TİLLERSON TÜRKİYƏDƏN NƏ İSTƏYƏCƏK? –Suriyanın yenidən qurulmasına 350 milyard dollar tələb olunur - TƏHLİL

689 15-02-2018, 16:50 siyaset / gundem

TİLLERSON TÜRKİYƏDƏN NƏ İSTƏYƏCƏK? –Suriyanın yenidən qurulmasına 350 milyard dollar tələb olunur - TƏHLİL
Sərdar TURQUT

“Habertürk”ün Vaşinqton təmsilçisi

ABŞ Xarici işlər naziri Reks Tillerson İordaniya, Misir, Livan və Küveyti əhatə edən regional strateji görüşləri çərçivəsində Türkiyəyə də gəlir. Ankaradakı görüşlərdə Tillersonun regional iqtisadi inkişaf paketini açıqlaması gözlənilir, təbii ki, Menbiç və Fəratın şərqi ilə bağlı fikir mübadiləsi də ediləcək.

Tillerson bu məsələlərdə ABŞ-ın mövqeyini çantasında gətirdiyi böyük strateji plan çərçivəsində ələ alaraq, konkret bir şeylər söyləməyə çalışacaq. Xülasə, ABŞ indidən Suriyanın yenidən qurulması ilə bağlı addımlar atma qərarı alıb.

Tillerson, Suriyanın yenidən qurulması prosesində Türkiyənin də aktiv rol almasını və “Fərat qalxanı” əməliyyatı ilə bölgədə qurduğu həyatı başqa yerlərdə də qurmasını istəyir. Rəhbərlik isə hadisələrin gedişində belə bir inkişaf olarsa, bunun yeni bir paradiqmanın, Türkiyənin Fəratın şərqinə yönəlik yeni bir yanaşmasının ortaya çıxmasına yol açacağını düşünür.

Bu arada onu da xatırlatmalıyıq ki, Rusiyanın məşhur Orta Şərq mütəxəssisi Vitali Naumkinin Putinin Orta Şərq üzrə xüsusi təmsilçisi Boqdanov vasitəsilə Fəratın şərqi üçün ortaya atdığı “Şimali İraq modeli”nin təməlində də Türkiyənin iqtisadi gücünü bölgədə ortaya qoyması dayanır.

4681 saylı qanun

Amerikanın Suriyanın yenidən qurulması üçün nə düşündüyünü yaxşı anlaya bilməmiz üçün Konqresdən keçən 4681 saylı qanunu bilməmiz lazımdır. H.R. (House Resolution) 4681 saylı qanunun Vaşinqtondakı adı da çox maraqlıdı: “Əsədə Yardım Yox Qanunu (“No Assistance for Assad Act”) “.
TİLLERSON TÜRKİYƏDƏN NƏ İSTƏYƏCƏK? –Suriyanın yenidən qurulmasına 350 milyard dollar tələb olunur - TƏHLİL
ABŞ rəhbərliyi önümüzdəki dövrdə Suriyanın yenidən qurulmasına başlanması və buna lazım olacaq qaynaqların paylaşdırılması üzərində düşünməyə başlayıb. Qanunda deyilir ki, infrastruktur və yenidənqurma üçün lazım olacaq qaynaqlar Əsədin hakimiyyəti altında olan bölgələrə yox, digər bölgələrə veriləcək.

Bu durum, təbii ki, “Yoxsa, ABŞ rəhbərliyi böyük qaynaqları sadəcə kürdlərin hakimiyyəti altında olan bölgəyə axıdacaq?” şübhəsini də doğurur. Lakin məsələni mənə anladan mənbə əsl məqsədin dağıdılacaq pul qaynağını Əsədin ələ keçirməsini əngəlləmək olduğunu bildirib.

350 milyard dollar

Qanunda Suriyanın yenidən qurulması üçün 200-350 milyard dolların tələb olunduğu da bildirilir. Tələb olunan qaynağın böyük olması səbəbilə, Rusiyanın burada böyük rol ala bilməyəcəyi, əsl oyunqurucunun ABŞ olacağı söylənilir. Ancaq bu qədər böyük qaynağı ABŞ da öz büdcəsindən qarşılaya bilmir.

Bunun yerinə, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə BMT-nin əlində olan qaynaqları ABŞ-ın mobilizasiya etməsi və bunların Amerika şirkətlərilə əməkdaşlıq içində çalışması təklif edilir.

Tillersonun çıxdığı region turunda yanında 100 ABŞ şirkətinin təmsilçisinin də olduğu və bu səfərdə İraq model alınaraq, Suriyadakı yenidənqurma prosesinin “zehni gimnastikası”nın ediləcəyi də bildirilir.

Tillersonun səfərinin dayanacaqlarından biri olan Küveytdə İraqın yenidən qurulması mövzusunda toplantı da var.

ABŞ regionun yenidən qurulmasında Türkiyənin böyük rol oynaya biləcəyinə inanır. Vaşinqtonda türk şirkətlərinin həm təkbaşına, həm də ABŞ şirkətlərilə birgə Suriyanın yenidən qurulmasında güclü şəkildə yer alacağı düşünülür.

Bu arada, rəsmi Dəməşq yenidənqurma ilə bağlı layihələrin böyük bölümünü Rusiyaya vermək niyyətindədir, lakin Vaşinqton bu son çıxarılan qanunla da bunun qarşısını almağa çalışır.

Yenidənqurma prosesində İran və Səudiyyə Ərəbistanının da çox istəkli olduğu bildirilir.

Böyük oyunçu olaraq Çin də dövrəyə girib, hətta Suriyanın sənaye parklarına 2 mlrd. dollarlıq sərmayə qoyub.

Vaşinqtondakı mənbələr İranın da Hələb ətrafında 5 enerji müəssisəsinə sərmayə qoyduğunu söyləyir.

Tortdan pay alma yarışı

Anlayacağınız odur ki, Suriyanın yenidən qurulması işinin dövrün ən böyük sərmayə qoyma həmlələrindən biri olacağı düşünülür və bu həmlənin yaradacağı qaynaq tortundan pay alma yarışı, bir az öncə anlatdığım kimi, çoxdan başlayıb.

Tillersonun səfəri bu yarışda ABŞ-ı önə çıxarma və əlini gücləndirmə məqsədini də daşıyır. Digər oyunçuların əlində böyük qaynaqlar olsa da, Türkiyənin infrastruktur və inşaat sahəsindəki təcrübəsi və geopolitik mövqeyi səbəbilə, Suriyadakı hər növ investisiya tenderində təbii üstünlüklərinin ola biləcəyi də vurğulanır.

Tərcümə Strateq.az-ındır

XƏBƏR LENTİ