Şirvanda Müdafiə Sənayesi Nazirliyinin zavodunda partlayış olub

67 23-01-2024, 16:53 hadise

Şirvanda Müdafiə Sənayesi Nazirliyinin zavodunda partlayış olub
Şirvanda zavodda baş vermiş partlayış zamanı üç nəfər xəsarət alıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Şirvan Şəhər Prokurorluğundan məlumat verilib.

Qeyd olunur ki, yanvarın 23-də saat 15 radələrində Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “Şirvan Araz zavodu” MMC-də partlayış baş verməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla hadisə nəticəsində üç nəfərin - 1992-ci il təvəllüdlü Elçin Cahangir oğlu Babayev, 2001-ci il təvəllüdlü İsmayıl İntiqam oğlu Muradov və 1999-cu il təvəllüdlü Məhəmməd İlham oğlu İmanovun müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

“Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər yerinə yetirilir.

Hadisənin zavodun sexlərindən birində minaatan silahın 120 mm-lik mərmisinin çəkiclə vurularaq sıxılması nəticəsində baş verməsi ehtimal edilir.

Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır. Nəticəsi barədə əlavə məlumat veriləcək”, - deyə məlumatda qeyd olunur.

Şirvan Şəhər Mərkəzi Xəstəxanasından Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, zavoddakı partlayış nəticəsində xəstəxananın Təcili Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinə üç nəfər (kişi cinsli) hospitalizasiya olunub:

“1992-ci il təvəllüdlü şəxs sol əlin əzilmiş-cırılmış yarası, 2001-ci il təvəllüdlü şəxs alın nahiyəsinin çapılmış yarası, 1999-cu il təvəllüdlü şəxs isə barotravma diaqnozu ilə tibb müəssisəsinə daxil olub”.

Bildirilir ki, hər üç şəxsə zəruri tibbi xidmət göstərilir.

XƏBƏR LENTİ