Bakı, 1912-ci il, səh. 47)