Misir Prezidenti ilk dəfə Bakıda: İrəvana da gedəcək - səbəb

168 28-01-2023, 10:51 dunya

Misir Prezidenti ilk dəfə Bakıda: İrəvana da gedəcək - səbəbTürkiyə ilə ərəb ölkəsi arasında “buzlar”ın əriyəcəyinə ümidlər artdığı vaxtda əs-Sisinin Cənubi Qafqaz turu başladı - şərh
Yanvarın 27-də Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycana səfərə gəlib. “Yeni Müsavat”ın xəbərinə görə, bu barədə ölkənin Bakıdakı səfirliyi məlumat yayıb. Bu, çevriliş nəticəsində hakimiyyətə sükanı arxasına keçmiş ordu generalı Sisinin ölkəmizə ilk səfəridir. Ancaq niyə məhz indi?

Sisinin Bakı səfəri yəqin ki, Ankaranın razılığı olmadan reallaşa bilməzdi. Demək, az sonra o, Türkiyəyə də gedə bilər. Bəs ərəb dünyasının aparıcı dövlətlərindən olan Misir Azərbaycan üçün önəmi nədir? Onun prezidentinin məscidlərimizdə vaxtilə donuz saxlamış Ermənistana da getməsi hansı zərurətdən doğub - balans siyasətindənmi?

Xatırladaq ki, 2013-də “Müsəlman qardaşları” təşkilatının namizədi, Türkiyəyə rəğbətini gizlətməyən prezident Məhəmməd Mursi devriləndən sonra (həbsxanada dünyasını dəyişib) Türkiyə-Misir münasibətləri hələ də tam qaydasına düşməyib. Lakin ötən ilin noyabrında Qətərdə DÇ-2022 oyunlarının açılışı zamanı Ərdoğan və Sisi ilk dəfə ayaqüstü görüşüblər. Bundan sonra tərəflər arasında “buzlar”ın tezliklə əriyəcəyinə ümidlər artıb.

Onu da deyək ki, Misir hələlik Azərbaycan-Ermənistan münasibətlərində neytral mövqe tutub. Amma biz təbii ki, müsəlman ölkəsi olaraq Misirin Azərbaycanın yanında olmasını gözləyirik.
Misir Prezidenti ilk dəfə Bakıda: İrəvana da gedəcək - səbəb
Əhəd Məmmədli

Siyasi təhlilçi Əhəd Məmmədlinin sözlərinə görə, Misir ən yaxşı halda Azərbaycan-Ermənistan münasibətlərində neytral mövqedə qalacaq: “Nəzərə alsaq ki, Məhəmməd Mursinin devrilməsindən və Əbdülfəttah əs-Sisinin hakimiyyətə gəlməsindən sonra Türkiyə ilə Misir arasında münasibətlər kifayət qədər gərginləşdi. Amma düşünürəm ki, Azərbaycanla münasibəti Türkiyə ilə münasibətinə paralel deyil. Və Misir çalışacaq ki, Azərbaycanla münasibətlərini qoruyub saxlasın, hətta inkişaf etdirsin. Misir nə qədər neytral mövqedə dursa da, çox gözəl anlayır ki, regionda və dünyada Azərbaycanın çəkisi Ermənistandan daha böyükdür və Azərbaycanla münasibətlər daha önəmlidir”.
Misir Prezidenti ilk dəfə Bakıda: İrəvana da gedəcək - səbəb
Tural İsmayılov

Siyasi şərhçi Tural İsmayılovun sözlərinə görə, Misir Prezidentinin Azərbaycan və Ermənistana səfəri region üçün maraqlı proses hesab oluna bilər: “Nəzərə alsaq ki, Misirlə Türkiyə arasında uzun müddətdir gərgin olan əlaqələr artıq düzəlmək üzrədir. Bütövlükdə Aralıq dənizində Misirin bəzi fəaliyyətləri ədalətsiz idi və bu, Türkiyənin qane etmirdi. Amma son dövrlərdə Türkiyə-Misir və Türkiyə-İsrail əlaqələrinin inkişaf etdirilməsi fonunda Misirlə Azərbaycanın əlaqələri daha da dərinləşir”.

Onun fikrincə, Misir Prezidentinin Ermənistana ilk səfəri Misirin regiondakı proseslərə marağını ifadə edir: “Eyni zamanda son dövrlər Azərbaycan və Ermənistan arasında münasibətlər dünya siyasi gündəminin əsas müzakirə məsələlərindən biridir. Bu baxımdan, Misir proseslə yaxından maraqlanmaq istəyir. Azərbaycan və Misir arasındakı əlaqələrin daha da inkişafı, turizm və iqtisadiyyat sahəsində çoxtərəfli əlaqələrin stimullaşdırılması Misir prezidentinin regiona və Azərbaycana səfərinin başlıca müzakirə predmetlərindən biri olacaq”.
Misir Prezidenti ilk dəfə Bakıda: İrəvana da gedəcək - səbəb
Qeyd edək ki, Misir Ərəb Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci ildə tanıyıb. 1992-ci ildə isə diplomatik münasibətlərin yaradılması haqqında rotokol imzalanıb. 1993-cü ilin aprelindən Misirin Bakıda və 1994-cü ilin yanvarından Azərbaycanın Qahirədə səfirlikləri fəaliyyətə başlayıb. Bu, həm də Azərbaycanın Afrika qitəsindəki ilk səfirliyi hesab olunur. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Misir Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən dövlətlərdən olub. İslam Konfransı Təşkilatı və digər beynəlxalq qurumlarda da Azərbaycan Misir nümayəndələrinin dəstəyini qazanıb.

XƏBƏR LENTİ