
Azərbaycanın 2028-ci ildə Zirvə görüşünə ev sahibliyi etmək hüququ qazanması ölkənin beynəlxalq nüfuzunun artmasının mühüm göstəricisidir. Bu qərarın xüsusi əhəmiyyətli tərəfi ondan ibarətdir ki, Ermənistan da bu təşəbbüsü dəstəkləmişdir. Uzun illər qarşıdurma şəraitində olmuş iki ölkə arasında belə bir siyasi razılaşmanın əldə olunması regionda yeni reallıqların formalaşdığını göstərir. Prezident İlham Əliyevin vurğuladığı kimi, tərəflər artıq sülh şəraitində yaşamağı öyrənirlər. Sülh prosesinin praktik nəticələri artıq müşahidə olunmaqdadır. Azərbaycanın birtərəfli qaydada Ermənistan üçün tranzit məhdudiyyətlərini aradan qaldırması regionda iqtisadi əlaqələrin bərpasına təkan vermişdir. Qısa müddət ərzində Ermənistan ərazisinə Azərbaycan üzərindən 28 min ton yükün daşınması bu siyasətin real nəticəsidir. Bundan əlavə, Azərbaycan ilk dəfə olaraq Ermənistana enerji məhsulları ixrac etməyə başlamışdır. Bu addım yalnız iqtisadi deyil, həm də siyasi etimadın qurulması baxımından mühüm əhəmiyyət daşıyır.
Regionda kommunikasiyaların açılması məsələsi də xüsusi yer tutur. “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” layihəsi yalnız Azərbaycanin ayrılmaz hissəsi olan Naxçıvan arasında əlaqəni təmin etməyəcək, eyni zamanda Orta Dəhlizin tərkib hissəsi kimi qlobal nəqliyyat şəbəkəsinə inteqrasiya olunacaq. Bu layihə Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin genişlənməsinə töhfə verəcək. Bununla yanaşı, Prezident İlham Əliyev çıxışında bəzi Avropa institutlarının fəaliyyətini tənqid etmişdir. Xüsusilə Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası tərəfindən nümayiş etdirilən ikili standartlar Azərbaycanın haqlı narazılığına səbəb olmuşdur. Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi beynəlxalq hüquqa uyğun olsa da, bu qurumların qərəzli yanaşması obyektivlikdən uzaqdır. Bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan sülh gündəliyinə sadiqliyini qoruyur. Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, ölkə regional sabitliyin təmin olunması və əməkdaşlığın genişləndirilməsi istiqamətində ardıcıl siyasət yürüdür.
Milli Məclisin deputatı
Şahin Seyidzadə
Xəbərin müəllifi:
Mirzə Mirzəli