Hakimiyyət uğrunda mübarizənin başını buraxın. VƏTƏN TƏHLÜKƏDƏDİR.

1 036 14-02-2018, 22:56 siyaset / gundem

Hakimiyyət uğrunda mübarizənin başını buraxın. VƏTƏN TƏHLÜKƏDƏDİR.
Hakimiyyət uğrunda mübarizənin başını buraxın.
VƏTƏN TƏHLÜKƏDƏDİR.

Siyasət, siyasi sistem, demokratiya haqqında


Siyasət dövlət hakimiyyətinin əldə edilməsi, qorunub saxlanılması və istifadə olunması ilə bağlı fəaliyyət sahəsi kimi ifadə edilir. "Siyasət" termini Azərbaycan dilinə ərəb dilindən keçib, hərfi mənası "at təlimi" deməkdir. Qərb ölkələrində isə siyasət "Politics", "Politik" terminini ilə ifadə edilir ki, mənşəcə yunan sözü olan "Polis" sözündən götürülüb ki, bunun da mənası şəhər deməkdir.
Siyasi partiya öz namizədlərini siyasi vəzifələrə təyin etmək yolu ilə dövlət siyasətinə təsir etməyə çalışan siyasi təşkilatdır. Partiyalar etiraz aksiyalarında və seçki kampaniyalarında iştirak edir, müxtəlif maraqlar əsasında, xüsusi məqsədləri ifadə edən ideologiyaları təbliğ edirlər.
Çoxpartiyalı sistem ikidən daha artıq partiyanın dövlət idarələrinə seçildiyi və təmsilçilik hüququ qazandığı sistemdir.
Ümumilikdə, üç və daha artıq partiyanın mövcud olduğu hallarda, onlardan hər hansı birinin hakimiyyəti qazanması mümkün deyil və onlar hökümət koalisiyası təşkil etmək üçün bir-birləri ilə birgə çalışırlar.
Demokratiya ( yun. demos - xalq və yun. kratos - hakimiyyət) xalqın hakimiyyət mənbəyi kimi tanınmasına, dövlət işlərinin həllində iştirak etmək hüququ olmasına və vətəndaşlara geniş hüquq və azadlıqlar verilməsinə əsaslanır. Demokratiya həm də vətəndaşların hüquq bərabərliyi, şəxsiyyət mülkiyyət toxunulmazlığını təmin edir.
Siyasi varislik öhdəliyi

Müasir Azərbaycan da Azərbaycan Demokratik Cumhuriyyətinin varisi olaraq demokratik yolla inkişaf öhdəliyinə sahibdir. Təəssüf ki, yalnız 1992-1993-cü illər ərzində bu xəyalların reallaşmasının şahidi olduq. Hərbi qiyam, siyasi satqınlıq, bolşeviklərlə “saxta milliyətçilərin” xəyanəti, ordu quruculuğunda Moskvanın əlaltılarının milli hakimiyyətə qarşı sobataşı, cəzasızlığı zəiflik kimi qavrayan kommunist tör -töküntülərinin şərəfsizliyi milli Elçibəy hakimiyyətinin süqutuna apardı. 1920-ci ildə M.Ə.Rəsulzadə iqtidarını devirənlərin müasir varislərinin iş birliyi Rəsulzadənin varisi olan Elçibəyin ən pis variantlar içərisində ən idealını seçməsinə və hakimiyyətdən çəkilməsinə gətirib çıxardı. Bununla həm də siyasət adlı terminin və onun subyektləri olan siyasi partiyaların deqrodasiyası, tənəzzülü prosesinə start verildi. Sirr deyil ki, nə Moskva, nə də Tehran M.Ə.Rəsulzadə yolunu və o yolda olanları qəbul etməmişlər və bundan sonra da qəbul etməyəcəklər. Birmənalı olaraq M.Ə.Rəsulzadə və onun ideya siyasi varisi Elçibəy milli, demokratik dövlət quruculuğunun memarları idilər. Azərbaycanın bu yolla inkişafı mütləq anlamda onun qüdrətlənməsinə, bütövləşməsinə, ölkəmizdə türk ruhunun hakimi olmasına, ədalətin bərqərar olunmasına, təbii və qazanılan resursların millətin və dövlətin qüdrətlənməsinə gətirib çıxaracaqdı. Bu isə teokrat İranın, və imperialist Rusiyanın maraqlarına uyğun deyil.

