"FANB möcüzəvi şəkildə təyyarənin göyərtəsində olan üç nəfəri xilas edə bilib"
Venesuelanın Bolivar Milli Silahlı Qüvvələri (FANB) Amazonas əyalətinin cəngəlliklərində qəzaya uğrayan hərbi təyyarədən sağ çıxan 3 nəfəri xilas edib. Bu barədə AYNA.AZ xarici mediaya istinadən bildirir.
"FANB möcüzəvi şəkildə təyyarənin göyərtəsində olan üç nəfəri xilas edə bilib", - məlumatda qeyd olunub.
AMB4292 qeydiyyat nömrəli təyyarə Puerto Ayakuço şəhərindən havaya qalxdıqdan az sonra radarlardan itib. Ştat qubernatoru Migel Rodriges bildirib ki, Bolivar Respublikası Hərbi Hava Qüvvələrinin 9-cu Nəqliyyat Aviasiya Qrupuna məxsus təyyarənin göyərtəsində ən azı 10 nəfər, o cümlədən tibb işçiləri, ekipaj üzvləri və yerli yanomami xalqının nümayəndələri (onlar tibbi müayinədən keçdikdən sonra evə qayıdırmışlar) olub.
İlkin məlumata görə, qəzaya səbəb texniki nasazlıqdır.
Qəza yerində xilasetmə əməliyyatı davam edir. Telekanallar vertolyotla xərəkdə götürülən qurbanlardan birinin təxliyəsini əks etdirən kadrları nümayiş etdirib. Digər sərnişinlərin taleyi hələ də dəqiqləşdirilir.