Heydər Əliyev dönəmi


Heydər Əliyevin Azərbaycan siyasi olimpinə yüksəlməsinin, onun yenidən Azərbaycana-Naxçıvana sürgününün təsadüfü olmadığını düşünürəm. Heydər Əliyev post Elçibəy dönəmində Moskvanın hazırladığı və bütün vasitələrlə dəstəklədiyi fiqur idi. Moskva, sonralar Tehranın da ifadə etdiyi kimi bu prosesdən çox məmnun idilər. Çünki 1918-ci ildən sonra Azərbaycan xalqının özünün qurduğu hakimiyyət devrilmiş, türk düşmənçiliyində əlbir olan Moskva-Tehran birliyi qalib gəlmişdilər. Legitim Prezidentin səlahiyyətli antikonstitusiyon yolla əlindən alınmış, separatçılıq bütün vasitələrlə motivasiya edilmiş, hərbi qiyamla hakimiyyət çevrilişi baş vermişdir.
Təcürbəli Heydər Əliyev gərək ki, çox qısa zamanda Qarabağ savaşında uğur əldə edə, təcrübəsiz cəbhəçilərdən fərqli olaraq ciddi iqtisadi və siyasi islahatlar həyata keçirəydi rüşvətxorluq, korrupsiya, monopoliya aradan qalxmış olaydı. Mümkün deyildi. Missiya tamam fərqli idi.

Siyasi tənəzzül yolu


İlk olaraq musavatçılıq ideoloji sistemini və bu sistemi daşıyıcılarının qurduğu siyasi təşkilatları, milli mətbuat vasitələrini, əqidəli aydınları sıradan çıxartmaq, demokratiyanın zərərli bir şey olduğunu aşılamaq, milli iqtisadiyyatın inkişafını əngəlləmək, orta təbəqənin formalaşmasını durdurmaq, neft pullarını yeni nəslin formalaşmasına yönəltməmək, təhsili və səhiyyəni tənəzzülə uğratmaq, bütün vasitələri hakimiyyətin mövcudluğuna qurban etmək xəttinə önəm verdilər. Bu gün sadaladığım sahələrdə aydın nəzərə çarpan tənəzzül göz qabağındadır. İlham Əliyevin gənc olduğuna görə müəyyən qədər islahatlar aparacağına inanmaq istəmiş, zaman-zaman müxtəlif təşəbbüslərlə çıxış edərək müəyyən düşərgə qarşısında zərbələr götürməkdən belə çəkinməmişəm. Təəssüf ki, heç nə dəyişməyib. Sağlam təşəbbüslər bütün vasitələrlə uzlaşma yollarını bağlamış, konfrantasiya mühitinin daha da dərinləşməsini stimullaşdırmışlar.

Təhlükə
Bu gün siyasi sistemimiz oliqarxik cəmiyyət modelinin bütün eybəcərlikləri ilə zəngindir. Qorxuludur, təhdidedicidir, içərimizdə basdırılmış minalardır. Bir gün bu minaların partladılmasından heç kim, Prezidentən tutmuş sadə vətəndaşa qədər heç kim sığortalanmamışdır. Çünki bütün sahələrdə-idarəetmədə, islahatlarda, ideologiyada, milli məsələlərdə açar və qıfıl şüurlu şəkildə başqalarına, Azərbaycanın inkişafını istəməyən mərkəzlərin əlinə verilmişdir. Milli maraqlarımız və ən əsası doğma vətənimiz hakimiyyət hərisliyinə qurban verilmişdir.

Seçki oyunbazlığı
İndiki prezident seçkisi öncəsi çıxarılan hoqqa da, ələ almalar, mətbuatın qələmini sındırmalar, süni, saxta partiya quruculuğu, namizəd oyunu, rüşvət və irticaçı korrupsiya, məhkəmə namussuzluğu, səhiyyə və təhsilin sovet vaxtından da bərbad hala salınması bu xəyanətlərin məntiqi nəticələridir. Proseslərin gedişi növbəti xəyanətə, nastalji ilə zəhərlənmiş toplumu onun qanını tökən, batıran, namusuna təcavüz edən yeni –XII qızıl ordunun tırtıllarının altına atmağa hazırlıq getməsi haqqında qəti fikir yürütməyə əsas verir. Bu basa-bas, həyacan, demonstativ sayğısızlıq bunu düşünməyə əsas verir. Hərfi tərcümədə olduğu kimi Azərbaycanda siyasəti at təliminə çeviriblər. Siyasəti, çoxpartiyalı sistemi, seçki sistemini, xalq hakimiyyəti idealını məhv ediblər. Seçkidə nə iştirak, nə də baykot hər zaman olduğu kimi birləşdirməyəcək, məyusluq sindromu cəmiyyətin aparıcı təbəqəsində də hakim olacaq.

 Nə etməli?
Vətən təhlükədədir. Duyduğum budur. Milli demokratik düşüncə daşıyıcılarna, ideoloji aydın xətti olan azərbaycançı qüvvələrə səslənirəm – buraxın hakimiyyət uğrunda mübarizənin başını, əldən getməkdə olan vətəni qorumaq üçün ortaq bir səngərdə qərar tutun.
Zəlimxan Məmmədli

xeberdar.net
14 fevral 2018

XƏBƏR LENTİ